Mədəni-maarifçilik
tariximizdə Azərbaycan
qadını
Azərbaycan qadını tarixən
müdriklik, müqəddəslik
simvolu olub, iti zəkası, dərin düşüncəsi
ilə dövlətçilik işində də, mədəni
inkişafımızda da müstəsna
xidmətlər göstərib. Orta əsrlərə nəzər yetirsək, XII əsrdə
Naxçıvanda Azərbaycan Atabəylər dövlətinin
başçısı Şəmsəddin Eldənizin
xanımı Möminə xatın yada
düşər.
Həmin dövrdə Gəncədə yaşayıb-yaradan Məhsəti Gəncəvinin şair və musiqiçi siması göz önünə gələr. XV əsrdə Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara xatın tarixə dərin zəkalı xanım, müdrik ana kimi düşüb. Onun müdrikliyi sayəsində Ağqoyunlu dövləti ilə Osmanlı arasında müharibənin qarşısı alınır. Quba xanı Fətəli xanın həyat yoldaşı Tutubikə sədaqət simvolu kimi xatırlanır. Fətəli xan Dərbənddə olmadığı vaxtda o, qalanın müdafiəsinə qalxaraq düşmənin hücumunu dəf edib.
XIX əsrin ortalarından başlayaraq, Azərbaycanda maarifçilik, milli oyanma baş qaldırır. 1850-ci illərdə Tiflisdə fəaliyyət göstərən “Müqəddəs Nina” cəmiyyətinin Azərbaycanda eyniadlı qadın təhsil idarəsi fəaliyyətə başlayır. Həmin cəmiyyətin üzvləri arasında 17 nəfər azərbaycanlı qadın olur: Fatma Əsədbəyova, Xədicə Haqverdiyeva, Gövhər Qurtqaşinskaya, Balaxanım Xandəmirova və başqaları maarifçi dünyagörüşlərinə görə fərqlənirlər.
1850-ci ildə maarifpərvər qadın Dilbər xanım atası Mirmahmudun köməyi ilə Şamaxıda, öz evində qız məktəbi açır. 1863-cü ilə qədər məktəbdə şəriət, ana dili, nəğmə və s. dərslər tədris olunur. 1865-ci ildə isə İrəvan quberniyasında “Müqəddəs Ripsime” cəmiyyəti qızlar üçün məktəb açır. Bu məktəbdə də fəaliyyət göstərən 65 qızdan 42-si azərbaycanlı olur. 1864-cü ildə Dərbənddə, 1872-ci ildə Zaqatalada, 1873-cü ildə isə Şuşada qız məktəbləri açılır. Bakıda isə 1874-cü ildə ilk qadın gimnaziyası fəaliyyətə başlayır.
1896-1901-ci illərdə Hacı Zeynalabdin Tağıyevin maliyyə vəsaiti hesabına ilk qadın Rus-Müsəlman Pedaqoji Məktəbi tikilir. Tədris ocağı 9 oktyabr 1901-ci il tarixdən Tağıyevin həyat yoldaşı Sona xanımın rəhbərliyi altında fəaliyyətə başlayır. Maarifçilik tariximizdə, dünyəvi təhsilin inkişafında və savadlı mütəxəssislərin yetişməsində bu məktəbin böyük rolu olur. Məktəbdə onlarca maarifçi qadın xüsusi fəallığı ilə fərqlənir: Rəhilə Hacıbababəyova, Məryəm Sulkeviç, Nabat Nərimanova, Şəhrəbanu Şabanova, Səkinə Axundzadə, Şəfiqə Əfəndizadə, Məryəm Qembitskaya və s. Məktəbin direktoru Hənifə Məlikova-Abayeva (böyük maarifçi Həsən bəy Zərdabinin həyat yoldaşı) həm də “Nicat“ cəmiyyətinin qadın bölmələrinin yaradıcılarından biri olur.
Rəhilə Hacıbababəyovanın təşəbbüsü ilə 1910-1914-cü illərdə qızlar üçün 2 sinifli ibtidai məktəb açılır. 1906-cı ildə Gəncədə ilk dəfə olaraq Müsəlman Qadın Komitəsi qadınlar arasında xeyriyyə marafonu keçirir. Görkəmli ədib Cəlil Məmmədquluzadənin xanımı Həmidə Cavanşir 1910-cu ildə “Molla Nəsrəddin“ jurnalında qadın problemləri ilə bağlı çıxışlar edir. Elə həmin ili Sofiya Şahtaxtinskayanın təşəbbüsü ilə Tiflisdə Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti yaradılır. Cəmiyyətə Gövhərxanım Qacar sədr seçilir. 1911-ci ildə Xədicə Əlibəyovanın rəhbərliyi altında “İşıq” adlı ilk qadın jurnalı çap edilir. 1912-ci ildə H.Z.Tağıyevin açdığı rus-müsəlman qız məktəbinin ilk məzunlarından olan Nazlı Tahirova Naxçıvanda qızlar məktəbində müəllim, sonra pedaqoji məktəbin müdiri olur.
Liza Muxtarova 1914-cü ildə Hənifə Zərdabinin (1908-ci ildə) təşkil etdiyi ilk qadın xeyriyyə cəmiyyəti əsasında Bakı “Qadın Xeyriyyə Cəmiyyəti” ni yaradır. Cəmiyyətin fəaliyyətində İsmət Aşurbəyova, Pəri Topçubaşova, Sürəyya Axundova kimi ziyalı qadınlar iştirak edir. İsmət Aşurbəyova fars, alman, fransız dillərini sərbəst bilən, poeziyanı çox sevən, yüksək mədəniyyətə malik bir xanım idi. Şövkət Məmmədova o dövrdə İtaliyada ilk vokal musiqi təhsili alan yeganə qadın olub. O, Kiyevdə təhsil alarkən xeyriyyə konsertləri təşkil edir. Topladığı vəsaitlə azərbaycanlı tələbələrə köməklik göstərir...
Bütün bunlar və kiçik yazıda haqqında söz aça bilmədiyimiz bir çox ziyalı xanımlarımız ötən əsrin əvvəlində Azərbaycanda mədəni-maarifçilik hərəkatına böyük töhfələr veriblər və hər zaman ehtiramla anılmağa layiqdirlər.
Savalan Fərəcov
Mədəniyyət.-2011.-
13 aprel.- S. 13.