Mədəniyyətlərarası dialoq münaqişələrin
qarşısının alınması
üçün mühüm
vasitədir
Zeyno Baran: “Dünya
ölkələrinin bu
toplantıya qatılaraq
Azərbaycanı görməsi, yaxından tanıması çox önəmlidir”
Dünya Mədəniyyətlərarası Dialoq
Forumunda iştirak edən
ABŞ-ın Avrasiya Siyasəti
Mərkəzinin keçmiş
direktoru, bu ölkənin
Azərbaycandakı səfiri Metyu Brayzanın xanımı Zeyno Baran aparılan
müzakirələrlə bağlı təəssüratını,
Forumun əhəmiyyəti, ölkəmizin
mədəni irsi barədə
fikirlərini bizimlə bölüşdü:
- Bu gün dünyada mədəniyyətlərarası qarşıdurmaya, xüsusilə İslam dininə qarşı hərəkətlərə rəvac verən qüvvələr çoxdur. Mədəniyyətlərarası dialoq isə bunun qarşısının alınması üçün əsas vasitələrdən ola bilər. Bəziləri gözləyir ki, başqaları bu problemi çözsün. Bu isə tamam səhv düşüncədir. Bu gedişlə ortaya bir iş çıxmayacaq. Çünki radikallıq həmişə daha çox aktivdir. Adi halda heç birimiz bayıra çıxıb bu problemlərə görə etiraz etmirik. Amma belə bir narahatçılığımız varsa, həm mədəniyyətimizi, həm də İslam dinimizi qorumaq lazımdır. İnsanlar problemin münaqişə səviyyəsinə çatmaması üçün indidən bu məsələlərə diqqətli yanaşmalıdırlar. Mədəniyyətlərarası Dialoq Forumu da əslində bu kimi problemlərin qarşısının alınması üçün çox önəmlidir.
Belə bir toplantının Azərbaycanda düzənlənməsi çox önəmlidir. Çünki Azərbaycan həqiqətən də İslam və Qərb dəyərlərinin yaxın şəkildə birgə yaşandığı ölkədir. Tarix boyu Azərbaycanda müxtəlif mədəniyyətlər, dinlər yanaşı yaşayıb. Dünya ölkələrinin bu toplantıya qatılaraq Azərbaycanı görməsi, yaxından tanıması çox önəmlidir. Həmçinin də dialoqda səslənən fikirlərin azərbaycanlılar tərəfindən duyulması çox vacibdir.
Azərbaycan mədəniyyəti Türkiyə mədəniyyətinə yaxın olduğu üçün əslində mənə yaxın və doğmadır. Ən çox xoşuma gələn isə insanların istiqanlı olmalarıdır. Onu da deyim ki, Azərbaycanda çox xoş bir toplum həmrəyliyini gördüm. Bunu daha çox bəyəndim. Həmçinin musiqisi, mətbəxi, rəqsləri, operası - hər şey çox xoşuma gəlir. Düzü 9 aylıq körpəm olduğundan hələ nə Azərbaycan filmi seyr edə, nə də teatra gedib tamaşa izləyə bilmişəm. Amma bunları etməyə çalışırıq. Çünki çox maraqlıdır. Vaxt məhdudluğuna baxmayaraq «Caz klub»a gedib Azərbaycan cazını dinləmişik. Həmçinin rəqslərinizi izləmişik və çox bəyənmişik.
Onu da deyim ki, yaxın günlərdə Azərbaycana Türkiyədən məşhur «Anadolu atəşi» rəqs qrupu gələcək və bu qrupun konsertini səbirsizliklə gözləyirəm. Bunu vurğulamağım əbəs deyil. Mədəniyyət daha çox rəqs və mahnılarda ortaya çıxır. İstəyirəm, bunu hamı anlasın və maraq göstərsin.
Gülər Nizamiqızı
Mədəniyyət.-
2011.- 15 aprel.- S. 12.