«Teatr sağlam ruhu təbliğ edən mədəniyyət müəssisəsidir»

 

   Son vaxtlar maraqlı layihələri ilə diqqətçəkən teatrlarımızdan biri də Bakı Uşaq Teatrıdır. Teatrın tamaşalarında tərbiyəvi istiqamətə mühüm yer ayrılır. Balacaların həyatı düzgün dərk etməsi, milli dəyərlər, yüksək insani keyfiyyətlərlə böyüməsi səhnə əsərlərinin başlıca məğzini təşkil edir.

  

   Teatrın rəhbəri İntiqam Soltan bildirir ki, teatr işi təkcə tamaşa göstərmək deyil, həm də təbliğat vasitəsidir. Elə bu layihələrin hesabına teatr ötən il 8 festivalın iştirakçısı olub. Teatr fəaliyyətində əlil uşaqlara xüsusi yer ayıraraq onlardan ibarət teatr studiyası yaradıb. Studiya artıq üç festivalda uğurla iştirak edib. Teatrın rəhbəri ilə söhbətimizə də bu mövzudan başladıq. İ.Soltan əlil uşaqlarla bağlı layihənin məqsədini açıqladı:

   - 2010-cu ildə yaratdığımız əlil uşaqların teatr studiyasında balaca aktyorlar teatrın peşəkar aktyorları ilə birgə işləyirlər. Yəni aktyorlar onlara dərs keçir. Məqsəd əlillərin cəmiyyətə inteqrasiyasını sürətləndirməkdir. Biz tamaşalarda onların əlilliyini göstərməməyə çalışırıq. Yalnız tamaşanın sonunda tamaşaçı hiss edir ki, aktyorun hansı fiziki qüsuru, əlilliyi var. Maliyyə çətinliyi ucbatından fəaliyyətimiz tam qənaətbəxş olmasa da, bu layihədə işləri davam etdiririk.

   - Bu sahədə ilk addımı atmısınız. Yaradıcılıq qabiliyyəti olan əlilləri digər teatrlara da cəlb etmək mümkündürmü?

   - Bununla bağlı bir neçə dəfə teatrlara müraciət etmişəm. Əlillərdən ibarət yaradıcılıq festivalında bu qəbildən olan 500 nəfərə yaxın insan gördüm. Onların yetərincə yaradıcılıq qabiliyyətinə malik olduqlarının hiss etdim Baxırsan ki, əlil bir insandır, ayaqları yoxdur, lakin rəqsi bacarır və əlil arabasında rəqs edir. Ən azından ruhunu, daxili rəqsini nümayiş etdirir. Onun bu əzmkarlığı, həvəsi bəzən fiziki cəhətdən tam sağlam olan, amma pessimizmə qapılmış insanlara da bir örnəkdir. Bu gün yaradıcılıqla məşğul olan 200-dək gözdən əlil insan var. Onlarla təmasda olanda necə nikbin ruhda olduqlarını görürsən. Azərbaycanın uğurları haqqında, gələcəyi haqqında düşünürlər. Onlar heç vaxt demirlər ki, biz görmürük. Deyirlər, bizim baxış bucağımız belədir. Bu insanların hissiyyatları çox güclüdür. Belə yaradıcı insanlardan ibarət teatr yaratmaq çox maraqlı olardı. Bir sıra ölkələrdə belə teatrlar var. Çox istərdim ki, bizdə də olsun. Türkiyədə əlil qızlardan ibarət beynəlxalq gözəllik yarışması keçirilmişdi. Azərbaycandan iki xanım orada iştirak edirdi: birinin əli yox idi, digərinin ayağı protez idi. Mən o xanımlarda ruh yüksəkliyi gördüm. Onlardan biri «Qran- pri» qazandı, o biri isə ikinci yerə çıxdı. Demək istədiyim odur ki, teatr, yaradıcılıq müəssisəsi yalnız fiziki baxımdan sağlam adamların toplaşdığı yer deyil. Janr etibarilə bir-birindən fərqli teatrlar var. O zaman fiziki cəhətdən qüsurlu insanların teatrı niyə olmasın? Bu teatrın öz tamaşaçıları var. Bu gün cəmiyyət bunu qəbul etməyə hazır olmasa da, sabah mütləq qəbul edəcək.

   - Narkomaniyaya qarşı mübarizə xarakterli layihəniz uzun müddətdir davam edir. Layihənin nəticəsi hansı formada hiss olunur?

   - Bir az əvvəl televiziya kanallarının birində narkomaniya ilə mübarizədən söhbət gedirdi. Çıxışlarda bu sahədə bizdə təbliğat vasitələrinin zəifliyindən danışırdılar. Bununla bağlı demək istərdim ki, Bakı Uşaq Teatrının böyüklər üçün hazırladığı «Xaşxaşın göz yaşı» tamaşası Avropa Şurasının Strasburqda 80 ölkənin iştirakı ilə keçirdiyi baxış müsabiqəsində üç ən yaxşı tamaşadan biri sayılıb. Bakı Uşaq Teatrının vərəmlə bağlı çox maraqlı tamaşası var. O tamaşanı ingilislər həbsxanalarda nümayiş etdirmək üçün ingilis dilinə tərcümə ediblər. Amma bu tamaşadan Azərbaycanda çoxlarının xəbəri yoxdur. Həmin tamaşanı Ədliyyə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin sifarişi ilə hazırlayıb həbsxanalarda göstərdik. «Qalan ömrün ilk günü» adlı bu tamaşa böyüklər üçün hazırlanıb. Həmçinin Avropa Şurasının Azərbaycandakı informasiya ofisinin sifarişi ilə uşaq hüquqları ilə bağlı «Şapalaqsız gün» adlı tamaşa hazırlamışdıq. Tamaşa valideyn-uşaq münasibətləri, uşaq hüquqları haqqındadır.

   - Bakı Uşaq Teatrı uşaqlara hansı yeni tamaşalar vəd edir?

   - Bir neçə tamaşa hazırlamışıq. Uşaqların istəyi ilə Hollivudun uşaq filmlərinin qəhrəmanları ilə Azərbaycanın cizgi film qəhrəmanlarını bir araya gətirmişik. Çox maraqla qarşılanır. İki türk nağılından ibarət «Qəhrəman kömək» və «Üç ayı balası» tamaşası hazırlayırıq. İki hissəli tamaşadır. Bu ay tamaşa təhvil veriləcək. «Keçəlin kələyi» tamaşasını yenidən hazırlamışıq. Digər bir tamaşa mənim ssenarim əsasında səhnələşdirilən «Ağıllı tülkü» tamaşasıdır. Ağaxan Salmanlı böyüklər üçün «Məzəli hadisə» tamaşasını hazırlayır. Həmçinin Eldar İsmayılın «Dərdli dəvə» poeması əsasında plastika üslubunda tamaşa qurmaq istəyirəm. Elə fikirlər var ki, onu sözlə ifa etmək bəsitləşdirir, hərəkətlə ifadə etmək daha uğurlu variantdır.

   - Ərzurumda keçiriləcək festivala necə hazırlaşırsınız?

   - Ötən il Ərzurum festivalına «Vətən» tamaşası ilə getmişdik. Tamaşa böyük maraqla qarşılanmışdı. Bu dəfə festivalda «Turp» nağılı əsasında hazırladığımız «Gücümüz birlikdədir» tamaşasını təqdim edəcəyik. Tamaşa xalqın birliyi haqqındadır.

   - Uşaq Teatrının layihələrindən biri də səsli nağıllardır. Bu nağılların yazılması davam etdirilir?

   - Beş nağıl artıq hazırdır. Bu layihə də ilk növbədə gözdən əlillər üçün nəzərdə tutulub. Səsli nağıllardan ibarət birinci disk artıq işıq üzü görüb. Bu topluya «Məlikməmməd», «Cırtdan», «Göyçək Fatma», «Ağ atlı oğlan» və «Padşah və dəmirçi» nağılı daxil edilib. Digər 5 nağıl isə montajdadır. Ümumilikdə 30 nağıl işləyəcəyik. Əslində bu layihəni dərs vəsaiti, uşaq evləri, əlil mərkəzləri üçün nəzərdə tutmuşuq. Diskdəki nağılları teatrın aktyorları ifa edirlər.

  

 

   Gülər Nizamiqızı

 

   Mədəniyyət.- 2011.- 13 aprel.- S. 10.