“Forum Azərbaycanın dünyada nüfuzunu və fəallığını nümayiş etdirir”

 

   Avropa Şurasının Şimal-Cənub Mərkəzinin icraçı direktoru Denis Huberlə söhbətimizdə rəhbərlik etdiyi qurumun fəaliyyəti, Azərbaycanla əməkdaşlıq və digər məsələlərə toxunduq.

  

   - Cənab Huber, əvvəlcə Şimal-Cənub Mərkəzi haqqında məlumat verməyinizi xahiş edirik. Avropa Şurası çərçivəsində belə bir qurumun yaranmasının məqsədi nədir?

   - Bizim mərkəz 20 il əvvəl yaranıb və Avropa Şurası çərçivəsində Şimal-Cənub əməkdaşlığını qurmağa çalışır. Biz hazırda qlobal dünyada yaşayırıq və cənubda Avropa Şurasında 47 dövlət təmsil olunur. Azərbaycan dünyanın digər ölkələri ilə də əməkdaşlıq edir. Mərkəzdə İsrail, İordaniya, İspaniya, Mərakeş və digərləri təmsil olunur. Biz bu Avropa Şurası çərçivəsində fəaliyyət göstərən mərkəz olaraq dünyanın qalan ölkələrinə də açıq olduğumuzu bir daha xatırladırıq.

   - Azərbaycanla əməkdaşlıq barədə nə deyə bilərsiniz?

   - Azərbaycan Avropa Şurasının Şimal-Cənub Mərkəzinə 2010-cu ilin avqustunda qoşulub və birlikdə gördüyümüz ilk iş Dünya Mədəniyyətlərarası Dialoq Forumudur. Azərbaycan çox aktiv ölkədir və Şimal-Cənub Mərkəzinə üzv olmasından bir il keçməmiş belə bir möhtəşəm tədbirə ev sahibliyi edir. Bu tədbir Azərbaycanın iqtisadi gücünü, dünyadakı nüfuzunu və fəallığını nümayiş etdirir.

   Mədəniyyətlərarası dialoqla bağlı Azərbaycan ilk təşəbbüsünü reallaşdırır. Biz də bu təşəbbüsə kömək etmək üçün Bakıya gəlmişik. Müxtəlif mədəniyyətlərə məxsus olan insanlar Bakıda bir araya gələrək dünyanı narahat edən problemin ümumi həlli yolunu tapmağa çalışır. Biz bir-birimizə hörmət edirik, amma eyni zamanda bizləri nəyin bölüşdürməsindən çox, nəyin birləşdirdiyini təyin etməyə çalışırıq.

   - Təşkilatınız mədəniyyətlərarası dialoqun əsas məramını nədə görür?

   - Biz Avropa və dünyanın qalan hissəsi arasında əməkdaşlıq yaratmağa çalışırıq. Biz eyni zamanda belə bir əməkdaşlığı, dialoqu qonşu ölkələrlə, müxtəlif dinlərə, mədəniyyətlərə məxsus ölkələrlə AŞ arasında qurmağa cəhd edirik. Azərbaycan mədəniyyətlərin, sivilizasiyaların kəsişməsində qərar tutub. Bu baxımdan Azərbaycan kimi bir ölkənin bizim təşkilatda təmsil olunması çox vacibdir. Çünki bu ölkə bu gün hər kəs üçün daha vacib olan dialoqa dəstək verir.

   - Sizin qurumun adı da maraqlıdır: Şimal-Cənub Mərkəzi. Necə düşünürsünüz, Şimal Cənuba yaxınlaşır, yoxsa Cənub Şimala?

   - Qurum 20 il əvvəl yaradılıb və o zaman söhbət inkişaf etmiş ölkələr arasında əməkdaşlıqdan gedirdi. Varlı ölkələr bir qədər zəngin olmayan ölkələr üçün nələrisə etməlidirlər. Bu xüsusda indi situasiya bir qədər dəyişib. Çünki indi Şimalda bizim iqtisadi problemlərimiz var, əksinə Cənubda, Hindistanda, Çində, Braziliyada böyük iqtisadi yüksəliş müşahidə olunur. Yəni indi vəziyyət fərqlidir. Şimal-Cənub əməkdaşlığı «bir qədər zəngin ölkə kasıb ölkələrə kömək etməlidir» prinsipindən fərqlənir. Biz sadəcə bir-birimizə hörmət etməliyik. Biz fərqlərimiz xaricində bir-birimizə hörmət ideyası, dünyada baş verən qlobal problemlərin həllinə görə bir yerdə olmalıyıq. Çünki problemləri tək həll edə bilmərik. Biz bir yerdə işləməyə ehtiyac hiss edirik. Problemlər isə ekoloji dəyişikliklər, nüvə, təbii fəlakətlər, Yaponiyada baş verən son hadisələrin səbəbləridir. Bunları bir ölkə təkbaşına həll edə bilməz və əlbəttə başqa ölkələrin köməyinə ehtiyac hiss edər. Burada həm də söhbət resursların idarə olunmasından gedir. Məsələn, neft enerjinin ən vacib hissəsidir. Lakin biz digər qlobal problemləri də həll etməliyik. Qlobal problemlərdən biri də sivilizasiyaların toqquşmasıdır və bu mənada biz müxtəlif mədəniyyətlərə, dinlərə diqqət yetirməyimiz vacibdir. Əks halda bu, bizi bəlaya, müharibəyə apara bilər. Bu baxımdan universal dialoq əsasında insanlıq üçün gələcək qurmaq lazımdır.

   - Maraqlıdır, Azərbaycanla birlikdə hansı layihələri reallaşdırmaq niyyətindəsiniz?

   - Hazırkı vaxtda biz Azərbaycanla birlikdə mədəniyyətlərarası dialoq üzərində işləyirik. Biz Azərbaycanın mədəniyyətlərarası dialoqda aparıcı olması cəhdlərini dəstəkləyirik. Mərkəz həm də Avropa və Afrikada təhsil sahəsində fəaliyyət göstərir. Bu mənada Avropa da izolyasiya olunmayıb. Gənclər qlobal çağırışlar haqqında təlim keçməlidirlər. Hər kəs mədəniyyətlərarası dialoqa hörmətlə yanaşan ölkənin vətəndaşı olmaqdan qürur duymalıdır.

  

 

   Mehparə

 

   Mədəniyyət.- 2011.- 15 aprel.- S. 15.