Tələbələrin
moda axtarışları
Bu yazıda Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasında təhsil alan gənc modelyerlərin
yaradıcılıq axtarışlarından qısa söz
açmaq istəyirik. Bəllidir ki, moda heç də hər
zaman cəmiyyətdə birmənalı qarşılanmır,
mübahisələrə səbəb olur. Bu günlərdə
Rəssamlıq Akademiyasında tələbə modelyer-rəssamların
nümayiş etdirdikləri bahar ünvanlı yeni geyim
nümunələri isə tamaşaçıların
böyük marağına səbəb oldu.
2000-ci ildən fəaliyyətə başlayan Dövlət Rəssamlıq Akademiyasında “Memarlıq və dizayn” fakültəsindəki “Geyim dizaynı” kafedrasında modelyer-rəssamlar hazırlanır. Sözügedən tədbiri də tanınmış modelyer Nazim Yunusovun rəhbərliyi ilə Sevil Əliyeva, Məryəm Hacıbəyova, Svetlana Cəfərova, Aytən Hüseynova və Azər Əliyev kimi təcrübəli müəllimlərin tələbələrə aşıladıqları nəzəri və praktiki biliklərin nəticələrinə əyani baxış hesab etmək olar. Etiraf etmək lazımdır ki, sovet dövrünədə zəngin bədii-estetik xüsusiyyətlərə malik olan milli geyimlərimiz zorən muzey eksponatlarına çevrildiyindən bu sahədə əski ənənələr unudulmuş, “sosializm əxlaqı” modasına qurban verilmişdi. İndinin özündə də “sovet modası”nın təsirindən tam xilas ola bilməsək də, Akademiyanın müəllimləri gənclərə qədim ənənələrin əhəmiyyətini vurğulamaqla milli geyimlərimizin müasir moda təzahürləri ilə vəhdətinin əldə olunması yollarını göstərirlər. Gənc modelyer- rəssamların “Bahar” kolleksiyasında tamaşaçılara təqdim etdikləri 29 modeldən ibarət geyimlərdə təcrübəli pedaqoqların səylərinin hədər getmədiyi duyulmaqda idi...
Gülnar Orucovanın (IV kurs) təqdim etdiyi avanqard üslublu “Bahar silueti” kolleksiyasındakı xüsusi basmadüymələrlə açılıb-bağlanan, qara rəngli atlas parçadan biçilən, müxtəlif ünsürlərlə zənginləşdirilən və şlyapa ilə tamamlanan geyimlərinə ciddiliklə yanaşı, xoş ovqat yaradan ifadəli siluet hakim idi.
Gənc modelyer Əfsanə Zəhməti (III kurs) tərəfindən hazırlanan dörd model öz orijinallığı, müasirliyi və emosional təsir yaratma gücünə görə digərlərindən fərqlənirdi. Rəqs gecələri üçün nəzərdə tutulan tünd sürməyi, şəkəri, mavi və qara rəngli geyimlər fərqli aksessuarlarına görə cəlbedici görünürdü. Həndəsi formalı atributların atlas parçanın, dəri və tülün sintezi ilə yaratdığı görüntü müasir olmaqla, həm də duyğulandırıcı funksiyasına uyğun idi.
Üçüncü kurs tələbələri Leyla Cəfərovanın ziyafət üçün, Kəmalə Zeynalovanın isə bal üçün nəzərdə tutulan avanqard üslublu geyimlərindəki bənövşəyi, qara, boz rənglərin ovqat yaratmağa yönəldildiyi qabarıq duyulurdu.
Çinarə Nadirhüseynovanın (III kurs) təqdim etdiyi dörd modeldə avanqard üsluba meyllilik göstərirdi. Heyran Yolçuyevanın (II kurs) ziyafət üçün hazırladığı modeldə nikbin rəngli parçalarla dərinin sintezi cəlbedici nümunənin yaranmasını şərtləndirmişdi. Yasəmən Əliyevanın (II kurs) “Mələklər” kolleksiyasında yer alan geyimlər bütün mənalarda elə adına müvafiq idi. Ağ, boz, qızılı atlas və şifon parçalarla geyimi tamamlayan “qanadların” yaratdığı estetik görüntü ecazkar idi. Nümayişin digər iştirakçılarının (Günay Zülfüqarova, Təranə Sultanova, Aygün Həşimova, Sevda Sultanova) təqdim etdikləri moda nümunələrində ənənə ilə müasirliyin əldə olunmasına cəhdin əlamətləri duyulmaqda idi.
Tədbirin sonunda tələbələrin yaradıcılıq uğurlarına şahidlik edən ADRA-nın rektoru, akademik Ömər Eldarov gənc modelyerlərin təqdim etdikləri nümunələrdə axtarışlara meylin duyulan olduğunu vurğuladı, bunun hər bir yaradıcı insan üçün önəmli olduğunu bildirdi.
Aslan Xəlilov,
sənətşünas
Mədəniyyət.-
2011.- 20 aprel.- S. 8.