Milli Kitabxanada “Oxucu günü”

 

   Anket-sorğusunun nəticələri işi daha da təkmilləşdirməyə imkan verir

  

   Xəbər verdiyimiz kimi, 2010-cu il oktyabrın 22-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında media nümayəndələrinin iştirakı ilə “Oxucu günü” adlı geniş tədbir keçirilmişdi.

  

   “Kitabxanaşünaslıq elmi-tədqiqat“ şöbəsi tərəfindən hazırlanan tədbirin məqsədi oxucu marağı, kitabxananın kataloq və kartoteka sisteminin vəziyyəti, elektron kitabxana və elektron kataloqun səmərəliliyinə təsir edən amillərin öyrənilməsi, kitabxana saytından istifadə kimi məsələlərin aydınlaşdırılması idi.

   Tədbirdə oxuculara 24 sualdan ibarət 400-dən çox “anket-sorğu” paylandı. Kitabxana rəhbərliyi oxucularla əlaqədar şöbələrin müdirlərinin iştirakı ilə görüş keçirdi. Səslənən bütün fikirlər, suallar dinlənildi, müzakirə olunub cavablandırıldı.

   İndi isə həmin sorğunun nəticələrini diqqətə çatdırmaq istərdik.

   Sorğuda 16-30 yaş arası 209, 30-83 yaş arası 42, orta təhsilli 23, natamam ali 175, ali təhsilli 147 nəfər oxucu iştirak edib. Sualları müxtəlif ixtisas sahibləri - filoloq, tarixçi, iqtisadçı, mühəndis, pedaqoq, hüquqşünas, tərcüməçi, bioloq, kimyaçı, tibb işçisi, jurnalist, gömrükçü, idmançı, rəssam, memar və s. şəxslər cavablandırıblar. Bu sorğunun cavablarından aydın oldu ki, kitabxananın xidmətlərindən və qaydalarından razı olanlar olmayanlardan say etibarilə artıqdır.

   Oxucular ən çox Azərbaycan dilində olan ədəbiyyatdan istifadə etməklə yanaşı, rus, ingilis, alman, fransız və başqa dillərə də üstünlük verirlər.

   Apardığımız sorğudan məlum oldu ki, kitabxana fondunun böyük hissəsini kitablar təşkil etdiyi halda oxucular kitablarla yanaşı qəzet və jurnallara, monoqrafiyalara, elmi əsərlərə, məcmuələrə, dissertasiya və avtoreferatlara da böyük maraq göstərirlər. Yeni ədəbiyyat əldə etmək kitabxanamızın ən ümdə işlərindən biridir. Bununla yanaşı, kitabxananın bütün zallarına (humanitar elmlər, dəqiq və texniki elmlər, dövrü mətbuat, ümumi oxu zalları) “Kitabxanada olmayan ən çox istənilən ədəbiyyat” adlı qeydlər kitabçası yerləşdirilib. Bütün oxucular kitabxanada olmayan, ancaq əldə etmək istədikləri kitab, qəzet və jurnalların adlarını bu kitabçaya qeyd edirlər. Kitabxana əməkdaşları da öz növbəsində müntəzəm şəkildə paytaxtda yerləşən kitab mağazaları ilə əlaqə saxlayaraq həmin ədəbiyyatları əldə edirlər.

   Onu da qeyd etmək lazımdır ki, kitabxanada oxuculara xidmətin müasir növü yaradılıb: oxucu sorğusu əsasında ən çox istifadə olunan ədəbiyyatların nüsxələrinin üzü yenidən çıxarılır və ya elektron versiyası yaradılır, istənilən kitabın lazım olan səhifələri rəqəmsal aparatlar vasitəsilə çəkilir, çap edilərək oxucuya verilir. Bundan əlavə həmin materialların elektron versiyası bütövlükdə kitabxananın lokal kompyuter şəbəkəsinə daxil edilir.

   Aparılan sorğudan məlum oldu ki, kitabxana xidmətlərindən olan kitabxana saytı, virtual sifariş, elektron kitabxana şöbəsinin tammətnli resurslarının yaradılması bölməsi, elektron kitabxana, elektron kataloq, analitik məlumat bazası, Rusiya Dövlət Kitabxanasının Dissertasiya fondunda və Milli kitabxananın fondunda saxlanılan dissertasiya və avtoreferatların elektron məlumat bazasından və s.-dən yararlananlar daha çox “qənaətbəxşdir” cavabını qeyd ediblər. Sorğudan o da məlum olur ki, oxucular bu sahələrə aid elmi, elmi-kütləvi, bədii ədəbiyyatların, dərsliklərin, dövrü mətbuat nümunələrinin elektron versiyasını görmək istəyirlər.

   Sorğuda oxucular fəlsəfəyə, iqtisadiyyata, xarici ədəbiyyata, müasir qanunvericiliyə aid elmi əsərləri, informatika, yeni tarix, hüquq, biologiya, kənd təsərrüfatı və s. elm sahələrinə aid yeni ədəbiyyatları əldə etmək istəklərini ayrıca qeyd ediblər.

   “Oxucu günü”ndə paylanmış daha bir anket “Arzu və təkliflər” adlı sorğu vərəqləri idi. Anketdə bu məsələlər əks olunmuşdu: 1) Kitabxanada xidmətin yaxşılaşdırılması ilə bağlı arzu və təklifləriniz; 2) Kitabxanada nə sizi qane etmir?

   Bu sorğu 200 nəfər arasında aparılıb. Sorğuda oxucular kompyuter zalının genişləndirilməsi və kompyuterlərin çoxaldılmasını, oxucu biletlərinin plastik olmasını, elektron kataloqunun təkmilləşdirilməsini, kitabların bərpası və sair kimi məsələlərlə bağlı öz təkliflərini qeyd ediblər.

   Tədbirdə “Bu gün kitabxana sizin sorğularınıza cavab verib” sualı ilə kiçik bir sorğu da keçirildi. Sorğuda 278 nəfər iştirak etmişdi. Onlardan 225 nəfər “hə”, 53 nəfər isə “yox” cavabı vermişdi.

   “Oxucu günü“ üçün hazırlanan xüsusi rəy və təkliflər qutusu 22 oktyabrdan sonra da direktorluğun əmri ilə daimi olaraq kitabxananın nəzarət buraxılış məntəqəsində yerləşdirilib. Həmin gündən etibarən qutu müntəzəm olaraq açılır, rəy və təkliflər oxunur, araşdırılır , sonra rəhbərliyə təhvil verilir və müzakirəyə edilərək həlli yolları aydınlaşdırılır. Bir sözlə, oxucu fikri bizim üçün hər zaman çox önəmlidir.

   Bu sorğuların davamı kimi Milli Kitabxananın saytında (www.anl.az) “Bizdən soruşun” pəncərəsi - Virtual Sorğu Xidmətinin açılması da planlaşdırılır. Milli kitabxananın onlayn xidmət növü kimi burada biz istifadəçilərin marağını, onları maraqlandıran sahələrə aid hansı ədəbiyyatı haradan və necə əldə edə biləcəklərinə köməklik göstərib, istiqamətləndirəcək, istifadəçilərin informatik sorğularını İnternet vasitəsilə təmin edəcəyik. Belə sorğular kitabxana işinin inkişafına, çatışmayan cəhətlərimizi üzə çıxarmağımıza kömək edəcək. Bu işdə bütün kitabxanaçılara uğurlar arzu edirik.

  

 

   Sədaqət Əhmədli,

   Azərbaycan Milli Kitabxanasının

   Kitabxanaşünaslıq elmi-tədqiqat şöbəsinin müdiri

 

  Mədəniyyət.- 2011.- 20 aprel.- S. 11.