Tanınmış aktyor və rejissor Ceyhun Mirzəyevin 65 illiyi qeyd edildi
Aprelin 11-də Dövlət Film
Fondunda tanınmış aktyor və kinorejissor Ceyhun Mirzəyevin
65 illiyinə həsr olunmuş xatirə gecəsi
keçirildi. Tədbirdə çıxış edən
Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət
xadimi Cəmil Quliyev Ceyhun Mirzəyevin həyat və
yaradıcılığından danışdı. Qeyd olundu
ki, akyorun ifa etdiyi filmlər toplanaraq Dövlət Film Fondunda
saxlanılır. Sonra mərhum sənətkarın
yaradıcılığından bəhs edən videoçarx
nümayiş olundu.
Tədbirdə
çıxış edən kino xadimləri Ceyhun Mirzəyevin
Azərbaycan kino tarixindəki xidmətlərindən söz
açdılar. Sənətkarın tələbə
yoldaşı olmuş Ənvər Əbluc bildirdi ki, Ceyhun
Mirzəyev qısa ömür yaşamasına baxmayaraq,
yaratdığı hər bir obrazla insanların ürəyinə
yol tapmağı bacarıb. Xalq artisti Fuad Poladov, əməkdar
artistlər Ramiz Əzizbəyli, Elxan Qasımov,
kinoşünas, Əməkdar incəsənət xadimi
Aydın Kazımzadə, sənətkarın həyat
yoldaşı Lidiya Mirzəyeva mərhumla bağlı xatirələrini
bölüşdülər.
Ceyhun Mirzəyev 1946-cı il aprelin
9-da Ağdam rayonunun Abdal Gülablı kəndində anadan
olub. Azərbaycan Dövlət İncəsənət
İnstitutunun rejissorluq fakültəsini bitirib, Moskvada təhsilini
davam etdirib. Aktyor kimi 20-dən artıq filmdə rol alıb.
İlk rolu 11 yaşında “Görüş” filmində olub. 12
yaşında isə “Ögey ana”da İsmayıl roluna çəkilib.
Bu rol ona şöhrət gətirib. Bundan sonra “Əsil dost”,
“Mateo Falkone”, “Qara qağayı” (“Lenfilm”), “Koroğlu”,
“Kompanyeros” (Odessa kinostudiyası), “Yenilməz batalyon”, “Qanun naminə”,
“Dəli Kür”, “Yol əhvalatı”, “Lətifə”, “Fəryad”
və digər filmlərdə müxtəlif səpkili rollar
ifa edib.
C.Mirzəyev kinostudiyada rejissor
köməkçisi və aktyor olaraq çalışıb,
rejissor kimi filmlər çəkib. “Mozalan” satirik
kinojurnalının bədii rəhbəri olub.
Görkəmli kino ustasının
son ekran əsəri “Fəryad” filmi olub. Bu filmin həm
rejissoru olub, həm də baş rolu ifa edib. Lakin 1994-cü ildə
dünyasını dəyişən C.Mirzəyevə filmin
premyerasını görmək qismət olmayıb.
Yeganə
Mədəniyyət.-
2011.-13 aprel.- S.7.