35
yaşlı “İrs” zəngin folklorumuzu təbliğ edir
Sidqi Mustafayev: “İrs”ə ömrümün
yarısını vermişəm”
1976-cı
ildə Azərbaycan Dövlət Konservatoriyasının iki tələbəsi
çay evində oturub qədim musiqi alətlərinin,
unudulmuş musiqilərimizin bərpası barədə
söhbət edəndə bəlkə ağıllarına da
gəlməzdi ki, günün birində bu fikirlərindən
bir ansambl yaranacaq və o, uzun illər dünyanı gəzərək
Azərbaycanın musiqi irsini tanıdıb təbliğ edəcək.
“İrs” adını daşıyacaq folklor qrupunun üzvləri
eyni zamanda neçə-neçə qədim alətlərin bərpasına
nail olacaq, unudulmuş musiqilərimizi yenidən səsləndirəcəklər...
Müsahibimiz Azərbaycan Milli Elmlər
Akademiyası Folklor İnstitutunun nəzdində fəaliyyət
göstərən “İrs” folklor ansamblının
yaradıcılarından biri və rəhbəri Sidqi
Mustafayevdir.
- Sidqi müəllim, “İrs”in
yaranmasını necə xatırlayırsınız?
- “İrs” folklor qrupunun yaranması
mənim tələbəlik illərimə təsadüf edir. Mən
Azərbaycan Dövlət Konservatoriyasının xalq
çalğı alətləri şöbəsində, tələbə
yoldaşım Rəşid Nəsiboğlu ilə bəstəkarlıq
şöbəsində təhsil alırdıq. Tez-tez qədim
musiqi alətlərimiz, unudulmuş musiqilərimizin bərpası
barədə söhbətlər edərdik. Beləcə qədim
musiqi alətlərindən ibarət ansambl yaratmaq qərarına
gəldik. Bir dəfə orta əsrlərin böyük
musiqişünas alimi (1353-1436) Əbdülqadir Marağayi
haqqında kitabda onun tərəfindən tərtib edilən qədim
musiqi folkloru haqında məlumatlar əldə etdik, orada yaddan
çıxmış musiqi alətlərin şəkillərini
gördük. Bu barədə musiqi alətləri ustaları
ilə danışdıq və ilk olaraq çahartar alətinin
hazırlanmasına nail olduq. Tədris prosesində bu sahəyə
maraq göstərən yeniyetmə və gəncləri öz
ətrafımıza topladıq. Beləcə tədricən
qrup formalaşmağa başladı. Məşqlərimizi Rəşid
müəllimin evində aparırdıq. Həmin vaxt biz
Konservatoriyanın tələbəsi ola-ola, həm də
A.Zeynallı adına Musiqi Məktəbində dərs deyirdik.
1976-cı ilin oktyabr-noyabr aylarından davamlı olaraq qrup
halında bu işlə məşğul olmağa
başladıq.
- Necə oldu ki, bir neçə tələbənin
yaratdığı qrup sovet dövründə dövlət səviyyəsində
keçirilən tədbirlərə “ayaq açdı”?
- İlk illərdə qrupun tərkibi
əsasən tələbələrdən ibarət idi. Bizim məşqlərimizə
ədəbiyyatşünaslar, ziyalılar böyük maraq
göstərirdilər. Bir dəfə Bakı şəhər
Mədəniyyət şöbəsinin rəhbərliyi bizim fəaliyyətimizlə
maraqlandı. “Aktyorlar evi”ndə rəsmi şəxslərin,
ziyalıların iştirakı ilə konsertimiz təşkil
olundu. Tofiq Quliyev, Bəxtiyar Vahabzadə orada iştirak edirdilər.
Fəaliyyətimiz çox bəyənildi. Sonradan biz
davamlı olaraq tədbirlərə dəvət aldıq.
SSRİ-nin müxtəlif şəhərlərində,
İtaliyada, Türkiyədə, Çexoslovakiyada,
İsveçdə, İranda və digər ölkələrdə
müxtəlif proqramlarla çıxışlar etdik.
- Bu il “İrs” folklor qrupunun 35 yaşı tamam olur. Qrup
bu illərdə Azərbaycan mədəniyyətinə nə
verib?
- “İrs” folklor qrupunun
yarandığı gündən bir məqsədi olub -
yaddaşlarda yaşayan qədim el havalarını, xalq musiqisi
örnəklərini, musiqi alətlərini, meydan-tamaşa
oyun və məzhəkələrini axtarıb tapmaq, toplamaq, bərpa
etmək və gələcək nəsillərə
çatdırmaq. Düşünürəm ki, ötən
illərdə buna müəyyən dərəcədə nail
ola bilmişik. Fəaliyyəti dövründə qrup Azərbaycan
xalqının musiqi folklorunun dəyərli nümunələrindən
olan «Almanı alma, gəlin», «Əylən, gəlin», «Ruhani»,
«Azaflı dübeytisi», muğamlardan «Çahargah», «Nəva»
musiqili kompozisiyası, meydan tamaşalarından «Toyuq aparan»,
«Qaravəlli» və s. bərpa edib. Ötən illərdə
20-dək qədim musiqi alətimiz bərpa edilib. Ən əsası
qrup olaraq qədim milli musiqimizi, folklorumuzu dünyanın
müxtəlif ölkələrində təbliğ
etmişik. Buna görə “İrs” bir çox mükafat və
fəxri fərmanlarla təltif olunub. Bu il isə 70
yaşım və qrupun fəaliyyətinin 35 illiyi münasibətilə
“Avropa” nəşr evi tərəfindən xüsusi medalla təltif
edilmişik. Qrup yarananda 35 yaşım vardı. Xoşbəxtəm
ki, milli folklorumuzu təbliğ edən “İrs”ə
ömrümün yarısını həsr etmişəm.
1992-ci ildən etibarən «İrs»
qrupu AMEA-nın Folklor İnstitutunun nəzdində fəaliyyət
göstərir. Qədim mahnıların bərpası prosesi
zamanı biz notları arxivlərdən tapırıq. Alimlərlə,
folklorşünaslarla əməkdaşlıq edirik. Beləcə
unudulmuş musiqilər bərpa olunur. Hazırda qrupun 18
üzvü var. 35 ildə qrup üzvlərindən bir qismi sənətini
dəyişib. Ansamblda fəaliyyət göstərmək
üçün gərək bu alətlərin vurğunu
olasan. Musiqi məktəblərində bu sahəyə maraq
göstərən uşaqları aşkar edən kimi buraya cəlb
edirik
- Qrup aşıq musiqisinin
muğamla sintezinə də nail olub...
- Aşıq musiqisinin muğamla
bağlılığı var. “İrs” çox zaman
aşıq musiqisini muğamla sintez edərək təqdim
edir. Folklor nümunələrində çox gözəl qədim
mahnılarımız var. “İrs” ansamblı olaraq bu
mahnılar üzərində işləyir, yenidən xalqa təqdim
edirik. Biz eyni zamanda Azərbaycanın milli geyimlərini də
təbliğ edir, konsertlərdə bu geyimlərdə
(çuxa, papaq və s.) çıxış edirik. Qrupun fəaliyyəti
milli ruhu yaşatmaq və təbliğ etmək üzərində
qurulub. Arzum odur ki, dünyasını dəyişən Rəşid
Nəsiboğlu ilə birgə yaratdığımız
“İrs” folklor qrupu ansamblı daima yaşasın. Qədim
musiqilərimizin, alətlərimizin bərpası işi
davamlı şəkildə aparılsın.
Ceyhun
Zərbəliyev
Mədəniyyət.- 2011.- 13 aprel.-
S. 13.