Texnologiya, sosial media və
jurnalistikanın mədəniyyətlərarası münasibətlərə
təsiri
Dünya Forumu çərçivəsində
keçirilən paralel tədbirlərdən biri də
“Texnologiya, sosial media və jurnalistikanın mədəniyyətlərarası
münasibətlərə təsiri” mövzusunda seminar oldu. Seminarda
internet texnologiyalar və sosial medianın mədəniyyətlərarası
anlaşmada rolu, “Facebook”, “Twitter” kimi sosial şəbəkələrin
müsbət və mənfi tərəfləri haqqında
müzakirələr aparıldı.
Seminara sədrlik edən Azərbaycanın
Avropa Şurasındakı daimi nümayəndəsi, səfir
Arif Məmmədov müzakirə olunan mövzunun mühüm
aktuallıq kəsb etdiyini bildirdi. Səfir informasiya
texnologiyalarının sürətlə inkişaf etdiyi bir
dövrdə sosial şəbəkələrin dünyanın
müxtəlif hissələrində yaşayan, fərqli mədəniyyətləri
təmsil edən insanlar arasında ünsiyyətin
qurulmasında rolundan, eləcə də sosial və ənənəvi
media arasında əlaqələrdən bəhs etdi. O, vətəndaşların,
xüsusilə də gənclərin sosial şəbəkələrin
yaratdığı imkanlardan düzgün istifadə etmələrinin
vacibliyini vurğuladı.
“Euronews” kanalının jurnalisti
Nil O’Reyi müasir dünyada mədəniyyətlərarası
dialoqa həqiqətən də böyük ehtiyacın
olduğunu bildirdi, bu baxımdan Bakı Forumunun əhəmiyyətini
xüsusi vurğuladı. O, mədəniyyətlərarası
dialoqun təşviq edilməsində medianın üzərinə
böyük vəzifənin düşdüyünü dedi.
ABŞ-ın “Global Voice Online” beynəlxalq
şəbəkəsinin baş redaktoru xanım Solana Larsen
müasir dövrdə mediada tətbiq edilən innovasiyalar
haqqında, Bakıda keçirilən mədəniyyətlərarası
forumun həm də jurnalistlər arasında dialoqun
qurulmasında əhəmiyyətindən, Kaliforniya
Universitetinin nümayəndəsi Kader Əbdürrəhim
müasir dövrdə sosial medianın mədəniyyətlərarası
münasibətlərin inkişafındakı rolundan
danışdılar. Fransanın “Le Media A Paris” təşkilatının
nümayəndəsi Fransis Pizani Dünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində belə bir
seminarın keçirilməsinin əhəmiyyətini
xüsusi vurğuladı.
Sonra seminar müzakirələrlə davam
etdirildi. Müzakirələrdə
iştirak edən İran prezidentinin mətbuat müşaviri,
İRNA-nın icraçı
direktoru Əli Əkbər Cavanfikir, Kubanın mədəniyyət
naziri Abel Prieto, İraqın Milli Xəbər Agentliyinin səlahiyyətli direktoru,
qurumun idarə heyətinin sədr müavini Abdul Muhsin Cavad, Milli Məclisin
deputatı Asim Mollazadə və başqaları sosial media və jurnalistikanın mədəniyyətlərarası münasibətlərə təsiri
ilə bağlı fikirlərini bildirdilər.
Seminarın sonunda rabitə
və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə müvafiq təqdimatla çıxış
etdi.
Ceyhun
Mədəniyyət.-
2011.- 13 aprel.- S. 6.