Qadınlar mədəniyyətlərarası dialoqun əsas təmsilçiləridir

 

   Mehriban Əliyeva: “Biz xalqlararası münasibətləri etika və ədalət platformasında qurmağa çalışmalıyıq”

  

   Dünya Forumunun aprelin 8-də keçirilən üçüncü sessiyası “Qadınlar mədəniyyətlərarası dialoqun əsas təmsilçiləridir” mövzusuna həsr olundu. Sessiyanın həmsədrləri Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva və UNESCO-nun mədəniyyət və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina Stenu idi.

  

   Tədbirdə ilk çıxış edən Mehriban Əliyeva Forum iştirakçılarını salamlayaraq son illər Azərbaycan paytaxtının mədəniyyətlərarası dialoq məkanına çevrildiyini diqqətə çatdırdı: «2008-ci ildə burada beynəlxalq qadın konfransı keçirilmiş və mədəniyyətlərarası dialoqda qadınların roluna dair Bakı Bəyannaməsi qəbul edilmişdi. Həmin il Bakıda Avropa dövlətlərinin mədəniyyət nazirlərinin toplantısı keçirildi. 2009-cu ildə Bakı İslam Mədəniyyətinin Paytaxtı elan olundu. Burada İslam Konfransı Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərinin toplantısı oldu. Ötən il dünya dini liderlərinin Bakı sammiti keçirildi. Əslində belə tədbirlərin keçirilməsi üçün Azərbaycanda həm güclü zəmin, həm də əlverişli mühit mövcuddur. Qədim dövrdən Azərbaycan bütün dünyaya açıq olan bir diyar kimi tanınır və ölkəmizdə hökm sürən yüksək tolerantlıq mühitini insanlarımızla ilk təmasdan hiss etmək mümkündür».

   Mehriban Əliyeva mədəniyyətlərarası dialoq mövzusunun dünyada ən aktual mövzulardan biri olduğunu vurğuladı: “Düşmənçilik, dözümsüzlük, etnik təmizləmələr, soyqırımı, müharibələr bugünkü dünyanın reallığıdır. Bu gün dünyada qarşıdurmaların və münaqişələrin sayı azalmır, əfsuslar olsun ki, artır. Əlbəttə, belə olan halda dialoq mövzusuna qatılan insanların - siyasətçilərin, dini və ictimai xadimlərin, alimlərin, sadə insanların sayı ildən-ilə artır. Bu da öz növbəsində gündəmə müxtəlif təkliflər, ssenarilər gətirir”.

   Mədəniyyətlərarası dialoqla yanaşı, bu prosesə qarşı çıxan, dinlər və sivilizasiyalar arasında düşmənçilik yayan qüvvələrin də olduğunu qeyd edən Mehriban Əliyeva bu yaxınlarda baş vermiş hadisəyə - Amerikada bir keşişin müqəddəs Qurani-Kərimi yandırması faktına da toxundu. O, təəssüflə qeyd etdi ki, bu dəhşətli hadisə dünya ictimaiyyəti tərəfindən qəti şəkildə pislənmədi: “Nəticədə cəzasız, qəddarlıq daha da dəhşətli qəddarlıqla nəticələndi və biz bunun da şahidi olduq. Hesab edirəm ki, zəmanəmizin ən böyük təhlükələrindən biri dinin siyasiləşdirilməsidir. Müxtəlif ekstremist şüarlar din şüarları altında gündəmə gətirilməməlidir. Belə hərəkətlər normal münasibətlərə ziddir və yalnız yeni qarşıdurmalar üçün zəmin yaradır».

   Artıq mədəniyyətlərarası dialoqun sırf kulturoloji problem çərçivəsindən çıxıb böyük siyasətin probleminə çevrildiyini deyən Mehriban Əliyeva, bu gün qloballaşmanın dünyanın reallığı olduğunu bildirdi: «Mən əminəm ki, əgər biz sabahı düşünürüksə, gələcək nəsillər qarşısında öz məsuliyyətimizi dərk ediriksə, xalqlararası, millətlərarası münasibətləri məhz etika və ədalət platformasında qurmağa çalışmalıyıq. Bu, uzunmüddətli və ağır prosesdir. Lakin hər bir uzun yol ilk addımdan başlayır. Fikrimcə, hər birimiz öz əməllərimizlə kiçik də olsa, bu addımı atmalıyıq. Bunun üçün yalnız həmrəylik və xoş niyyət lazımdır. Mən əminəm ki, məhz bu halda humanizm və ədalət əsasında konstruktiv dialoqun qurulması mümkündür».

   Sessiyanın digər həmsədri, UNESCO-nun mədəniyyət və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina Stenu çıxışında qadının mədəniyyətlərarası dialoqda roluna diqqət çəkdi: “Keçmişi qoruyan qadınlar yenilikləri və dəyişiklikləri də aramıza gətirən şəxslərdir. Qadınlar mühafizəkar mövqelərdən uzaq olaraq hər zaman dəyişikliyə can atırlar”.

   Rusiya parlamentinin yuxarı palatasının - Federasiya Şurasının sədr müavini Svetlana Orlova isə çıxışında bildirdi ki, Bakıdan başlanan dialoq yolu dünya miqyaslı platformaya çevriləcək: «Mədəni müxtəlifliyin özü də bir çağırışdır. Müxtəlif risklərin və ziddiyyətlərin mövcud olduğu dünyada mədəniyyətlərarası dialoqun təmin edilməsi vacibdir. Bu məsələdə tolerantlığın da diqqətdə saxlanılması, mədəni dəyərlərin daha çox gündəmə gətirilməsi zəruri xarakter daşıyır».

   Paris şəhərinin 7-ci rayonunun meri, Avropa Parlamentinin üzvü Rəşidə Dati Bakıda müxtəlif sivilizasiyaların qovuşduğunu və Azərbaycanın belə mötəbər tədbirləri keçirməklə mədəniyyətlərarası dialoq prosesinə böyük töhfə verdiyini diqqətə çatdırdı: «Böyük ictimai fəaliyyətlə məşğul olan Azərbaycanın birinci xanımının ölkənizin mədəni dəyərlərinin təbliğindəki fəaliyyətindən xəbərdarıq və biz bunu beynəlxalq miqyasda təqdir edirik».

   Mərakeş parlamentinin üzvü Mbarka Buyada müasir cəmiyyətin qurulmasında qadınların rolunun daha da gücləndirilməsinin vacibliyini vurğuladı. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova gender problemləri həll olunmadan mədəniyyətlərarası dialoq sahəsində nailiyyətlərin əldə edilməsinin mümkünsüzlüyünü bildirdi: «Gender bərabərliyi bu dialoqa mühüm istiqamət verir. Mədəniyyətlərarası dialoq çərçivəsində qadınların ən mühüm rolu ondadır ki, onlar münaqişələrin qarşısının alınmasına və sülh prosesinin yaranmasına böyük töhfə verə bilərlər”.

   Tədbirdə Rusiyanın İqtisadi Strategiyalar İnstitutunun direktoru Aleksandr Ageyev, BMT-nin “Minillik layihəsi”nin Meksika qovşağının rəhbəri Konsepsion Olavarieta və digər ekspertlər çıxış etdilər.

  

 

   Mehparə

 

   Mədəniyyət.- 2011.- 13 aprel.- S. 4.