Mədəniyyətlərarası dialoq böyük siyasətin mövzusudur

 

   Mehriban Əliyeva: “Bu məkanda insanlararası, dövlətlərarası, xalqlararası dialoq haqq-ədalət prinsipləri əsasında qurulmalıdır”

  

   Aprelin 8-də Dünya Forumu “Qadınlar - mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri” mövzusunda üçüncü sessiya ilə işini davam etdirdi. Sessiyanın həmsədrləri Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva və UNESCO-nun mədəniyyət və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina Stenu idi. Sessiyada qadınların mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri kimi cəmiyyətdə oynadığı rolun təşviq edilməsi məqsədi ilə nəzəri və praktiki çərçivənin müəyyən edilməsi məsələləri müzakirə olundu.

     

   Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sessiyada çıxış etdi. Son dövrlər Bakının əsl dialoq məkanına çevrildiyini vurğulayan Mehriban Əliyeva 2008-2010-cu illərdə burada Avropa Şurası və İslam Konfransı Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərinin toplantılarının, dini liderlərin sammitinin, beynəlxalq qadın konfransının keçirildiyini nəzərə çatdırdı: “Əslində belə tədbirlərin keçirilməsi üçün Azərbaycanda həm güclü zəmin, həm də əlverişli mühit mövcuddur. Qədim dövrdən Azərbaycan bütün dünyaya açıq olan bir diyar kimi tanınır və ölkəmizdə hökm sürən yüksək tolerantlıq mühitini insanlarımızla ilk təmasdan hiss etmək mümkündür. Bakıda yanbayan yerləşən müsəlman məscidi, katolik kastyolu, pravoslav kilsəsi, yəhudi sinaqoqu bu mühitin həm sübutu, həm də nəticəsidir”.

   Mehriban Əliyeva mədəniyyətlərarası dialoq mövzusunun dünyada ən aktual mövzulardan biri olduğunu vurğuladı: “Düşmənçilik, dözümsüzlük, etnik təmizləmələr, soyqırımı, müharibələr bugünkü dünyanın reallığıdır. Bu gün dünyada qarşıdurmaların və münaqişələrin sayı azalmır, əfsuslar olsun ki, artır. Əlbəttə, belə olan halda dialoq mövzusuna qatılan insanların sayı ildən-ilə çoxalır. Bu da öz növbəsində gündəmə müxtəlif təkliflər, ssenarilər gətirir”.

   Mədəniyyətlərarası dialoqla yanaşı, bu prosesə qarşı çıxan, dinlər və sivilizasiyalar arasında düşmənçilik yayan qüvvələrin də olduğunu qeyd edən Mehriban Əliyeva bu yaxınlarda baş vermiş hadisəyə - Amerikada bir keşişin müqəddəs Qurani-Kərimi yandırması faktına da toxundu. Təəssüflə qeyd etdi ki, bu dəhşətli hadisə dünya ictimaiyyəti tərəfindən qəti şəkildə pislənmədi: “Hesab edirəm ki, zəmanəmizin ən böyük təhlükələrindən biri dinin siyasiləşdirilməsidir. Müxtəlif ekstremist şüarlar din şüarları altında gündəmə gətirilməməlidir. Belə hərəkətlər normal münasibətlərə ziddir və yalnız yeni qarşıdurmalar üçün zəmin yaradır».

   Artıq mədəniyyətlərarası dialoqun sırf kulturoloji problem çərçivəsindən çıxıb böyük siyasətin probleminə çevrildiyini deyən Mehriban Əliyeva bu gün qloballaşmanın dünyanın reallığı olduğunu bildirdi: «Mən əminəm ki, əgər biz sabahı düşünürüksə, gələcək nəsillər qarşısında öz məsuliyyətimizi dərk ediriksə, biz xalqlararası, millətlərarası münasibətləri məhz etika və ədalət platformasında qurmağa çalışmalıyıq. Bu, uzunmüddətli və ağır prosesdir. Lakin hər bir uzun yol ilk addımdan başlayır. Bunun üçün yalnız həmrəylik və xoş niyyət lazımdır. Mən əminəm ki, məhz bu halda humanizm və ədalət əsasında konstruktiv dialoqun qurulması mümkündür».

   Sessiyanın digər həmsədri, UNESCO-nun mədəniyyət və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina Stenou çıxışında bildirdi ki, qadınların mədəniyyətlərarası dialoqda roluna diqqət çəkdi: “Keçmişi qoruyan qadınlar yenilikləri və dəyişiklikləri də aramıza gətirən şəxslərdir”.

   Rusiya parlamentinin yuxarı palatasının - Federasiya Şurasının sədr müavini Svetlana Orlova çıxışında əmin olduğunu bildirdi ki, Bakıdan başlanan dialoq yolu dünya miqyaslı platformaya çevriləcək. Qeyd etmişdir ki, Azərbaycan bu sahədə öncül sıradadır: “Çünki hələ 90 il əvvəl Şərqdə ilk dəfə qadınların seçki hüququ Azərbaycanda tanınmışdır”.

   Paris şəhərinin 7-ci rayonunun meri, Avropa Parlamentinin üzvü Rəşidə Dati Bakıda müxtəlif sivilizasiyaların qovuşduğunu və Azərbaycanın belə mötəbər tədbirləri keçirməklə mədəniyyətlərarası dialoq prosesinə böyük töhfə verdiyini diqqətə çatdırdı.

   Mərakeş parlamentinin üzvü Mbarka Buyada müasir cəmiyyətin qurulmasında qadınların rolunun daha da gücləndirilməsinin vacibliyini vurğuladı.

   Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova gender problemləri həll olunmadan mədəniyyətlərarası dialoq sahəsində nailiyyətlərin əldə edilməsinin mümkünsüzlüyünü bildirdi.

   Tədbirdə Rusiyanın İqtisadi Strategiyalar İnstitutunun direktoru Aleksandr Ageev, ABŞ-ın Mədəniyyətlərarası Dialoq Mərkəzinin direktoru Vendi Lids-Hurvits BMT-nin “Minillik layihəsi”nin Meksika qovşağının rəhbəri Konsepsiyon Olavarieta və digər ekspertlər çıxış etdilər.

   Çıxış edənlər belə bir mötəbər tədbirin məhz gender bərabərliyinin qorunduğu bir ölkə olan Azərbaycanda keçirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirdilər. Çıxışlarda diqqətə çatdırıldı ki, qadınların mədəniyyətlərarası dialoqun təşkilində və inkişafında mühüm xidmətləri var. Dünyada müxtəlif siyasi, sosial və mədəni problemlərin həllini hələ də tapmadığı bir dövrdə mədəniyyətlərarası dialoqa çox böyük ehtiyac olduğu vurğulandı və bu məsələdə qadınların təcrübələrinin müxtəlifliyinə ədalətlə yanaşmağın vacibliyi qeyd edildi. Gender bərabərliyinin bütün sosial və mədəni sahələrdə hər şeydən üstün tutulması, o cümlədən ənənəvi və müasir cəmiyyətlər daxilində qadınların mövqelərinin daha da güclənməsinin vacibliyi vurğulandı.

 

Mədəniyyət.- 2011.- 15 aprel.- S. 5.