Beynəlxalq Abidələr
və Tarixi Yerlər Günü qeyd olunub
Aprelin
18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər
Günü kimi qeyd edilir. Bu gün 1983-cü ildə UNESCO
yanında Tarixi yerlərin və abidələrin mühafizəsi
üzrə Beynəlxalq Şuranın (İCOMOS) təşəbbüsü
ilə təsis edilib. Əlamətdar gün ölkəmizdə
də müxtəlif tədbirlərlə qeyd olunur.
Nazirlər Kabineti yanında
“İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsində 18 aprel - Beynəlxalq
Abidələr və Tarixi Yerlər Gününə həsr
edilmiş “İçərişəhər - tarixi-mədəni
irs və müasir turizm mərkəzi” mövzusunda seminar
keçirilib. Tədbir iştirakçıları “Məhəmməd
məscidi”, “Dini memarlıq kompleksi - Xanəgah”, “Numizmatik muzey
ekspozisiyası” abidələrinə, Bakı, Abşeron,
Naxçıvan və Qarabağ abidələrinə həsr
edilmiş fotosərgi ilə tanış olublar.
“İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi
Mikayıl Cabbarov qeyd edib ki, İçərişəhər
tarixən təkcə paytaxt abidələrinin cəmləşdiyi
yer deyil, həm də sənətkarlar mərkəzi
olduğunu, hazırda bu məkanın müasir turizm mərkəzinə
çevrilməsi ilə əlaqədar işlər
aparıldığını deyib.
Seminarda AMEA Memarlıq və
İncəsənət İnstitutunun direktorunun müavini, sənətşünaslıq
doktoru Kübra Əliyevanın “Bakı-Abşeron
xalçaçılıq məktəbi”, “İçərişəhər”
idarəsinin Elmi Tədqiqatlar və Beynəlxalq Əlaqələr
Şöbəsinin sektor müdiri, tarix elmləri doktoru Kamil
İbrahimovun “Qız Qalası yaxınlığındakı
müqəddəs tarixi məkan - turizm obyekti kimi”, AMEA Tarix
İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri
doktoru Kamal Əliyevin “Qədim Bakının antik dövr
tarixi”, “İçərişəhər” Elmi-Mədəni Mərkəzin
Elm Şöbəsinin əməkdaşı, tarix elmləri
namizədi Qənirə Pirquliyevanın “İçərişəhərdə
turizmin inkişafında numizmatika muzeyi ekspozisiyasının
rolu” mövzusunda məruzələri dinlənilib.
Həmin gün “Şirvanşahlar Sarayı
Kompleksi”ndə məktəblilərin iştirakı ilə Azərbaycanın
memarlıq abidələrindən bəhs edən bədii
kompozisiya da təşkil olunub. Burada memarlardan Elturan Avalov və
Qəzənfər Əlizadənin qrafik və sulu boya ilə
işlənmiş rəsm əsərləri sərgilənib.
“Şirvanşahlar Sarayı Kompleksi”nin direktoru Rəna Rzayeva
memarlıq abidələrinin mühafizəsinin əhəmiyyətindən
danışıb
* * *
18 aprel - Beynəlxalq Abidələr
və Tarixi Yerlər Günü münasibətilə Gəncliyə
Yardım Fondunda Azərbaycan Gənclərinin Avropaya
İnteqrasiyası Təşkilatının təşəbbüsü
və Milli İcmaların Koordinasiya Şurası ilə birgə
konfrans keçirilib.
Tədbirdə milli mədəniyyətin
möhkəmləndirilməsində tarixi abidələrin
rolu, onların qorunmasının vacibliyi vurğulanıb.
Mədəniyyət.- 2011.- 20 aprel.- S. 5.