“Azərbaycan mədəniyyətlərarası dialoqa böyük töhfə verir”

 

   Robert Palmer: «Avropa Şurası Azərbaycanla mədəniyyət sahəsində bir neçə layihə üzərində işləyir»

  

  Aprelin 7-9-da Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək qonaqları arasında Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs üzrə Departamentinin baş direktoru Robert Palmer də vardı. Onunla müsahibədə qurumun Azərbaycanla əməkdaşlığına dair bir sıra məqamlara toxunduq.

  

   - Cənab Palmer, öncə Avropa Şurasının mədəniyyət, mədəni irslə bağlı fəaliyyəti barədə qısa məlumat verməyinizi istərdik.

   - Adından göründüyü kimi, rəhbərlik etdiyim bölmə Avropa Şurasında mədəniyyət, mədəni və təbii irs üzrə proqramları həyata keçirir. Bu sahə ilə bağlı çoxlu proqramlarımız var. Məsələn, xüsusi konvensiyaların monitorinqinə dair proqramımız mədəni irs məsələsini əhatə edir. Başqa bir proqramımız milli azlıqlara aid olan mədəniyyətlərarası dialoqla bağlıdır və bu da mədəniyyətlərarası fəaliyyəti gücləndirməyi nəzərdə tutur. Ümumiyyətlə, Avropa Şurası xalqlar, cəmiyyətlər arasında daha yaxşı anlaşmanı təmin etmək üçün mədəniyyətlərarası dialoqa hər zaman üstünlük verir. Başqa bir proqramımız kino sahəsini əhatə edir, bu sahədə treninqlər keçiririk.

   - Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunu necə dəyərləndirirsiniz və bu tədbirdən hansı nəticələr gözləyirsiniz?

   - Dünyada konfliktlərin artdığı bir zamanda bu tədbir olduqca mühüm təşəbbüsdür. Dünyanın bir yerlərində diskriminasiya halları, münaqişələr, etirazlar artıb və biz bu problemləri birlikdə həll etməyə çalışmalıyıq. Bu baxımdan Bakı Forumu müxtəlif ölkələrdən olan tərəfdaşlarımızla birlikdə təcrübə mübadiləsi, qiymətləndirmə, geriyə baxmaq üçün yaxşı bir imkandır. Hökumət nümayəndələri, ekspertlər, sənətçilər, qeyri-hökumət nümayəndələri ilə birgə bugünkü dünyaya dialoqu inkişaf etdirmək üçün nə edə bilərik sualına cavab tapmalıyıq.

   Tədbirdən gözləntilərə gəlincə, düşünürəm ki, müxtəlif insanlar arasında yeni koalisiya, tərəfdaşlıq yaranacaq. Ümid edirəm ki, gələcəkdə növbəti mərhələlərdə daha praktiki layihələr işləyə biləcəyik ki, bununla da mədəniyyətlərarası dialoqun münaqişələrin həllinə necə kömək göstərməsini nümayiş etdirmək mümkün olacaq.

   - Azərbaycanın Avropa Şurasının üzvü kimi mədəni anlaşma və mədəniyyətlərarası dialoq sahəsindəki rolunu necə dəyərləndirirsiniz?

   - Azərbaycan Avropa Şurasının 47 üzvündən biridir və mədəni əməkdaşlıq, xüsusilə mədəniyyətlərarası dialoq sahəsində olduqca aktivdir. Azərbaycanın bu sahədə fəaliyyəti çox genişdir. Ölkənizin belə bir tədbirə ev sahibliyi etməsi də dünyaya nümunədir. Azərbaycan tarixən Şərqlə Qərb, Şimalla Cənub arasında körpü rolu oynayıb. Eyni zamanda Avropa Şurası və İslam Konfransı Təşkilatına üzv olmasını nəzərə alsaq sivilizasiyalararası dialoqda Azərbaycan Respublikasının özünəməxsus missiyası var. Bundan başqa, artıq digər ölkələrdə yaranmış stabillik bu mədəniyyətləri konstruktiv və sülh yolu ilə birləşdirməyə yol tapmaqda şərait yaradır. Bu baxımdan Azərbaycan, Bakı dialoq üçün əlverişli məkandır. Dünya ölkələrini, insanları bir araya gətirmək baxımından Azərbaycan hökumətinin təşəbbüsü çox mühüm oldu. Çünki azərbaycanlılar Avropada və Avropadan kənarda təbiətən dostpərvər, qonaqpərvər insanlar kimi tanınırlar. Onlar iki qitədə, iki dünyada yaşayırlar. Hər kəs başa düşür ki, başqa dünya ilə ünsiyyət qurmaq, dialoq yaratmaq çox vacibdir. Bakı Forumunun gələcəkdə də ənənəvi olaraq keçiriləcəyinə ümid edirik.

   Dialoqa gəlincə, Şərq və Qərb, Avropa və qeyri-Avropa dövlətləri arasında, müsəlmanlar və xristianlar arasında dialoq çox mürəkkəb prosesdir. Lakin gözəl dialoqdur. Müxtəlif dialoqlar eyni vaxtda baş verə bilir. Dialoqun səviyyələri də müxtəlif ola bilər. Ən pisi odur ki, dialoq, ümumiyyətlə, olmasın. Bu, vəziyyəti mürəkkəbləşdirir.

   - Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs üzrə departamentinin direktoru kimi sizə məlumdur ki, Azərbaycan torpaqları ermənilər tərəfindən işğal olunub, mədəniyyət abidələrimiz dağılıb. Buna münasibətiniz necədir? Avropa Şurası Azərbaycanın işğal olunmuş torpaqlarında abidələrin vəziyyəti ilə nə zaman tanış olacaq?

   - Birincisi, mədəni irs bütün dünyaya məxsusdur və ümumi irsimiz sayılır. Mədəni irsin hər hansı formada dağıdılmasının kəskin şəkildə əleyhinəyik. Mədəni irsin sistemli dağıdılması Avropa Şurası tərəfindən qəbuledilməzdir. Bu, bütün vətəndaşların insan hüquqları, mədəniyyət hüquqlarının pozulmasıdır. Dünyada bir sıra ölkələr var ki, mədəni irsinin dağıdılmasından şikayətlənir. Biz hər bir xalqın, qonşunun, icmanın keçmişinə, mədəni irsinə ziyan vuran, onu itirən hər bir hərəkəti ittiham edirik. Bizim qurumun bu missiyanı üzərinə götürən texniki komandası var. Avropa Şurasının Mədəniyyət, mədəni və təbii irs üzrə Departamentinin bu missiyasını həyata keçirmək üçün hər iki tərəfin razılığı olmalıdır. Biz hələ bu razılığı əldə edə bilməmişik. Bir sözlə, Avropa Şurası mədəniyyət abidələrinə dəyən zərəri müəyyənləşdirmək üçün Dağlıq Qarabağa missiya göndərməyə hazırdır. Sadəcə olaraq bu missiyanın reallaşdırılması üçün bizə mandat verilməlidir.

   - Cənab Palmer, yaxın gələcəkdə Azərbaycanla birlikdə hansı layihələri reallaşdırmaq niyyətindəsiniz?

   - Hazırda Avropa Şurası Azərbaycanla mədəni sahədə üç layihə üzərində işləyir. Onlardan birinə artıq start vermişik və bu, «Artistlər dialoq naminə» layihəsidir. Mən bu layihədə iştirak edirəm. Bu cür dialoq münaqişələrin həllinə təsir göstərə bilər.

   Həmçinin iki il əvvəl icrasına başlanan, Avropa Şurası və Avropa Birliyinin birgə layihəsi olan «Mədəniyyətlərarası şəhərlər» çərçivəsində əməkdaşlıq edirik. Bu layihə milli azlıqların yaşadıqları şəhərlərlə bağlıdır. Bu sahədə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq edirik. Nazirlik kiçik icmaların, azlıqların birgə yaşayışına nümunə kimi göstəriləcək şəhərləri seçmək üçün Azərbaycanın müxtəlif şəhərlərinə səfərlərimizi təşkil edib. Düşünürəm ki, bu şəhərlərdən biri bizim proqramımıza daxil edilə bilər. Biz milli azlıqlardan olan gənclərlə birlikdə «Sülh düşərgələri» proqramını inkişaf etdiririk. Digər əməkdaşlıq sahəsi mədəniyyət siyasəti üzrə proqramdır. Proqramın məqsədi onun müasir dünyaya və reallıqlara uyğunlaşdırılmasıdır. Bizim qurum mədəni irs və təhsil sahəsində də fəaldır. Biz bütün sahələrdə yardımlar edirik və Azərbaycanın bizimlə birlikdə işləməsini davam etdirmək üçün ona kömək edirik.

   - Ölkəmizə tez-tez səfər edirsiniz. Bakını bu dəfə necə gördünüz?

   - Çox vaxt şəhərlər haqqında təəssüratlar fiziki olur. Yəni insanlar daha çox şəhərlərdəki tikililər haqqında düşünürlər. Mənim isə Azərbaycanla, Bakı ilə bağlı təəssüratlarım insanların qonaqpərvərliyi, alicənablığı ilə bağlıdır. Bakı bu baxımdan dünyaya açıq şəhərdir. Hər dəfə Bakıya gələndə xüsusilə muzeylərə baş çəkirəm, bu mənim təəssüratımı zənginləşdirir.

  

 

   Mehparə

 

   Mədəniyyət.- 2011.- 15 aprel.- S. 11.