Bakı Forumu dünyada dialoqanlaşmaya tohfə olacaq

 

   Aprelin 8-də Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mədəniyyətlərarası dialoqu və əməkdaşlığı gücləndirən təşəbbüs və layihələrin təqdimatı oldu.

   ABŞ-ın “Boşluqları aradan qaldıraq” televiziya kanalının Afrika ölkələrinin mədəniyyətinə həsr olunmuş filminin nümayişi ilə başlanan tədbirdə öncə amerikalı mütəxəssis Kris Başinelli çıxış etdi. O bildirdi ki, mədəniyyətlərarası anlaşma dövlətlərdən və beynəlxalq təşkilatlardan fəal siyasi dəstək tələb edir.

   Avropa Şurasının nümayəndəsi İrena Quidikova Bakı Forumunun əhəmiyyətini qeyd edərək mədəniyyətin insanları daim birliyə səslədiyini bildirdi. “Orta Şərq tərəfdaşlıq təşəbbüsü”nün direktoru, “Sosial Sahibkarlıq üçün İMDAD” təşkilatının prezidenti Manal Elatir, “Akili Dada” təşkilatının prezidenti Vanciru Kamau-Rutenberq və digərləri çıxış edərək, Forumun müxtəlif dinlər arasında anlaşmaya və daha yaxşı bilik, təcrübə əldə etməyə, qarşılıqlı hörmət münasibətlərinin möhkəmlənməsinə təkan verəcəyini nəzərə çatdırdılar.

   Sonra çıxışçılar müxtəlif ölkələrin təmsilçilərini maraqlandıran suallar cavablandırdılar. Mövzu ətrafında müzakirələr oldu.

   Tədbirin sonunda Mavritaniyanın mədəniyyət nazirinin müşaviri Məhəmməd Ahzana Dünya Forumunun təşkilinə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, sivilizasiyalar və xalqlar arasında olan boşluqları doldurmaq üçün onları yaxınlaşdıraraq bir araya gətirmək vacibdir. Xalqlar bir-birinə nə qədər çox yaxınlaşsalar, onların mədəniyyətləri də bir o qədər zəngin olar.

 

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2011.- 13 aprel.- S. 7.