Milli kinonun problemləri müzakirə olundu

 

   Aprelin 15-də Dövlət Film Fondunda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin kino işçiləri ilə görüşü oldu. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, şöbənin müdir müavini Müşfiq Hətəmov, Milli filmlərin istehsalı sektorunun müdiri Cəmil Fərəcov, respublika kino ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

  

   Tədbirdə çıxış edən nazir müavini Ədalət Vəliyev milli kinomuzun vəziyyəti, mövcud problemlər barədə geniş söhbət açdı. Bu yaxınlarda bir neçə yeni filmin - Rövşən İsaxın “Aktrisa”, İlqar Nəcəfin “Buta” bədii, Mehriban Ələkbərzadənin “Mart hadisələri, yaxud qara oyunlar” sənədli-bədii filminin təqdimatında iştirak etdiyini bildirdi. Nazir müavini filmlərə ayrılan büdcədən danışaraq bildirdi ki, kinostudiyaların rəhbərləri məhsulun maya dəyərini aşağı salan amilləri nəzərə almalıdırlar.

   Ə.Vəliyev əvvəlki illərlə müqayisədə indi Mədəniyyət və Turizm Nazirliyinin yaradıcı insanlara ayırdığı qonorarın daha yüksək olduğunu qeyd etdi, bunun müqabilində yaradıcı şəxslər tərəfindən təqdim olunan əsərlərin də yüksək keyfiyyətdə olmasının zəruriliyini vurğuladı.

   Nazir müavini bu gün kinoda gənclərə xüsusi diqqət ayrıldığını, bu sahədə müxtəlif layihələrin həyata keçirildiyini dedi: “Gənclər üçün nəzərdə tutulan “Bu meydan, bu ekran” layihəsi bu gün onlara özlərini təsdiq etməyə geniş imkanlar açır. Lakin bu kifayətdirmi? 1993-2011-ci illərdə istehsal olunan filmlərin siyahısını nəzərdən keçirdim. Filmlərin yaradıcı heyətinin orta yaş həddi 60-dır”. Son vaxtlar teatr sahəsində 4 gənc rejissorun təcrübə kursu keçmək məqsədilə xaricə göndərildiyini deyən nazir müavini kino sahəsində bu arzu ilə bağlı müraciət edənlərin olmadığını bildirdi.

   O, milli kinonun inkişafına təkan olacaq kino tənqidinin bu gün zəif olduğunu nəzərə çatdırdı. Bu sahədə kitabların yazılmasının, araşdırmalar aparılmasının vacibliyini bildirdi: “Bu gün bəlkə də bir institutun görəcəyi iş qədər araşdırmalar aparan Aydın Kazımzadə bir çox kitabların müəllifidir. Lakin milli kino tənqidi bununla kifayətlənməməlidir”.

   Ə.Vəliyev son illər beynəlxalq festivallarda iştirak edən filmlərin arzuladığımız qədər uğur gətirmədiyini də vurğuladı. Müəllif filmlərindən də bəhs edən nazir müavini belə filmlərin ideologiyasına hörmətlə yanaşdığını qeyd edərək həmin filmlərin rejissorlarına sual verdi: “Əgər müəllif filmi yalnız rejissorun özünün anlayacağı filmdirsə, dövlət hansı səbəblə ona büdcədən vəsait ayırmalıdır?”. Ə.Vəliyev son vaxtlar çəkilən bir çox filmlərin adlarının da doğru seçilmədiyini, Azərbaycan dilinin qanunauyğunluqlarının pozulduğunu qeyd etdi, kino işçilərini bu problemləri nəzərə almasının vacibliyini dedi.

   Nazir müavini 1998-ci ildə qəbul olunmuş “Kino haqqında” Qanunun yenilənməsinə ehtiyac olduğunu söylədi. Kino xadimlərini qanunun yenidən işlənilib hazırlanması üçün təkliflər verməyə çağırdı: “Kinonun lokal problemləri, sosial müdafiəsi qanunda öz əksini tapmalıdır. Qanunda dövlət büdcəsindən kino üçün ayrılacaq vəsait məsələsi də əks olunmalıdır”.

   Dövlət Film Fondunun fəaliyyətinə toxunan nazir müavini burada üç yüz min filmin saxlanılması üçün beynəlxalq standartlara cavab verən şəraitin yaradıldığını dedi. Qeyd olundu ki, hazırda təmir edilən “Nizami” kinoteatrı dünya standartlarına cavab verəcək səviyyədə tamaşaçılara təqdim olunacaq. Gələcəkdə digər kinoteatrlarda da əsaslı təmir işlərinin aparılacağı qeyd olundu.

   Sonda nazir müavini kino işçilərinin müxtəlif suallarına cavab verdi.

  

 

   Yeganə Cansail

 

   Mədəniyyət.- 2011.- 20 aprel.- S. 4.