Onların ulduzları sönməyib...

 

    Ömrünü mədəniyyətə, incəsənətə həsr edən Rafiq Kaşanlı ilə 70 yaşın astanasında söhbət

  

   Elə sənətkarlar var ki, gördükləri işlərin müqabilində diqqəti az cəlb edirlər. Mədəniyyət, incəsənət sahəsində uzun illər fədakarcasına çalışsalar da, təvazökarlıqları üzündən çox vaxt nəzərdən kənarda qalırlar. Qocaman mədəniyyət işçisi, Azərbaycan Yaradıcılıq Fondunun sədr müavini, «Sönməyən Ulduzlar» İctimai Teatrının bədii rəhbəri Rafiq Kaşanlı da belə şəxsiyyətlərdəndir. Bu günlərdə Rafiq müəllimin 70 yaşı tamam olur. Bu münasibətlə onunla görüşüb söhbətləşdik.

  

   Sənətkarların ikinci səhnə həyatı

  

   Ömrünü mədəniyyətə, incəsənətə həsr edən həmsöhbətimiz Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) aktyorluq fakültəsində təhsil alıb. Dediyinə görə, həm tələbə yoldaşları, həm də müəllimlər sarıdan bəxti gətirib: «Şahmar Ələkbərov, Həsən Əbluc, Səfurə İbrahimova, Tariyel Qasımov, Ağaxan Salmanovla bir qrupda təhsil almışam və bununla fəxr edirəm. Müəllimlərim Rza Təhmasib, Mehdi Məmmədov, Müxlis Cənizadə, Adil İsgəndərov kimi böyük sənətkarlar olub. Tale elə gətirdi ki, institutu bitirdikdən sonra ictimai fəaliyyətlə məşğul oldum. Bir müddət respublika komsomolunun mərkəzi komitəsinin mədəniyyət bölməsində çalışdım. Sonra məni Mədəniyyət Nazirliyinə dəvət etdilər. O zamankı mədəniyyət naziri Zakir Bağırov 70-ci illərdə Azərbaycan mədəniyyətinə yeni nəfəs gətirən bir insan idi. Onun rəhbərliyi ilə respublikada bir çox mədəni tədbirlər həyata keçirilirdi. 17 il Mədəniyyət Nazirliyində işlədim. Mədəniyyət Fondu yarandıqdan sonra fəaliyyətimi burada davam etdirdim. Görkəmli alim və bacarıqlı təşkilatçı Kamal Abdullanın rəhbərlik etdiyi bu təşkilatda artıq 23 ildir çalışıram».

   Ötən əsrin 80-ci illərinin sonunda Azərbaycanda baş verən ictimai-siyasi proseslərin fonunda mədəniyyət sahəsinin adamlarına qarşı sanki bir biganəlik yaranmışdı. Ölkəmizin mədəni dəyərlərinin qorunmasında, yaşadılmasında əməyi keçmiş sənət adamları yaşlı olmaları bəhanəsi ilə səhnədən uzaqlaşdırılırdılar. Belə bir vəziyyətdə 1987-ci ildə Əməkdar elm xadimi Kamal Abdullanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyət Fondu (hazırda Azərbaycan Yaradıcılıq Fondu adlanır) təsis edilir. Çox keçmir ki, fondun nəzdində «Sönməyən Ulduzlar» Assosiasiyası eyni adlı ictimai teatr fəaliyyətə başlayır. Bu teatrın yaranması ilə təqaüddə olan tanınmış sənətkarlarımıza ikinci səhnə həyatlarını yaşamaq nəsib olur.

  

   «Sönməyən Ulduzlar»: unudulmaz tamaşalar

  

   «Sönməyən Ulduzlar» İctimai Teatrının yaranmasından danışan R.Kaşanlı bildirir ki, insan yaşlaşdıqca, onun qayğıya, diqqətə daha çox ehtiyacı olur. Elə «Sönməyən Ulduzlar» da bu ehtiyacdan yaranıb: «Ötən əsrin 90-cı illərin əvvəllərində ölkədə sosial vəziyyət çətin idi. Elə aktyorlarımız, incəsənət xadimlərimiz var idi ki, teatrlardan, sənətdən uzaq düşmüşdülər, maddi durumları ağır idi. Onların arasında Azərbaycan teatr kino sənətində öz sözünü demiş Muxtar Maniyev, Muxtar Avşarov, Sofya Bəsirzadə, Məhluqə Sadıxova, tanınmış müğənni Oqtay Ağayev kimi sənətkarlar vardı. Biz onları öz ətrafımıza yığıb «Sönməyən Ulduzlar» Assosiasiyasını yaratdıq. Assosiasiyasının rəhbəri isə məşhur yumor ustası Cahangir Aslanoğlu oldu. Həmin dövrdə xeyirxah insanların dəstəyi ilə assosiasiya tərəfindən 50 nəfərə təqaüd verilirdi.

   1998-ci ildə assosiasiyanın nəzdində eyniadlı teatrı yaratdıq. Fəaliyyətimizin əsas cəhəti ondan ibarət idi ki, yaşlı insanların o vaxta qədər görünməyən tərəflərini üzə çıxara bilirdik. Məsələn, Oqtay Ağayev Səməd Vurğunun «Vaqif» dramında təlxək rolunu elə ifa etmişdi ki, Xalq artisti Yaşar Nuri tamaşadan sonra dedi: “Oqtay müəllim məndən yaxşı oynadı”. Yaxud müğənni Məmməd Salmanov «Vaqif» tamaşasında İbrahimxəlil xan rolunu çox gözəl yaratmışdı. Tamaşalarımıza rejissorluğu isə Əməkdar mədəniyyət işçisi Məmmədkamal Kazımov edirdi. O bizdə iki tamaşa hazırladı: Səməd Vurğunun «Vaqif» Cəfər Cabbarlının «Solğun çiçəklər» əsərlərini. Məmmədkamal müəllim dünyasını dəyişdikdən sonra isə biz teatra Hafiz Fətullayevi dəvət etdik. Onun çox maraqlı bir tamaşası var - «Daşları yığmağın vaxtıdır». Qarabağ mövzusuna həsr olunub. H.Fətullayevin quruluş verdiyi daha bir maraqlı əsər isə Şıxəli Qurbanovun «Sənsiz»i oldu. Sonralar biz Üzeyir Hacıbəylinin «Ər və arvad» əsərini tamaşaya qoyduq. Bir maraqlı faktı da qeyd edim ki, bu əsər 1916-cı ildən oynanılmamışdı. Biz bu əsəri 2006-cı ildə bərpa etdik. Tamaşa çox böyük müvəffəqiyyətlə keçdi. Hazırda da bu tamaşa bizim repertuarımızdadır».

  

   «Mədəniyyət və Turizm Nazirliyi bizə çox kömək edir»

  

   Qeyd edək ki, Azərbaycan Yaradıcılıq Fondu kitab nəşrləri ilə də məşğuldur. Həmsöhbətimiz deyir ki, indiyə qədər fond üç kitab çap edib: «İlk nəşrimiz «Füzuliyə məhəbbətlə» adlı kitabdır. Bundan sonra Hüseyn Cavidin əsərlərini Azərbaycanda ilk dəfə 3 cilddə çap etdik. Üçüncü kitabımız isə Azərbaycan mədəniyyəti tarixində özünəməxsus yeri dəst-xətti olan korifey sənətkarlarımıza həsr edilən «Sönməyən Ulduzlar» kitabıdır. Hazırda fondun nəzdində Poeziya Klubu fəaliyyət göstərir. Klubun rəhbəri şair Əjdər Yunusdur. Onun «Atatürk» poeması da fond tərəfindən çap edilib. Bir məqamı da diqqətinizə çatdırım ki, Azərbaycan Yaradıcılıq Fondunun fəaliyyəti mədəni, ədəbi ictimaiyyətin də diqqət mərkəzindədir. Xalq şairi Nəriman Həsənzadə tez-tez qonağımız olur. Mədəniyyət və Turizm Nazirliyi bizə çox kömək edir. Tamaşalarımızı Milli Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının səhnələrində oynaya bilirik. Eyni zamanda nazirlik bizim aktyorlarımızın yubileylərini qeyd edir, onları mükafatlandırır».

   Bu yaxınlarda Yaradıcılıq Fondunun təşəbbüsü ilə daha bir maraqlı tədbir keçiriləcək. Muğam Mərkəzində «Özbəkistan və Azərbaycan» Cəmiyyətinin və Özbəkistanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə Əlişir Nəvainin 570 illiyi qeyd ediləcək.

   Amma bütün bunlara baxmayaraq, «Sönməyən Ulduzlar»ın bəzi qayğıları da var: “Teatrımız yaradılanda bizimlə çalışan qocaman aktyorların çoxu dünyasını dəyişib. Onları kimlə əvəz etmək olar? Düzdür, bizim teatrda gənc aktyorlar da fəaliyyət göstərir. Bu onlar üçün həm də böyük məktəbdir. Amma korifeylərin yerini doldura bilməzlər axı».

   Hazırda teatrda yaşlı aktyorlardan Xalq artisti Elmira Şabanova, Əməkdar aktrisa Cəmilə Məmmədzadə, Firuz Xudaverdiyev, prezident təqaüdçüsü Raziyə Şirinova başqaları çalışır. Muxtar Maniyevin son vaxtlar səhhətində problemlər olduğu üçün teatra gələ bilmir: «Biz teatrımıza işsiz aktyorları dəvət edirik. Məqsədimiz odur ki, sənətdən uzaqlaşan insanları ətrafımıza toplayaq sübut edək ki, onların ulduzları sönməyib. Əsas məsələ bu insanların istedadlarıdır».

  

   “Özümdən razıyam, ona görə ki, narazıyam”

  

   «Mən heç vaxt özümdən razı olmamışam. Rəhmətlik Bəxtiyar Vahabzadənin bir sözü var: «Özümdən razıyam, ona görə ki, narazıyam». Bu sözlər daim mənim qulağımda səslənir. Hər hansı bir işi görüb başa çatdırdıqda da həmişə fikirləşirəm ki, bunu daha yaxşı edə bilərdim», - deyə Rafiq müəllim həyatı barədə söhbət açır.

   2002-ci ildə mərhum prezident Heydər Əliyevin sərəncamı ilə Əməkdar mədəniyyət işçisi adına layiq görülən həmsöhbətimiz qeyd edir ki, yaşlı aktyorlara fəxri adların verilməsi hökumət tərəfindən atılan çox düzgün bir addımdır: «Çünki həmin insanları sənətinə verilən qiymət, bir bu adlar yaşadır. Təşkil etdiyimiz hər bir tədbir mənim ömrümü bir qədər də uzadır. Qocaman sənətkarlarımızın üzündəki məmnunluq hissini gördükdə isə adam yaşamaq istəyir».

   R.Kaşanlı xeyriyyəçilik fəaliyyəti ilə də məşğuldur. 15 ildir öz şəxsi əlaqələri hesabına Mir Möhsün Ağa pirinə 20 nəfər yaşlı, heç bir yerdən gəliri olmayan insanın adını yazdırıb. Bu adamlar hər ay pirdən ət, yağ, düyü s. ərzaq məhsulları və müəyyən miqdarda pul vəsaiti alır. Həmsöhbətimiz bundan böyük məmnunluq duyduğunu daxili rahatlıq tapdığını deyir. Özü isə evdə oturmağı qətiyyən sevmir. Deyir, adamı cavanlaşdırır. Ona görə assosiasiyadakı işindən əlavə, İncəsənət Gimnaziyasında da müəllim işləyir. Bir vaxtlarSönməyən Ulduzlarteatrında aktyor kimi oynadığı rolları da hərdən yada salır. 2002-ci ildə «Solğun çiçəklər» Bəhram, 1999-cu ildə «Vaqif»də isə Eldar rollarını ifa edib.

   R.Kaşanlı həm də gözəl bədii qiraət ustasıdır. Sevimli şairi Serqey Yeseninin şeirlərini ictimai tədbirlərdə söyləməyi çox sevir. Bizona bu yaşda gənclik şövqü yaradıcılıq ruhu, ən əsası isə möhkəm cansağlığı arzulayırıq.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2011.- 8 aprel.- S. 12