Dialoq - dünya dinləri arasında və onların sırasında

 

   Aprelin 8-də Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dialoq - dünya dinləri arasında və onların sırasında” mövzusunda seminar keçirildi.

  

   Seminarı Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov açaraq, dünyanın gələcəyinin dinlər arasındakı dialoqdan da asılı olduğunu qeyd etdi: «Din yüksək mədəniyyət göstəricisidir. Forum çərçivəsində bu mövzuya toxunulması zəmanəmizin tələblərinə və ruhuna tamamilə uyğundur. Məlumdur ki, dinlərarası və mədəniyyətlərarası münasibətlərin bəzi təmas nöqtələri müəyyən anlaşılmazlıqlar, dini zəmində qısqanclıqlar yaradır. Təəssüf ki, dini mentalitet arasında anlaşılmazlıqlar bəzən qarşıdurmaya da gətirib çıxarır. Mədəniyyətlə bağlı olan məsələlər ictimai çərçivədən çıxarılaraq cinayətkar məqsədlərə yönəldilir. Dəyərləri qorumaq və təbliğ etmək hər ölkə vətəndaşı ilə yanaşı, din xadimlərinin də vəzifəsidir. Dini ictimaiyyət bu işlərdə fəal olmalıdır. Dinlərarası dialoqda mədəniyyət ahəngdarlıq fəlsəfəsi mövqeyindən qəbul edilməlidir».

   Avropa Şurasının Şimal-Cənub Mərkəzinin icraçı direktoru Denis Huber isə təmsil etdiyi qurumda dinlərarası dialoqa vacib məsələ kimi baxıldığını vurğuladı: “Din insanların mədəniyyətində önəmli yer tutur».

   Üç Din Forumunun prezidenti Markus Breybrok bu cür tədbirlərin müxtəlif mədəniyyətlər arasındakı mübadiləyə böyük təsir göstərməsindən danışdı: «Bu cür qarşılıqlı əlaqə müxtəlif mədəniyyətlər arasında baş verən mübadilə üçün çox vacibdir. Dinə münasibətdə fərziyyələri kənara qoyub, təcrübəni artırmaq lazımdır. Ümumi dəyərləri vurğulamalıyıq. Eyni ölkənin üzvləri kimi bir icmaya aidik. Bu ümumi dəyərləri qiymətləndirməyi öyrənməliyik. Müxtəlif dini mənsubiyyətə malik insanlarla əlaqələri genişləndirməliyik. Bu forum da əslində məhz bu işi həyata keçirir».

   ABŞ-ın Avrasiya Siyasəti Mərkəzinin keçmiş direktoru, ABŞ-ın Azərbaycandakı səfirinin xanımı Zeyno Baran İslam dininin bugünkü vəziyyətindən, dinin siyasi mənafelərə alət edilməsindən danışdı: «İslam yüksək ruhanilik dəyəri olan dindir. İslamla islamçılar arasında mübarizə var. Mədəniyyətlərarası və dinlərarası dialoqdan danışarkən bu fərqlərə diqqət yetirmək çox vacibdir. Çünki bu qrup islamçılar dini siyasi səlahiyyətdən istifadə edərək dar şəkildə qələmə verirlər. Bu da ziyanverici addım olur. Çoxlu amerikalı var ki, onlar İslama baxışda müsbət mövqedədirlər. Lakin mənfi baxışda olanları da var. Xüsusilə 11 sentyabr hadisəsindən sonra. Bütün bunlar İslama qarşı insanlarda qorxu yaradır. Müsəlmanlar arasında da qurbanların sayı çoxalır. Ona görə də biz müsəlmanlar öhdəliklər götürməli və müzakirələri düzgün aparmalıyıq ki, İslama münasibətdə qorxu aradan qalxsın».

   Z.Baran dinlərə qarşı tolerant mövqeyi daha aydın ifa etmək üçün şəxsi təcrübəsini də seminar iştirakçıları ilə bölüşdü: «Mən İslam dininə etiqad edən türkəm. Ərim isə katolik xristianıdır. Bizim dini etiqadımız uyğun gəlməsə də başa düşdüm ki, əsas amil insaniyyət və bir-birimizin dəyərlərinə hörmətdir».

   Anna Linq Fondunun Portuqaliya şəbəkəsinin rəhbəri Fransisko Veiqa çıxışında bildirdi ki, mədəni və dini dəyərləri bir-birindən ayırmaq lazım deyil. Çünki onlar hər ikisi universal dəyərlərdir.

 

 

  Gülər

 

  Mədəniyyət.- 2011.- 13 aprel.- S. 5.