Bakıda Xalq Teatrları
Festivalı keçirilir
Bakı
şəhər Mədəniyyət və Turizm İdarəsinin
təşəbbüsü ilə aprelin 18-dən 27-dək
paytaxtda fəaliyyət göstərən xalq
teatrlarının festivalı keçirilir.
İdarədən verilən məlumata
görə, festival mədəniyyət müəssisələrində
fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin
işinin daha da səmərəli təşkili, özfəaliyyət
teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi,
onların fəaliyyətini dövrün tələblərinə
uyğun qurmaq, müasir formaların tətbiq olunması, əhalinin
teatr sənətinə marağının
artırılması məqsədi ilə təşkil olunub.
Qeyd edək ki, Bakı Şəhər
Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı
ilə 2010-cu ildə kiçikhəcmli hekayələr və
birpərdəli pyeslər müsabiqəsi keçirilib. Müsabiqədə
qalib gəlmiş müəlliflərin əsərləri isə
Xalq teatrlarına təqdim olunub.
Gənc yazarların xalq
teatrları ilə ilk tandemi builki festivalı daha da maraqlı
edən səbəblərdən biridir. Festivalın münsiflər
heyətinin tərkibinə Mədəniyyət və İncəsənət
Universitetinin dosentləri Könül Axundova və Azad
Şükürov, Milli Dram Teatrının ədəbi hissə
müdiri Atababa Hacıbabayev, Şuşa Musiqili Dram
Teatrının baş rejissoru Loğman Kərimov, Bakı
Musiqi Akademiyasının dosenti Aydın Əzimov daxildir.
Qalib gəlmiş kollektivlər
diplom və mükafatlarla yanaşı, Xalq Teatrlarının
Respublika baxış-müsabiqəsinə vəsiqə
qazanacaq. Bakı şəhər Xalq Teatrları Festivalı
qaliblərinin təqdimat mərasimi aprelin 27-də Abdulla
Şaiq adına Dövlət Kukla Teatrında keçiriləcək.
Mədəniyyət.-
2011.- 20 aprel.- S.3.