“Mədəniyyətlərarası şəhərlər”
Aprelin 8-də Bakıda keçirilən
Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində
Avropa Şurası və Avropa Komissiyasının “Mədəniyyətlərarası
şəhərlər” birgə proqramı təqdim edildi. “Şəhərlərdə
müxtəlifliyin idarə edilməsi: şəhər mədəniyyətlərarası
siyasətə doğru” devizi altında təşkil olunan təqdimata
sədrlik edən “Mədəniyyətlərarası şəhərlər”
layihəsinin müəllifi Fil Vud (Böyük Britaniya)
qloballaşma dövründə şəhərlərdə
azlıqların və miqrantların cəmiyyətə
inteqrasiyasının daha səmərəli olmasına
böyük ehtiyac duyulduğunu bildirdi: «Bu baxımdan tərtib
olunan proqram mədəniyyətlərarası inteqrasiyaya aid
konsepsiya və təcrübənin inkişaf etdirilməsi
üçün sınaq layihəsi kimi 2008-ci ildə irəli
sürülüb və tətbiq olunduğu bir sıra şəhərlərdə
uğurla nəticələnib. Bu il “Mədəniyyətlərarası
şəhərlər” proqramının yeni mərhələsi
başlayacaq. Azərbaycanın şəhərləri də gələcəkdə
bu proqrama üzv ola bilərlər».
Rusiyanın İjevsk Şəhər
Şurasının sədri Aleksandr Uşakovun sözlərinə
görə, şəhərlərarası mədəniyyət
dialoqu bir mübadilədir. Bu, özfəaliyyət kollektivlərinin,
mədəniyyət xadimlərinin mübadiləsi də ola
bilər.
Meksikanın kənd bölgələrinin
inkişafı və bərabərlik işləri naziri Mariya
Roza Markes Kabrera, Ukraynanın Melitopol şəhər merinin
müavini Olena Dubinina, Polşanın Lyublin şəhər
merinin müavini Vlodimir Vısoçki, “Gürcüstan-Azərbaycan
dostluq evi” təşkilatının rəhbəri Giuli Alasaniya
şəhərlərdə müxtəlifliyin aradan
qaldırılmasında proqramın önəmini
vurğuladılar. Çıxışlarda müasir şəhərlərin
idarəçiliyində müxtəlifliyin nəzərə
alınmasının vacibliyi bildirildi və şəhərlərə
innovativ fikirlərin cəlb olunması baxımından
azlıqların və miqrantların potensialından
düzgün istifadə olunmasının əhəmiyyəti
qeyd edildi.
Mədəniyyət.-
2011.- 15 aprel.- S. 13.