“Əməkdaşlıq
üçün gözəl perspektivlərimiz var”
UNESCO baş direktorunun strateji planlaşdırma üzrə
müavini Hans D’Orvil bizimlə söhbətində Bakı
Forumunun əhəmiyyətindən, Azərbaycanla birlikdə həyata
keçirilən layihələrdən bəhs etdi.
- Cənab D’Orvil, Bakıda
keçirilən Dünya Mədəniyyətlərarası
Dialoq Forumunu necə qiymətləndirirsiniz?
- Bakı Forumu çox yüksək
səviyyəli tədbirdir. Mədəniyyətlərarası
dialoqla məşğul olan təşkilatlar, dünya müxtəlif
ölkələrinin təmsilçiləri burada bir araya gəlmək,
məhsuldar müzakirələr aparmaq imkanı əldə
etdilər. Mədəniyyətlərarası dialoqun genişləndirilməsi
üçün belə tədbirlərin böyük əhəmiyyəti
var. Tədbirdə beynəlxalq gündəlikdə dayanan məsələlər
qiymətləndirilir, “Biz təhsil, elm, mədəniyyət
vasitəsilə anlaşmanı necə əldə edə bilərik?”,
“Bu məsələdə mədəni irs necə rol oynaya bilər?”
kimi suallara cavab axtarılır. Belə forumlar insanları
yaxınlaşdıra bilər, dünyada mədəniyyətlər
arasında bölünmənin qarşısını alar.
- Bakı Forumundan gözləntiləriniz
nədir?
- Forumun keçirilməsi UNESCO-nun
birbaşa marağındadır, biz təşkilat olaraq ona dəstək
veririk. Qurum dünyanın müxtəlif ölkələrində
belə tədbirlər keçirir. Biz müxtəlifliyin təmin
olunmasına çalışmalıyıq. Müxtəlifliyin
təmin olunması dünyanın müxtəlif yerlərində
qarşıdurmaların, xüsusilə də milli və etnik
zəmində münaqişələrin
qarşısının alınmasında ciddi rol oynaya bilər.
Digər bir məqamı da deyim ki, Azərbaycan tarixən
Şərq və Qərbin kəsişməsində
mühüm körpü rolunu oynayıb, burada sivilizasiyalar
qovuşub, müxtəlif mədəniyyətlər meydana gəlib.
Bu ölkə müxtəlifliyin təmin olunması, mədəniyyətlərarası
dialoqun davam etdirilməsi üçün əlverişli bir məkandır.
Azərbaycanda başlayan bu dialoqu gələcəkdə
müxtəlif forumlar səviyyəsində başqa yerlərdə
də davam etdirmək olar. Bakı Forumu çox səmərəli
və praktiki təcrübə mübadiləsi
üçün məkan oldu.
- UNESCO üçün mədəniyyətlərarası
dialoq nə kimi əhəmiyyət kəsb edir?
- Bu fərdlərin, fərqliliklərin dialoqudur. Dünyada mədəni müxtəlifliyi qorumaq, ona dəstək vermək UNESCO-nun əsas prinsiplərindən biridir. Beləliklə, biz müxtəlif mədəniyyətlərdən olan adamları bir araya gətirməyə çalışırıq ki, onlar danışsınlar, hər hansı məsələdə razılığa gəlsinlər ki, bu da onlara rahat və sağlam beynəlxalq cəmiyyət yaratmağa kömək etsin. İnsanların, xalqların bir-birini tanıması, bir-birinin mədəniyyəti, dinləri haqqında öyrənməsi onlara başqalarını yüksək qiymətləndirməyə kömək edir. Düşünürəm ki, bu xüsusda təcrübə mübadiləsini genişləndirmək lazımdır və buna da mədəniyyətlərarası dialoqla nail olmaq mümkündür.
- UNESCO Azərbaycanla birlikdə hansı layihələrin həyata keçirilməsində maraqlıdır?
- UNESCO-nun fəaliyyətində 5 vacib istiqamət mövcuddur: təhsil, təbii elmlər, sosial və humanitar elmlər, mədəniyyət və kommunikasiya, sosial mövzular. Bizim təşkilatla Azərbaycan arasında təhsil, xüsusilə mədəniyyət, mədəni irs sahəsində layihələr, yaxşı əməkdaşlığımız mövcuddur. Biz bu əməkdaşlığı daha da genişləndirməyə çalışırıq. UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahədə fəaliyyətini yüksək qiymətləndiririk. O, davamlı olaraq bizimlə əməkdaşlıq edir və bütövlükdə qurum çərçivəsində keçirilən tədbirlərdə çox fəaldır. Burada keçirilən bir sıra layihələrə, tədbirlərə Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən dəstək verilir.
- Yeri gəlmişkən, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Parisdə, UNESCO-nun qərargahında Azərbaycanın yazıçı və alimləri ilə bağlı bir çox tədbirlər keçirilib. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycanla UNESCO arasında müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində ardıcıl irəliləyiş əldə etməyimizdən çox məmnunam. Bu sahələrdən biri qeyd etdiyiniz istiqamətdir. Bu layihələr öz yüksək keyfiyyətinə görə çox yaxşı qəbul edilir və qiymətləndirilir. Mehriban Əliyevanın təşəbbüsü, yaxından iştirakı ilə keçirilən incəsənət tədbirləri, sərgilər, yubiley mərasimləri çoxşaxəli olmaqla Azərbaycan mədəniyyətini təbliğ edir. Əlbəttə, milli mədəniyyətlərin təbliği, mədəniyyətlərin qarşılıqlı zənginləşməsi UNESCO-nun da mühüm hədəfləridir.
- Cənab D’Orvil, Azərbaycanla əməkdaşlığın perspektivlərini necə görürsünüz?
- Əməkdaşlığımızın inkişafı üçün çox gözəl perspektivlər var. Mədəniyyət və xüsusilə mədəni irs sahələrində əməkdaşlığımızı əvvəldə qeyd etdim. Əməkdaşlığımızın digər mühüm sahəsi təhsildir. UNESCO-da dialoqun genişləndirilməsinə gənclərin cəlb olunması ilə bağlı müəyyən planlar var. Orta məktəblərdə dini və milli dözümlülüklə bağlı işlərin aparılması UNESCO-nun prioritet hədəflərindən biridir. Təmsil etdiyim təşkilat həmçinin incəsənət adamlarının bu cür tədbirlərə dəvət olunmasını, incəsənət vasitəsilə fikir ayrılıqlarının, qarşıdurmaların aradan qaldırılmasını önəmli sayır. Bu çərçivədə incəsənət adamlarının forumunun keçirilməsini vacib hesab edirik. Ümumilikdə qeyd edə bilərəm ki, Azərbaycanla çox möhkəm əlaqələrimiz var. Azərbaycanın prezidenti və xanımı UNESCO ilə əlaqələrə böyük önəm verirlər. Biz bunu çox bəyənirik, çünki dövlət başçısının, onun xanımının belə bir dəstəyi ümumi əlaqələrin inkişafına təkan verir, mühüm tədbirlərin həyata keçirilməsinə yardım edir.
Mehparə
Mədəniyyət.- 2011.-15 aprel.-
S. 12.