Rəqs
müəllimi
Sadə,
şərəfli bir rəqs müəllimi ömrünü
yaşayır Arif Hüseynov. Onun üçün doğma
peşəsi hər şeydən üstündür. Rəqs
müəllimliyini həyatının mənası hesab edərək
bu sənətlə fəxr edir, qürur duyur.
Onun tərcümeyi-halı
çox sadədir. 1941-ci
il martın 17-də Bakıda anadan olub. Bakı
Xoreoqrafiya Məktəbinin baletmeyster fakültəsini bitirib.
1959-1966-cı illərdə Dövlət Mahnı və Rəqs
Ansamblında rəqqas, 1968-2006-cı illərdə İ.Əbilov
adına Mədəniyyət Evində baletmeyster işləyib.
1968-ci ildə Mədəniyyət Evinin nəzdində
«Könül» xalq milli rəqs ansamblını yaradıb.
1972-ci ildə ansambl «xalq kollektivi» adına layiq
görülüb. Ansambl 40 nəfər həvəskardan ibarət
idi. Bunlar əsasən məktəbli, şagird, fəhlələr
idi. Ansamblın bəzi üzvləri sonradan tanınmış
sənətçilər kimi populyarlıq qazanıblar. Ansambl
müxtəlif tədbirlərin fəal
iştirakçısı olub, respublikanın əksər
bölgələrində, hərbi hissələrində
maraqlı və rəngarəng proqramlarla
çıxış edib. Azərbaycan mədəniyyətinin
inkişafındakı xidmətlərinə görə ansambl
fəxri fərmanlarla təltif olunub, mətbuat səhifələrində
onun fəaliyyətini əks etdirən yazılar dərc
edilib.
Arif müəllimin
yaratdığı rəqs qrupu Azərbaycanın milli rəqsində,
böyük səhnədə populyarlıqla yanaşı,
xarici ölkələrdə də şöhrət tapıb.
“Könül” ansamblı 1972-2003-cü illərdə bir
sıra xarici ölkələrdə keçirilmiş beynəlxalq
folklor (Belarus, Moldova, Polşa, İspaniya, İraq-Babil), dostluq
(Finlandiya, İtaliya, İslandiya, Nikaraqua, Türkiyə,
Meksika, İsveç, Almaniya, Belçika, Yaponiya)
festivallarında, XII Dünya gənclər festivalında
(Rusiya), Beynəlxalq rəqs festivallarında (Fransa, Avstriya,
Misir), “Azərbaycan mədəniyyəti günləri”ndə
(Bolqarıstan, Rumıniya, Hollandiya) və s. tədbirlərdə
ölkəmizi layiqincə təmsil edib.
Tamaşaçılar ansamblın çıxışlarını
hər yerdə böyük maraq və sevinclə
qarşılayıblar.
Qocaman mədəniyyət
işçisinin əməyi həmişə yüksək
qiymətləndirilib. O, dəfələrlə SSRİ Mədəniyyət
Nazirliyinin, Azərbaycan SSR Mədəniyyət Nazirliyinin,
Bakı Şəhər İcra Hakimiyyətinin, Mədəniyyət
İşçiləri Müstəqil Həmkarlar
İttifaqı Respublika Komitəsinin diplom, fəxri fərman və
pul mükafatları ilə təltif olunub.
1983-cü ildə Arif Hüseynova həsr
olunmuş «Buta» adlı sənədli televiziya filmi çəkilib.
Arif müəllim «Əmək
şücaətinə görə» medalı ilə təltif
olunub, Əməkdar mədəniyyət işçisi fəxri
adına layiq görülüb. Ömrünün 50 ilini
sevdiyi peşəsinə həsr edən, respublika əhəmiyyətli
tədbirlərin yaxın iştirakçısı
A.Hüseynovu mədəniyyətin canlı ensiklopediyası
adlandırırlar. Sənətkar həmçinin «Babək»,
«Qorxma, mən səninləyəm», «Firuzə», «Bəyin
oğurlanması» bədii filmlərində istifadə olunan rəqslərə
quruluş verib.
Arif Hüseynov rəssamlarla da
sıx əlaqədə işləyib: B.Əfqanlı,
T.Tahirov Arif müəllimin ən yaxın sənət
dostları idi. Hər rəqs üçün ayrıca milli
geyim eskizləri çəkdirərdi, sonra
parçasını seçər, hər rəqs
üçün ayrıca geyim sifariş verərdi.
Öz sənətindən heç
vaxt yorulmaq bilməyən ustad indi də gənclərə rəqs
sənətinin incəliklərini öyrədir. Onun sənəti
xalqa yaxın, quruluş verdiyi rəqslər mənalı və
rəngarəngdir: «Gənclik süitası», «Çobanlar»,
«Bahar», «Bulaq başı», «Qaytağı», «Yallı» və s.
Onun qurduğu rəqs həqiqətən göz
oxşayır, bir-birindən maraqlı rəqs elementləri
insana zövq verir.
Tahirə
Əliyeva
Mədəniyyət.-
2011.- 13 aprel.- S. 10.