Mədəniyyət və
Turizm Nazirliyində Nobel ailəsinin üzvləri
ilə görüş
Azərbaycan
haqqında tarixi sənədlər nazirliyə təqdim edildi
Aprelin 11-də mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev XX əsrin əvvəlində Azərbaycanın neft sənayesində
çalışmış tanınmış sahibkar, məşhur
ixtiraçı, mesenat Lüdviq Nobelin varisləri ilə
görüşdü.
Mədəniyyət və Turizm
Nazirliyində keçirilən tədbirdə nazir müavini
Sevda Məmmədəliyeva, Nobel ailəsinin nümayəndələri
- Peter, Anna, Nils, İren Oleinikofflar, Filip Nobel, eləcə də
Bakı Nobel İrsi Fondunun prezidenti Toğrul Bağırov
iştirak edirdi.
Nobel ailəsinin nümayəndələri
Azərbaycanla bağlı arxiv sənədlərini nazir Əbülfəs
Qarayevə təqdim etdilər. Bu sənədlər
arasında köhnə Bakının fotoları, Nobel
qardaşlarının ölkəmizdəki fəaliyyətini
özündə əks etdirən kitablar, albom və başqa
materiallar da var.
Qonaqları salamlayan nazir
dünyanın ən nüfuzlu ailələrindən biri olan
Nobellərin Azərbaycanla əlaqələrinin tarixi köklərindən
danışdı. O, ölkəmiz üçün əhəmiyyətli
olan bu tarixi sənədlərə görə Nobel ailəsinin
üzvlərinə təşəkkürünü bildirdi.
Nazir həmin sənədlərin bir əsrdən çox
yaşı olduğunu qeyd edərək hazırda heç bir
arxivdə rast gəlinməyən Bakının qədim
fotoşəkillərini Azərbaycan üçün
mühüm töhfə kimi qiymətləndirdi. Bu sənədlərin
tədqiqat üçün müvafiq muzeylərə təqdim
ediləcəyini bildirdi.
Ə.Qarayev Azərbaycanda Nobel irsinə
böyük ehtiram göstərildiyini, Bakı Nobel İrsi
Fondunun təsis olunduğunu nəzərə
çatdırdı. Fond vasitəsilə vaxtilə Nobellərin
tikdikləri və yaşadıqları evin “Villa
petrolia”nın bərpa olunduğunu, hazırda orada muzeyin fəaliyyət
göstərdiyini dedi.
Nobel ailəsinin üzvləri
ata-babalarının həyat və fəaliyyəti ilə
sıx bağlı olan Azərbaycana gəlişlərindən
məmnun qaldıqlarını bildirdilər. Onlar həmçinin
Nobel qardaşlarının ailə iqamətgahının -
“Villa Petrolia”nın yenidən bərpasına və əvvəlki
görkəminin qorunub saxlanıldığına görə
Bakı Nobel İrsi Fondunun prezidenti Toğrul Bağırova təşəkkürlərini
bildirdilər.
Reyhan
Mədəniyyət.-
2011.- 13 aprel.- S. 2.