“Əlvida, Bakı! Daha çətin bir də görüşək...”

 

   Rus şairi Sergey Yeseninin Mərdəkandakı xatirə muzeyindən lirik ovqatla

  

   Mən sizin şimallı dostunuz,

   Qardaşınızam!

   Şairlər eynidir təbiətiylə

   Mən də düşüncədə, əməldə, sözdə

   Asiyalıyam.

  

   Misralarında sevgi pıçıldayan, Şərqə sonsuz məhəbbətini əks etdirən şairin xatirə muzeyindəyəm. Hələ uşaq yaşlarımdan şeirlərini çox sevdiyim şairin Bakı həyatının xatirələrini yaşadan muzey. Əsərlərini sevgi, Şərq cazibəsi, gözəllikdən yoğuran Sergey Yesenin 1924-1925-ci illərdə Mərdəkanda, vaxtilə milyonçu Murtuza Muxtarovun mülkü olmuş evdə yaşayıb. Burada özünün əsrarəngiz lirik şeirlərini yaradıb.

   1895-ci ildə Rusiyanın Ryazan quberniyasının Konstantinova kəndində dünyaya gələn S.Yesenin Mərdəkanda yaşadığı ev haqqında belə yazıb: “Bu kiçik otaqlar mənə öz kəndli daxmamı xatırladır. Mən burada darıxmıram”.

  

   Aldadılan şair

  

   Şairin Bakıya gəlişinin tarixçəsi də maraqlıdır. Ömər Xəyyam, Sədi Şirazi, Firdovsi və başqa söz ustadlarının əsərlərini oxuyub Şərq dünyasına aşiq olan Yeseninin İrana getmək və bu sənət dünyası ilə yaxından tanış olmaq istəyir. Yesenin dostu, Azərbaycanda MK-nın ikinci katibi işləyən P.İ.Çaqin şairi Bakıya dəvət edir. Bakıdan onu Mərdəkana aparırlar. Buradakı Şərq ab-havasını, çadralanmış qadınları görən şair İranda olduğuna əmin olur. Hazırda Mərdəkan dendrarisi kimi tanınan ərazi o zamanlarda da öz təmiz havası, əsrarəngiz gözəlliyi ilə göz oxşayırdı. Təbii ki, bu yerlərə qədəm qoyan şair qəlbi bu gözəlliklərdən sərxoş olmaya bilməzdi. Yesenin üçün məxsusi yaradılmış Şərq üslublu bağ şairi özünə valeh edir. Lakin sonralar İranda yox, Bakının kiçik bir kəndində olduğunu bilən şair aldadıldığı üçün bir qədər təəssüf hissi keçirsə də, öz xatirələrində Bakını doğma şəhəri kimi qeyd edir. “Şərq liriklərini duyğulandıran nədir?” sualına isə “Məni duyğulandıran bu torpaq oldu” deyə özü cavab verir.

  

   Bakı şeirləri - məhəbbət lirikası

  

   Şairin Bakıda yaşadığı bir neçə ay yaradıcılığının məhsuldar dövrü olur. Yesenin “İran nəğmələri” adlı silsilə şeirlərinin bir qismini burada qələmə alıb. Yesenin Bakıda olduğu dövrdə yerli mətbuatda onun 39 əsəri (37 şeir və 2 poema) dərc edilib. Təbii ki, şairlər gözəllik aşiqi olduğu üçün Azərbaycan qadınlarının gözəlliyi də Yeseninin diqqətindən yayınmayıb. Hər gün onun yaşadığı evə satılda (südqabı) süd gətirən qadın bir gün yenə həmin evə gəlir. İlk dəfə olaraq evdə yad kişini - Yesenini görən qadın tez çadralanıb satılı da orada unudub evdən çıxır. Həmin gündən bu qadının gözəlliyinə vurulan şair onu hər yerdə axtarır. Bir gün tərcüməçisinə “Mən o qadının adını bilmək istəyirəm” deyərkən tərcüməçi bunun onun üçün çox təhlükəli ola biləcəyini söyləyir. Lakin şair öz qəlbinə hakim ola bilməyib kəndin məhəllələrində toplaşan gənc oğlanlara yaxınlaşıb həmin qadının kim olduğunu öyrənməyə çalışır. Təbii ki, Bakı kəndlərində adət-ənənənin hökm sürdüyü bir dövrdə rus kişisinin azərbaycanlı qadınını soruşması ağlasığmaz idi. Gənclər ona “Sən bizim qonağımızsan və buna görə biz sənə heç nə demirik. Amma gələn dəfə bizə belə sualla müraciət etmə...” deyə cavab verirlər. Məsələnin nə yerdə olduğunu anlayan tərcüməçi onun fikrində düzəliş edərək onları səhv anladıqlarını, sadəcə həmin qadının haradan süd gətirdiyini bilmək istədiklərini deyir. Həmin südün Şağan kəndindən gətirildiyini bilən şair sonralar silsilə şeirlərində “Şaqane tı moya, Şaqane” adlı şeir yazır. Həmin qadının süd gətirdiyi satıl hazırda şairin xatirə muzeyində saxlanılır.

   Yeseninin Bakıda qələmə aldığı məşhur şeirlərdən biri də “Əlvida, Bakı” şeiridir. Qeyd edək ki, bu üç bəndlik şeir müxtəlif illərdə ayrı-ayrı Azərbaycan şairləri tərəfindən 9 dəfə dilimizə tərcümə edilib.

   

   “Şair eto tı, şair eto ya”

  

   Yesenin Bakıda olduğu müddətdə ədəbi məclislərdə də iştirak edir. Belə məclislərin birində o şair Əliağa Vahid ilə tanış olur. Bu tanışlığın da maraqlı tarixçəsi var. Öz xatirələrində ədəbi məclislərdə adətən hamının şeir söyləməsi və hər kəsin “Sağ ol şair, sağ ol Vahid” deyə təşəkkür etməsini qeyd edən Yesenin bununla bağlı bir gülməli hadisəni də yazır.

   Məclislərdən birində yenə şeirlər söylənilir və şeir bitən kimi hamı bir ağızdan “Sağ ol şair, sağ ol Vahid” deyir. Bu sözlərin mənasını anlamayan Sergey çayçıya yaxınlaşıb “Vahid nədir?” deyə sual edir. Çayçı da özünəməxsus tərzdə “Vahid də, Əliağa...” deyə cavab verir. Yenə heç bir şey anlamayan Yesenin “Bəs Əliağa nədir?” sualını verəndə çayçı yenə “Əliağa da şair...” deyə cavab verir. Çayçının dediklərindən bir şey anlaya bilməyən şair Əliağa Vahidə yaxınlaşıb “şair nədir?” sualını verir. Əliağa Vahid isə “Şair eto tı, şair eto ya” deyə ona şairin kim olduğunu izah etməyə çalışır.

   Yesenin xatirələrində həm də Bakıda olduğu müddətdə spirtli içkidən uzaq düşdüyünü, burada hamının ona çay qonaqlığı verdiyini qeyd edir. O bir dəfə Əliağa Vahidlə görüşlərdən birində ona edilən çay təklifi haqqında maraqlı bir xatirə yazıb. Belə ki artıq çay içməkdən təngə gələn şair Əliağa Vahidin çay təklifinə “yox” deyir. Lakin Əliağa israrla “bu sən fikirləşdiyin çaylardan deyil. Bax sonra peşman olarsan ha” deyir. Çarəsiz qalan şair nəhayət “yaxşı” deyib onun təklifini qəbul edir. Sonra süfrəyə gələn çayı içmək istəyərkən burnuna dəyən spirt qoxusu onu çaşdırır: “Bu ki, konyakdır” deyə təəccüblənən şair işin nə yerdə olduğunu anlayıb gülür. Yesenin ədəbi məclislərdə eşitdiyi qəzəlləri, muğamların dilini başa düşməməsinə baxmayaraq, bu əsərlərdən təsirləndiyini söyləyir.

  

   Şairin qadınları

  

   Gözəl simaya malik şairin həyatında gözəl qadınlar da heç az olmayıb. Yeseninin xatirə muzeyinin direktoru Nəzakət İbadova şairin həyatında olmuş qadınların bir neçəsi barədə danışdı. 1913-cü ildə Anna adlı xanımla tanış olan və vətəndaş nikahında münasibət quran şairin ondan Yuri adlı oğlu dünyaya gəlir. 1917-1921-ci illərdə Zinaida Rayx ilə ailə quran şair sonradan ondan da ayrılmalı olur. Bu nikahdan Tatyana və Konstantin adlı övladları dünyaya gəlir (Sonralar Zinaida rejissor V. Meyerholda ərə gedir və məşhur kino aktrisası olur). Bir müddət sonra Yesenin məşhur rəqqasə, özündən 15 yaş böyük Aysedora Dunkan ilə tanış olur. Bir müddət vətəndaş nikahında yaşayan cütlük 1922-ci ildə ailə qurub Avropa və Amerika səyahətinə çıxır. Sergey Yeseninin həyatında olan qadınlar arasında məşhur riyaziyyatçı alim Nadejda Volpin, böyük yazıçı Lev Tolstoyun nəvəsi Sofiya və başqaları da olub. Lakin o qadınlar arasında biri də var ki, öz saf məhəbbəti ilə tarixə düşüb. Şairin yaxın qız dostu Qalina Benislavskaya onu dəlicəsinə sevir. Yesenin isə ona sadəcə dost məhəbbəti bəsləyir. Şairin ölümündən bir il sonra Qalina onun qəbri üstündə intihar edir. Qalinanı şairin yanında dəfn ediblər.

   1925-ci il dekabrın 28-nə keçən gecə Yesenin Leninqraddakı “Anqleter” otelində özünü asaraq intihar edir. Deyilənə görə, şair həmin dövrdə depressiyada olduğu üçün özünə qəsd edir.

   Ondan bu həyatda qalan isə həzin xatirələr və gözəl əsərləri olur.

  

   Əlvida, Bakı!

   Ey Şərq üfüqləri, əlvida!

   İnan, qanım soyusa, taqətdən düşsəm də mən

   Apararam, gedəcək mənimlə ta qəbrəcən

   Balaxanı mayı da, Xəzər dalğaları da.

  

   Bakıda özünə sənət dünyası quran şairin xatirəsi bu gün Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin filialı olan Sergey Yeseninin xatirə müzeyində əbədiləşdirilib.

  

 

   Yeganə Cansail

 

   Mədəniyyət.- 2011.- 13 aprel.- S. 15.