Forumda
irəli sürülən dəyərli ideyalar xalqlararası
anlaşmaya xidmət edəcək
Dünya Mədəniyyətlərarası
Dialoq Forumu tarixə çevrildi
Aprelin 8-də “Gülüstan”
sarayında Dünya Mədəniyyətlərarası Dialoq
Forumunun bağlanış mərasimi oldu.
Mərasimdə Britaniya
Şurasının mədəni əlaqələr üzrə
“Counterpoint” elmi-araşdırma mərkəzinin direktoru
xanım Katrin Fieski Forumda müzakirə olunan mühüm əhəmiyyətli
məsələlərin qısa icmalını verdi. Forumun
uğurlu keçdiyini deyən xanım K.Fieski Azərbaycanın
rəhbərliyinə yüksək səviyyəli təşkilatçılığa
görə təşəkkür etdi.
Zəngin tarixə və mədəniyyətə malik olan Azərbaycanda belə bir möhtəşəm tədbirin keçirilməsinin dünya miqyasında çox böyük hadisə olduğunu deyən K.Fieski prezident İlham Əliyevin Forumun açılış sessiyasında dərin məzmunlu nitqinin bütün iştirakçılar tərəfindən maraqla qarşılandığını vurğuladı. Bildirildi ki, Azərbaycan prezidentinin nitqi, səsləndirdiyi ideyalar, təşəbbüslər, bu kimi tədbirlərin davamlı olaraq keçirilməsi ilə bağlı müraciəti hər bir iştirakçıda dərin təəssürat yaradıb.
K.Fieski həmçinin Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya Forumun “Qadınlar - mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri” mövzusunda sessiyada iştirakına və dərin məzmunlu çıxışına görə minnətdarlıq etdi.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Forumun bütün iştirakçılarına təşəkkür edərək tədbirin gözlənildiyindən də artıq uğurlu keçdiyini bildirdi. Nazir diqqətə çatdırdı ki, Bakı Forumunun əhəmiyyəti təkcə yeni ideyaların və təkliflərin irəli sürülməsində deyil, həm də fərqli mədəniyyətləri təmsil edən nümayəndələrin bir araya gələrək olduqca məhsuldar müzakirələr, fikir mübadilələri aparmalarındadır. Nazir əmin olduğunu bildirdi ki, Forumda irəli sürülən dəyərli ideyalar müxtəlif xalqlar arasında daha yaxşı anlaşmanın əldə edilməsində, mədəniyyətlərarası əlaqələrin daha da güclənməsində böyük rol oynayacaq: “Forumun nəticəsi olaraq belə bir qərara gəldik ki, biz fərqli məkanlarda yaşasaq da, fərqli mədəniyyətləri təmsil etsək də arzumuz birdir: sülh, xoşbəxtlik, firavanlıq, sağlamlıq”.
Forumun
bağlanış mərasiminin iştirakçıları
belə bir yekdil qənaətə gəldiklərini bəyan
etdilər ki, Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası
dialoqun müvəffəqiyyətlə gerçəkləşdiyi
coğrafi məkan kimi bütün dünya ölkələrinə
nümunə olmağa layiqdir.
Mədəniyyət.-
2011.- 15 aprel.- S. 10.