Azərbaycan çoxmədəniyyətli cəmiyyətdir

 

   Euronews telekanalında Bakı Forumu barədə veriliş yayımlanıb

  

   Dünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi media tərəfdaşı olan Euronews telekanalının efirində bu nüfuzlu beynəlxalq tədbir haqqında veriliş yayımlanıb.

  

   Verilişdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva, İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri, Avropa mədəniyyət parlamentinin baş katibi Karl Erik Norman, Avropa Şurasının mədəniyyət və mədəni irs üzrə direktoru Robert Palmer, Fransa senatının üzvü Natali Meryem Qule, Belçika senatının fəxri spikeri Ann-Mari Lizin ilə müsahibələr göstərilib.

   Verilişdə Bakı Forumunun mədəniyyət və sivilizasiyalararası dialoqun geniş müzakirəsi üçün imkanlar açdığı vurğulanır: “Yaşadığımız dünyada bizə nə lazımdır - sivilizasiyaların münaqişəsi, yoxsa dialoq və qarşılıqlı anlaşma? Bu, forumda səslənən əsas suallardan biri idi. Forum iştirakçılarının ümumi fikrinə görə, Azərbaycan artıq təşəkkül tapmış çoxmədəniyyətli cəmiyyətdir, burada bütün əsas dinlər dinc, yanaşı fəaliyyət göstərir. Özü də elə bir vaxtda ki, Avropa təyini-müqəddərat böhranında, mədəni müxtəliflik düyünündə çarpışır.

   Təəssüf ki, dünyada harmoniya bərqərar olacağı günü hələ çox gözləmək lazım gələcəkdir: son illərdə planetdə zorakılıq getdikcə artmaqdadır. Forum iştirakçılarının fikrincə, buna səbəb odur ki, siyasətçilər və din xadimləri dialoqun imkanlarından istifadə etmirlər. Dialoq isə yalnız iki tərəf olduqda mümkündür.

   Forumda müzakirə edilmiş daha bir mühüm mövzu qadınların mədəni dialoqda və cəmiyyətdə rolu məsələsi idi. Məlum olduğu kimi, Şərqdə ilk dəfə məhz Azərbaycanda qadınlara seçki hüququ verilmişdir. Bu baxımdan, forum iştirakçılarının fikrincə, Azərbaycan bu məsələnin müzakirə edilməsi üçün ən münasib yerlərdən biridir”.

   Fransa Senatının üzvü Natali Meryem Qule deyib: “Bu gün Azərbaycanda qadınlar bütün sahələrdə təmsil olunmuşdur - həm elmdə, həm siyasətdə, həm səhiyyədə, həm də təhsildə. Mən belə hesab edirəm ki, bir sıra başqa sahələrdə olduğu kimi bu sahədə də Azərbaycan başqa ölkələr üçün yaxşı nümunə ola bilər”.

   Gender bərabərliyi mədəniyyətlərarası dialoqda konsensus nöqtələrindən biri ola bilərmi? Bu, mürəkkəb məsələdir, lakin Forum iştirakçıları bu ideyanı dəstəkləmişlər.

   Əbdüləziz Osman əl-Tüveycri vurğulayıb: “Bütün kişilər və qadınlar cəmiyyətin inkişafında iştirak etmək hüququna və imkanına malik olmalıdırlar. Hər halda bu, insanın ləyaqəti məsələsidir - biz hamımız vahid bəşəriyyətə mənsub olan insanlarıq”.

   Verilişin sonunda qeyd edilir ki, dünyanı yaxşılığa doğru dəyişmək üçün təkcə bu barədə danışmaq azdır, lakin bəzən dialoq aparmağa və müsahibini dinləməyə hazır olmağın özü müsbət rol oynaya bilər.

 

 

    Mədəniyyət.- 2011.- 15 aprel.- S. 7.