Yüksək
ixtisaslı kadrlar mədəniyyətin sabahıdır
“Qloballaşma şəraitində
milli mədəniyyətin qorunmasında menecerlər xüsusi
rol oynamalıdırlar”
“Amerika universitetləri
qüvvətlidir ona görə yox ki, Amerika varlıdır.
Amerika varlıdır ona görə ki, onun universitetləri
qüvvətlidir”. ABŞ prezidentlərindən birinin bu
sözləri müasir dünyada yüksək təhsilin nə
dərəcədə böyük önəm kəsb etdiyinə
gözəl nümunədir.
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin Kulturologiya fakültəsinin mədəniyyət
meneceri və muzey işi və abidələrin mühafizəsi
ixtisaslarının yaranmasının 20 ili tamam olur. Bu illər
ərzində hər iki ixtisas üzrə təhsil alan tələbələr
mədəniyyətin müxtəlif sahələrində
yüksək ixtisaslı kadrlar kimi özlərini
doğruldublar.
Kulturologiya fakültəsinin
dekanı, fəlsəfə üzrə fəlsəfə
doktoru, dosent Apdin Əlizadə ötən 20 ilə qısa nəzər
saldı:
- Universitetimizin rektoru Timuçin Əfəndiyev
ali məktəbdə dövrün tələblərinə
uyğun olaraq yeni ixtisasların açılmasına
xüsusi diqqət yetirir. Məhz bu diqqət sayəsində
1991-ci ildə Kulturologiya fakültəsində iki yeni ixtisas -
mədəniyyət meneceri və muzey işi və abidələrin
mühafizəsi ixtisasları açıldı. Kulturologiya
fakültəsi universitetin aparıcı fakültələrindən
biridir. 1991-ci ildən bugünədək fakültəmizdə
10 minədək tələbə təhsil alıb. Fakültədə
“Mədəniyyətşünaslıq”,
“Muzeyşünaslıq”, “İqtisadiyyat və informatika” və
“Tətbiqi kulturologiya” kafedraları fəaliyyət göstərir.
Hazırda fakültədə 4 ixtisas - kulturologiya, mədəniyyət
meneceri, beynəlxalq münasibətlər, muzey işi və
abidələrin qorunması ixtisasları üzrə kadrlar
hazırlanır. 500-dən çox tələbəmiz var.
Fakültədə 50-yə yaxın professor-müəllim
çalışır.
Mədəniyyət
meneceri
Kulturologiya fakültəsinin
“İqtisadiyyat və informatika” kafedrasının müdiri,
iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru, dosent
Məleykə Həsənova:
- “İqtisadiyyat və informatika”
kafedrası 2001-ci ildən fəaliyyət göstərir.
Kafedrada “Mədəniyyət meneceri” və “Tətbiqi incəsənət”
ixtisasları üzrə bakalavr təhsilli mütəxəssislər
hazırlanması üzrə ümumilikdə 33 fənn tədris
edilir. Mədəniyyət meneceri ixtisasından danışarkən,
əvvəlcə menecmentin tarixinə nəzər salmaq
lazımdır. Menecmentin tarixi kökləri qədimlərə
gedib çıxsa da, bir elm kimi XX əsrin əvvəllərində
nəzəri cəhətdən əsaslandırılıb.
Amerika mühəndisi, alim və
sahibkar Federiko Teylor “İdarəetmənin əsas prinsipləri”
əsərini yazdı və bununla da biznesin idarə edilməsinə
konseptual baxış dəyişdi. O, işə qəbul
olunanla, işə götürüləni iki yerə
böldü: idarə edənlər və idarə olunanlar.
İdarə edənlərin əsas funksiyası idarəetmədə
yeni üsullar, yeni formalar tətbiq etməklə sonda məhsul
istehsalını artırmaq idi. Bu məqsədlə o poladəritmə
sənayesində çalışan fəhlələr
arasında təcrübə aparır. Nəticə
özünü doğruldur. Normanı yerinə yetirənlər
işdə qalır, yerinə yetirməyənlər isə
işdən azad edilir. Son nəticədə müəssisə
xeyli gəlir əldə edir, fəhlələrin əmək
haqqı yüksəlir. Bu metod tezliklə Amerikadan Avropaya
yayılır və Teylor sistemi menecment sahəsində ilk məşhur
sistem olur. Keçmiş SSRİ-də bu sistemi “Tər
tökdürən əməkhaqqı sistemi” adlandırsalar
da, zaman keçdikcə bu sistem özünü doğruldur.
Bu gün dünyada xüsusi menecer məktəbləri fəaliyyət
göstərir. Avropa ölkələrində menecer çox
yüksək ixtisas hesab olunur. Bu ixtisas ən gəlir gətirən
sahə kimi qiymətləndirilir.
Menecmentlik istehsalat sahələrində
özünü doğrultduğundan 1960-cı illərdən
qeyri-istehsal sahələrinə də sirayət etdi. Bank
menecmenti, tibb menecmenti, mədəniyyət menecmenti, ekoloji
menecment, turizm menecmenti və digər xidmət sahələrində
tətbiq olundu.
Qeyri-istehsal
sahəsində menecment
- Menecmentlər ilk növbədə
öz işlədiyi sahənin xüsusiyyətlərini
yaxşı bilməli, tələbkar, təşəbbüskar,
yenilikçi olmalı, qərar qəbul edərkən həm
daxili amilləri, həm xarici amilləri nəzərə
almalıdırlar. 60-cı illərdə artıq qeyri-istehsal
sahəsində menecment fəaliyyətindən istifadə edilməyə
başlandı. Qeyri-istehsal sahələrində menecmentin əsas
vəzifəsi həm də milli-mənəvi dəyərlərin
saxlanması, qorunması, inkişaf etdirilməsi, gələcək
nəsillərə çatdırılmasıdır. Bu
gün dünyada qloballaşma gedir. Mədəniyyət
heç bir sərhəd tanımadan telekanallar, kasetlər,
disklər vasitəsi ilə axıb digər ölkələrin
mədəniyyətini sıxışdırır. Buna görə
də bu qloballaşma şəraitində milli mədəniyyətin
qorunmasında menecerlər xüsusi rol oynamalıdırlar.
Universitetimiz 20 ildir ki, menecer
ixtisası üzrə mütəxəssislər
hazırlayır.
Kulturologiya fakültəsinin
“İqtisadiyyat və informatika” kafedrası olaraq
qarşımıza məqsəd qoymuşuq ki, menecer və
prodüser ixtisasları üzrə dünya standartlarına
uyğun mütəxəssislər hazırlayaq. Bunun
üçün “Mədəniyyətin iqtisadiyyatı”, “Mədəniyyət
sahəsində sahibkarlığın əsasları”, “Mədəniyyət
sahələrinin maliyyələşmə xüsusiyyətləri”,
“Mədəniyyət sahəsində kreditləşmə
xüsusiyyətləri”, “Mədəniyyət sahələrində
gömrük münasibətləri”, “Bank işi”, “Vergi
münasibətləri” fənlərini tədris edirik.
Fakültəmizin məzunları mədəniyyətin
müxtəlif sahələrində - televiziyalarda, teatrlarda,
prodüser mərkəzlərində çalışırlar.
“Muzey
işi və abidələrin mühafizəsi”
”Muzeyşünaslıq”
kafedrasının müdiri, sənətşünaslıq elmləri
üzrə fəlsəfə doktoru, dosent Elfira Qurbanova:
- Muzeyşünaslıq çox
spesifik bir elmdir. Dünyada bu elmin yaranma tarixi XX əsrin
20-30-cu illərinə təsadüf edir. Universitetimizdə
“Muzeyşünaslıq” kafedrası 1991-ci ildən bu günədək
“Muzey işi və abidələrin mühafizəsi”
ixtisası üzrə ali təhsilli kadrların
hazırlanmasında iştirak edir. Bu gün respublikamızda
müxtəlif profilli muzeylər fəaliyyət göstərir.
Məzunlarımızın əksəriyyəti öz
ixtisaslarına uyğun olaraq Milli Tarix Muzeyində, Nizami Gəncəvi
adına Azərbaycan Ədəbiyyatı Muzeyində, Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyində, xatirə və ev-muzeylərində, habelə
tarix-diyarşünaslıq və digər profilli muzeylərdə
çalışırlar.
“Muzeyşünaslıq”
kafedrasında “Muzeyşünaslıq, arxiv işi və abidələrin
qorunması” ixtisası üzrə yalnız bakalavr pilləsində
18 fənn, o cümlədən “Diyarşünaslıq”, “Muzey
fondu və fond işi”, “Muzey işinin tarixi, nəzəriyyəsi,
təşkili və idarəolunması”, “Muzey ekspozisiyası”,
“Elmi-tədqiqat işi”, “Muzeydə ekspert işi”, “Muzeydə
elmi-maarif və mədəni-kütləvi işin təşkili
metodikası”, “Dünya muzeyləri” və s. tədris olunur.
Yuxarıda qeyd edilən fənlərin
tədrisi məqsədilə kafedrada yüksək
ixtisaslı, peşəkar, təcrübəli professor-müəllim
heyəti çalışır. Son illərdə təhsil
sahəsində həyata keçirilən islahatlarla əlaqədar
kafedra müəllimlərinin iştirakı ilə 34 çap
vərəqi həcmində “Muzeyşünaslıq” dərsliyi,
“Muzeyşünaslıq kursu” üzrə 10 çap vərəqi
həcmində kompleks tədris proqramı və 40 çap vərəqi
həcmində “Memorial-xatirə və ev-muzeylərinin kataloqu”
işıq üzü görüb.
Kafedra istər universitetdaxili və
istərsə də ondan kənar elm, təhsil və mədəniyyət
müəssisələrində keçirilən tədbirlərdə
fəal iştirak edir. Müəllimlərimiz elmi-nəzəri
konfranslarda, elmi simpoziumlarda, görüş-dialoq və dəyirmi
masa toplantılarında maraqlı məruzələrlə
çıxış edirlər.
Unikal
ixtisaslar
“Tətbiqi kulturologiya”
kafedrasının müdiri, kulturologiya elmləri doktoru,
professor İlqar Hüseynov:
- “Tətbiqi kulturologiya” kafedrası Azərbaycanda yeganə kafedra hesab olunur ki, bu sahə üzrə yalnız Mədəniyyət və İncəsənət universitetində baza ixtisası üzrə mütəxəssislər hazırlanır. Kulturologiya fakültəsi özü də ali məktəblər arasında yalnız bizim universitetimizdə fəaliyyət göstərir. Ona görə də kulturologiya ilə məşğul olan alimlər məhz bu fakültədə kulturologiyanın həm nəzəriyyəsi, həm də praktik məsələləri ilə bağlı tədqiqat işləri aparırlar. Son dövrdə kafedramızda 20-dən çox kulturoloji aspektdə dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, müxtəlif elmi məcmuələr çap edilib. Müəllimlərimiz onlarla beynəlxalq elmi konfrans və simpoziumlarda çıxış ediblər. “Tətbiqi kulturologiya”, “Dünya mədəniyyət siyasəti”, “Turizmin əsasları”, “Kulturologiya” və s. kitablar ərsəyə gəlib. Universitetdə yeni, unikal ixtisasların açılmasında hörmətli rektorumuz, professor Timuçin Əfəndiyevin çox böyük xidmətləri var. Hazırda universitetimizdə 40-dan çox unikal ixtisas üzrə mütəxəssislər hazırlanır ki, bu mütəxəssislər mədəniyyətimizin sabahıdır.
Kulturologiya fakültəsi bu gün əldə etdiyi nailiyyətlərlə kifayətlənmir. Fakültə üzərinə düşən məsuliyyəti hiss edir. Kulturologiya fakültəsinin mədəniyyət meneceri və muzey işi və abidələrin mühafizəsi ixtisaslarının 20 yaşı tamam olsa da, bu ixtisaslar universitetin hələ də yeni ixtisasları sayılır. Çünki təhsil uzunmüddətli bir prosesdir. Necə ki, Çin filosofu Konfutsi deyirdi: “Əgər bir illik planın varsa, taxıl ək. Əgər 10 illik planın varsa, bağ sal. Əgər 100 illik planın varsa, insanları öyrət”. Bu baxımdan 20 il hələ yolun başlanğıcıdır...
Təranə Vahid
Mədəniyyət.-
2011.- 20 aprel.- S. 15.