Azərbaycandan dünyaya önəmli mesajlar
Firudin
Qurbanov: “Dünya Mədəniyyətlərarası Dialoq
Forumunun iştirakçıları ölkəmizdəki
tolerantlıq mühitini öz gözləri ilə
gördülər”
Ötən
həftə Azərbaycanda daha bir beynəlxalq əhəmiyyətli
tədbir keçirildi. Bakı Dünya Mədəniyyətlərarası
Dialoq Forumuna ev sahibliyi etməklə dünyanın nəzərlərini
özünə cəlb etməyi bacardı. Azərbaycan
hökumətinin və beynəlxalq qurumların təşkilatçılığı
ilə reallaşan bu nüfuzlu tədbirdə dünyaya önəmli
mesajlar səsləndi.
Mədəniyyət və Turizm
Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanovla Dünya
Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti
barədə danışdıq.
- Firudin müəllim, Dünya Mədəniyyətlərarası
Dialoq Forumunun dünya üçün, özəlliklə də,
tədbirə ev sahibliyi edən Azərbaycan üçün əhəmiyyətini
necə xarakterizə etmək olar?
- Öncə onu deyim ki, Azərbaycan
paytaxtında yüksək səviyyədə keçirilən
və öz işinə uğurla yekun vuran Dünya Mədəniyyətlərarası
Dialoq Forumu həqiqətən də çox əhəmiyyətli
bir tədbir idi. Forumun coğrafiyasına, miqyasına, tərkibinə
nəzər salanda onun həqiqətən də necə önəmli
bir tədbir olduğunu görmək olar. Beş qitəni əhatə
edən Forumda 80-dən çox ölkə təmsil olunurdu. Nüfuzlu
beynəlxalq təşkilatlara rəhbərlik edən şəxslərin,
xarici ölkələrin mədəniyyət nazirlərinin,
ictimai-siyasi xadimlərin, elm adamlarının və
tanınmış media quruluşlarının təmsilçilərinin
iştirakı tədbirin əhəmiyyətindən xəbər
verir. UNESCO, İSESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa
Şurası və Avropa Şurasının Şimal-Cənub
Mərkəzi tərəfdaş qurumlar kimi tədbirin təşkil
olunmasında mühüm rol oynadılar. Nüfuzlu Euronews
telekanalı Forumun əsas informasiya təminatçısı
qismində çıxış etdi. Bir məsələni də
qeyd etmək yerinə düşər. Forumun tərəfdaşları
olan həmin beynəlxalq təşkilatlar müxtəlif
platformadan çıxış edir, məsələlərə
baxışları bəzən bir-biri ilə uzlaşmır. Bu
təşkilatların Dünya Mədəniyyətlərarası
Dialoq Forumunda bir araya gəlmələri xüsusi əhəmiyyətə
malikdir və yəqin ki, bütün dünyada anlaşma
mühitinin formalaşmasına böyük töhfə verəcək.
Forum təkcə Azərbaycanda
deyil, həm də dünya səviyyəsində mühüm
bir hadisə oldu. Mübaliğəsiz və tam cəsarətlə
demək olar ki, Azərbaycan dövlətinin, prezident İlham Əliyev
cənablarının xüsusi diqqət və
qayğısı olmasaydı, ölkəmizdə belə bir nəhəng
beynəlxalq tədbirin keçirilməsi mümkün
olmazdı. Azərbaycan prezidenti İlham Əliyev cənabları
və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və
İSESCO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyevanın Forumun işində
iştirakı və onların dərin məzmunlu
çıxışları beynəlxalq tədbirin gedişinə
xüsusi ahəng verdi. İstər cənab prezident, istərsə
də Mehriban xanım Əliyeva öz
çıxışlarında Forumun tribunasından dünyaya
önəmli mesajlar səsləndirdilər. Təsadüfi
deyil ki, tədbirin gedişindəki çıxışlar məhz
bu mesajlar və qarşıya qoyulan hədəflər ətrafında
oldu.
Mədəniyyətlərarası
dialoq anlayışına son dövrlər bir çox beynəlxalq
səviyyəli sənədlərdə tez-tez rast gəlinir. Son
zamanlar təkcə Avropada deyil, bütün dünyada baş
verən siyasi proseslər bu anlayışı daha da
aktuallaşdırıb. Çox təəssüf ki,
dünyada hələ də siyasi münaqişələr
davam edir, ekstremizm və dini dözümsüzlük
hallarına rast gəlinir. Buna görə də mədəniyyətlərarası
dialoqa nail olmağın xüsusi əhəmiyyəti var. Mədəniyyətlərarası
dialoq artıq daim inkişaf edən bir prosesdir. Bu gün
Avropada güclü miqrasiya prosesləri baş verir. Müxtəlif
mədəniyyətlərə, tarixi köklərə malik
insanlar burada məskunlaşır və bu üzdən də fərqli
mədəniyyətlər arasında dialoqun əldə
olunmasına böyük ehtiyac yaranıb. Dialoq isə
yalnız hər iki tərəfin buna marağı və
xoş niyyəti olduğu zaman reallaşır. Məhz bu zaman
dözümsüzlük aradan qalxır, digər mədəniyyətlərə,
dinlərə xoş münasibət ön plana keçir. Bunun
əksi baş verəndə isə bütün bəşəriyyətin
əziyyət çəkdiyi hallar önə
çıxır. Ekstremizm, dini dözümsüzlük
üçün bir növ münbit şərait yaranır.
Oxucuların diqqətini bir məsələyə
də yönəltmək istərdim. Həm İlham Əliyev
cənabları, həm də Mehriban xanım Əliyeva
Dünya Forumundakı çıxışları zamanı
multikulturalizm məsələsinə də toxundular. Bu gün
multikulturalizm bir çox ölkələrdə var. Həmin
ölkələrdə müxtəlif dinlərə, mədəniyyətlərə
malik insanlar dinc, anlaşma şəraitində
yaşayırlar. Çox təəssüf ki, bəzi hallarda
multikulturalizmin əleyhinə yönələn proseslərə
də rast gəlirik. Bu gün dünyanın inkişafı
üçün multikulturalizm daha doğru yoldur.
Çünki multikulturalizm ekstremizmin, dini
dözümsüzlüyün aradan qalxmasına kömək
edir, müxtəlif köklərə və
dünyagörüşünə malik olan xalqlar arasında
dözümlülük və sülh şəraiti yaradır.
- Azərbaycandakı tolerantlıq
bu gün dünya dövlətləri üçün
nümunə göstərilir. Bakıda keçirilən
Dünya Mədəniyyətlərarası Dialoq Forumunun
gedişində ölkəmizin bu sahədəki təcrübəsi
xüsusi qeyd edildi...
- Ölkəmiz tolerantlıq ənənəsi
olan qədim bir məkandır. Azərbaycanda tarixən
müxtəlif dinlərə, mədəniyyətə malik
xalqlar dinc və yanaşı yaşayıblar. Bir-birlərinə
qarşılıqlı anlaşma nümayiş etdirən bu
konfessiyalar və millətlər arasında heç vaxt dini zəmində
qarşıdurma baş verməyib. Tarixdən qaynaqlanan tolerantlıq
ənənəsi son illər daha da inkişaf edir. Əsası
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan
və bu gün prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilən siyasi-iqtisadi uğurlarımızda
bu amilin də öz payı var. Azərbaycanda müxtəlif
dinlərə mənsub insanlar dinc və yanaşı
yaşayır, ölkəmizin uğurlarına öz töhfələrini
verirlər. Azərbaycan dövləti təkcə məscid və
ziyarətgahların deyil, digər dinlərə məxsus kilsə
və sinaqoqların qorunmasına, bərpasına da xüsusi
diqqət ayırır. Forum ərəfəsində Bakıda
dövlət vəsaiti hesabına dağ yəhudilərinin
yeni sinaqoqunun istifadəyə verilməsi buna bariz nümunədir.
Təsadüfi deyil ki, bu gün Azərbaycandakı
tolerantlıq mühiti dünyaya nümunəvi model kimi təqdim
olunur. Forum iştirakçıları da bunu əyani şəkildə
gördülər. Azərbaycan bu gün həm Avropa
Şurasının, həm də eyni zamanda İSESCO-nun
üzvü olan yeganə dövlətdir. Ölkəmiz Qərblə
Şərq arasında önəmli bir körpüdür. Azərbaycan
bu çox mühüm missiyanı uğurla həyata
keçirir. Dünya Mədəniyyətlərarası Dialoq
Forumunun birinci dəfə məhz Bakıda keçirilməsi
uğurlarımıza dünya səviyyəsində verilən
yüksək qiymətin bariz nümunəsidir.
Mədəniyyət.-
2011.- 15 aprel.- S. 7.