Bakı Forumu dünya əhəmiyyətli hadisəyə çevrildi
Əbülfəs
Qarayev: «Bu tədbiri keçirməklə Azərbaycan dövləti
dünyanı narahat edən məsələnin müzakirəsini
üzərinə götürdü»
Aprelin 8-də Bakıda keçirilən Dünya Mədəniyyətlərarası
Dialoq Forumunun bağlanış mərasimi oldu. Mərasimdə
Britaniya Şurasının mədəni əlaqələr
üzrə “Counterpoint” elmi-araşdırma mərkəzinin
direktoru Katrin Fieski Forumda müzakirə olunan məsələlərin
qısa icmalını verdi, Azərbaycan rəhbərliyinə
yüksək səviyyəli təşkilatçılığa
görə təşəkkür etdi.
Xanım K.Fieski bildirdi ki, zəngin
tarixə və mədəniyyətə malik olan Azərbaycanda
belə bir möhtəşəm tədbirin keçirilməsi
dünya miqyasında böyük hadisədir: «Azərbaycan
prezidentinin forumda səsləndirdiyi ideyalar, təşəbbüslər
uzun müddət bu tipli tədbirlərin müzakirə
mövzusu olacaq».
Onun sözlərinə görə,
mədəniyyətlərarası dialoq dünyanı zənginləşdirir
və imkanlar yaradır ki, daha modern, dinamik və faydalı
inkişaf modeli yaransın: «Bir çox hallarda biz dialoqun necə
aparılması ilə bağlı bir çox variantları
görürük. Ona görə də mədəniyyətlərarası
dialoqla bağlı ideyalar özü də bir təəssürat
mövzusu olmalıdır. Bakı Forumu mədəni fərqlərin
aradan qaldırılmasına yönələn təşəbbüslərin
işıqlandırılması ilə nəticələndi.
Çıxış edənlər etiraf etdilər ki, mədəniyyət
artıq bir çox digər problemlərin həllinə
müsbət təsir göstərən vasitə kimi qəbul
edilməlidir. Ümumilikdə Bakı Forumu insanların
anlaşması, bir-birini başa düşməsi istiqamətində
müxtəlif vasitələri və müxtəlif yolları
müəyyən etdi».
Mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev forumun
iştirakçılarına təşəkkür edərək
tədbirin uğurlu keçdiyini vurğuladı. Nazirin
sözlərinə görə, Forumun əhəmiyyəti təkcə
yeni ideyaların və təkliflərin irəli sürülməsində
deyil, həm də fərqli mədəniyyətləri təmsil
edən nümayəndələrin bir araya gələrək
olduqca məhsuldar müzakirələr, fikir mübadilələri
aparmasındadır: «Əminəm ki, burada irəli
sürülən dəyərli ideyalar müxtəlif xalqlar
arasında daha yaxşı anlaşmanın əldə edilməsində,
mədəniyyətlərarası əlaqələrin daha da
güclənməsində böyük rol oynayacaq. Forumun nəticəsi
olaraq belə bir qərara gəldik ki, biz fərqli məkanlarda
yaşasaq da, fərqli mədəniyyətləri təmsil etsək
də, arzumuz birdir: sülh, xoşbəxtlik, firavanlıq,
sağlamlıq”.
Ə.Qarayev onu da bildirdi ki, Forumla
bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
xüsusi bir kitab nəşr ediləcək və buradakı
bütün çıxışlar, müzakirələr
kitabda öz əksini tapacaq: «Əsas nəticə buradakı
fikirlərin, nəzər-nöqtələrinin müxtəlifliyidir
ki, bu da nəticədə elə dialoqun əsasını təşkil
edir. Deməli, dialoq mövcuddur. Buradakı ideyalar əminəm
ki, daha yaxşı anlaşmaya xidmət edəcək».
Forumun iştirakçıları
belə bir yekdil qənaətə gəldiklərini bəyan
etdilər ki, Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası
dialoqun müvəffəqiyyətlə gerçəkləşdiyi
məkan kimi bütün dünya ölkələrinə
nümunə olmağa layiqdir.
Bakı Forumu bir tarixdir
Sonra mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Bakı Forumunun yekunu ilə
bağlı mətbuat konfransı keçirdi. Nazir bildirdi ki,
tədbir beynəlxalq təşkilatların böyük
marağına səbəb olub: «Yalnız onu demək kifayətdir
ki, Parisdə, UNESCO-nun qərargahında və Strasburqda, Avropa
Şurasının qərargahında Forumun keçirilməsi
ilə bağlı təşkilat komitəsi yaradılıb.
Marağı olan bütün beynəlxalq təşkilatlar bu
tədbirin baş tutmasına öz töhfəsini verdi. Mədəniyyətlərarası
dialoq bütün dünya üçün çox vacibdir və
Azərbaycanın bununla bağlı təşəbbüsü
yüksək qarşılandı. Forumun keçirilməsinə
Azərbaycan dövləti tərəfindən yüksək səviyyədə
dəstək verilməsi tədbirin əhəmiyyətini
xüsusilə artırdı. Forum artıq tarixdir. Prezident
İlham Əliyevin, Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın Forumda iştirakı bir daha sübut
etdi ki, bu mövzu şəxsən ölkə prezidenti və
onun xanımı üçün fövqəladə maraq doğuran
bir mövzudur. Mədəniyyətlərarası dialoq
mövzusuna ölkə rəhbərliyi tərəfindən
belə diqqət ayrılması o deməkdir ki, bizim ölkə
həqiqətən sülhsevər siyasət yeridir və
bütün konfliktləri danışıqlar yolu ilə həll
etmək istəyir».
Forumda geniş əhatəli məsələlərin
müzakirə olunduğunu deyən nazir bildirdi ki, bu məsələlərin
hər biri ayrılıqda böyük bir tədbirin
mövzusu ola bilər: “Bakı Forumunda bu məsələlərin
birgə müzakirəsi özlüyündə mədəniyyətlərarası
dialoq mövzusunun nə qədər geniş auditoriyanı əhatə
etdiyini sübut edir. Digər tərəfdən, aparılan
müzakirələr bu mövzuya müxtəlif
baxışların mövcudluğunu ortaya qoydu. Bu
baxışların müxtəlifliyi isə, yuxarıda qeyd
etdiyim kimi, dialoq deməkdir. Hamı dinləyirdi, hamı
düşünürdü və ortadakı bu rəngarənglik
mövzunun vəhdətliyinə gətirib
çıxarırdı. Bu forumun keçirilməsində bir
neçə layihə önəmli qəbul olunmalıdır.
Bu ilk növbədə dünyanın beş qitəsini birləşdirən
5A platformasıdır. Bu platforma artıq belə layihələrin
gerçəkləşməsinə daha ciddi əsas verəcək.
İkinci tərəfdən, şəhərlərin mədəniyyətlərarası
dialoqa qoşulması bu mövzunun qlobal müzakirələrdən
yerlərdə - bələdiyyə, meriya və şəhər
icması səviyyəsində tətbiqinə şərait
yaratdı. Yəni bu mövzu bir tərəfdən olduqca
qlobaldır, digər tərəfdən isə yerlərdə
özünü büruzə verəcək və konkret layihələrin
gerçəkləşməsinə şərait yaradacaq.
Şəhərlərin buna qoşulması ondan xəbər
verir ki, şəhərlərin sakinləri artıq bu dialoqa
hazırdırlar. Onların fikirlərini ifadə edən merlər
öz çıxışlarında bildirdilər ki, insanlar
konfliktləri istəmirlər, bir-biri ilə mehriban, dinc
yanaşı yaşamaq istəyindədirlər. Şəhərlərin
əmin-amanlığı isə dövlətin və cəmiyyətin
sabit inkişafına əsas verir».
Tədbirdə gənclərin
roluna toxunan Ə.Qarayev onlar tərəfindən irəli
sürülən layihələrin forumun keçirilməsinə
xüsusi rəng qatdığını dedi: «Gənclərin
mövqeyinin yaşlı insanlar tərəfindən qəbul
edilməsi sübut etdi ki, bu gün yaşlı nəsil gəncləri
eşitmək, dinləmək istəyir. Bu da bir dialoqdur,
müxtəlif mədəniyyətlərin
qovuşmasıdır. Yaşlı nəsil mədəniyyəti
öz prinsipi üzərində qurulub, gənc nəslin mədəniyyətinin
öz xüsusiyyətləri var, lakin bu dialoq da
lazımdır».
Nazir bildirdi ki, 80 ölkədən
450-yə yaxın dövlət rəsmisi, alim, ictimai təşkilat
nümayəndəsi bir araya gələrək mədəniyyətlərarası
dialoq mövzusunu müzakirə edirsə, deməli, bu məsələ
dünya ictimaiyyətini narahat edir: «Bu baxımdan çox
yaxşı haldır ki, Azərbaycan dövləti
bütün dünyanı narahat edən məsələnin
müzakirəsini öz üzərinə götürdü. Əminəm
ki, hər dəfə bu mövzu ilə bağlı
keçiriləcək forumun miqyası da genişlənəcək.
Biz bu forumu 2-3 ildən bir keçirmək niyyətindəyik.
Mədəniyyət və Turizm Nazirliyi olaraq
çalışacağıq ki, bu prosesin siyasətimizin
ayrılmaz hissəsinə çevrilməsi üçün
lazımi işlər görək».
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2011.- 13 aprel.-
S. 6.