Müasir dünyada mədəniyyətlərin müxtəlifliyi və dialoq fəlsəfəsi

 

   Aprelin 7-9-da Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakı Biznes Mərkəzində “Müasir dünyada mədəniyyətlərin müxtəlifliyi və dialoq fəlsəfəsi” mövzusunda beynəlxalq konfrans keçirildi.

  

   Tədbirdə Azərbaycandan və dünyanın müxtəlif ölkələrindən filosoflar, alimlər iştirak edirlər. Konfransın ilk plenar iclasında Azərbaycan, Rusiya, Türkiyə, Qazaxıstan və Belarus alimləri məruzələrlə çıxış etdilər.

   Konfransı açıq elan edən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə bildirdi ki, konfransın məqsədi qloballaşan dünyada mədəniyyətlərinin müxtəlifliyinin qorunub saxlanmasında dialoq fəlsəfəsini müzakirə etməkdir.

   Rusiya Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru Əbdülsalam Hüseynov çıxışında mədəniyyətlərarası dialoqda fəlsəfənin imkanlarını təhlil etdi. Türkiyənin Vatikandakı səfiri, professor Doktor Kənan Gürsoy “Qloballaşma dövründə mədəniyyətlərin müxtəlifliyi və birgəyaşayış etikası” mövzusunda çıxış etdi.

   Sonra mövzu ətrafında Qazaxıstanın Təhsil və Elm Nazirliyi Fəlsəfə və Politologiya İnstitutunun direktoru Əbdülnatiq Nısanbayevin “Qarşılıqlı anlaşma konseptinin mədəniyyətlərarası dialoq məkanında məna və əhəmiyyəti”, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilovun “Sivilizasiya, mədəniyyət, mənəviyyat: eyniyyət və fərq məqamları”, Belarus Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru Anatoli Lazareviçin “Qlobal kommunikasiya və milli-mədəni identiklik” və s. məruzələr dinlənildi.

   Konfrans aprelin 8-də işini “Müasir dünyada dialoq fəlsəfəsinin dərkinə dair” mövzusunda dəyirmi masa ilə davam etdirdi. Rusiya Elmlər Akademiyasının İslam dünyası fəlsəfəsi sektorunun müdiri Andrey Smirnovun “Qeyri-Qərb fəlsəfəsi mümkündürmü”, Rusiya Elmlər Akademiyasının sosial fəlsəfə sektorunun müdiri Valentina Fedotovanın “Mədəniyyət və sivilizasiyalar dialoqu qloballaşma dövrünün sosial innovasiyası kimi” mövzularda məruzələri dinlənildi.

   Aprelin 9-da beynəlxalq konfrans çərçivəsində “Mədəniyyətlərin müxtəlifliyi və qloballaşma: stereotiplərdən azad olaraq və dialoq axtarışında” mövzusunda növbəti dəyirmi masa keçirildi.

   “Müasir dünyada mədəniyyətlərin müxtəlifliyi və dialoq fəlsəfəsi” mövzusunda beynəlxalq konfransa birgə memorandum qəbulu ilə yekun vuruldu. Memorandum mədəniyyətlərin dialoqu problemlərinin tədqiqində dünya filosoflarını əməkdaşlığa çağırır.

 

 

   Mədəniyyət.- 2011.- 15 aprel.- S. 10.