Turizm naviqasiya portalı təqdim edildi

 

   Əbülfəs Qarayev: “Bu layihə ölkəmizin turizm imkanlarının tanıdılmasına mühüm töhfə olacaq”

  

   Aprelin 19-da Muzey Mərkəzində GoMap.az onlayn turizm naviqasiya portalının təqdimat mərasimi keçirildi. Portal Mədəniyyət və Turizm Nazirliyinin “Turizm məqsədli coğrafi informasiya və naviqasiya sistemi” layihəsi çərçivəsində hazırlanıb. Portal haqqında qısa videoçarxın nümayişindən sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış etdi.

     

   Nazir bildirdi ki, turizm naviqasiya portalında Azərbaycanın turizm potensialı, mehmanxanaları, istirahət mərkəzləri, tarixi, mədəniyyət obyektləri haqda məlumatlar yerləşdirilib: «Bu tamamilə yeni bir sistemdir. Proqramın əsas məqsədi dünyada bu gün tətbiq olunan turizm axtarış texnologiyalarından istifadə edərək Azərbaycanın tam və dolğun xəritəsinin tərtib olunmasından ibarət idi. Bu layihənin hazırlanması ilə bağlı əvvəlcədən tender həyata keçirildi və tender əsasında «Sinam» şirkəti qalib oldu. İki ildir ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Sinam” şirkəti bu layihəni hazırlayır. Bu müddətdə sistemə çoxsaylı əlavələr, dəyişikliklər edildi. Nəhayət, bu gün ictimaiyyətin istifadəsinə Azərbaycan haqqında mükəmməl turizm naviqasiya portalı təqdim edilir. Hesab edirəm ki, bu layihənin hazırlanması turizm imkanlarının tanıdılmasına mühüm töhfə olacaq”

   Nazir qeyd etdi ki, GoMap.az turizm noviqasiya portalı nəinki regionun, həmçinin dünyanın bir çox ölkələrinin öz versiya və funksionallığına görə seçilən qlobal coğrafi informasiya sistemlərinin dərin analizi nəticəsində yaradılıb: «Həm xarici vətəndaşlar, həm də yerli əhali bu portaldan istifadə etməklə Azərbaycanın coğrafiyası, mədəniyyəti, turizm obyektləri barədə istədiyi məlumatı əldə edə biləcək. Sistemdə geniş axtarış imkanları var. Ölkəmizin ərazisində mövcud olan 7 əsas turizm marşrutu üzərində yerləşən restoranlar, kafelər, hotellər, istirahət mərkəzləri, tarixi abidələr, muzeylər haqqında məlumatlar burada əksini tapıb. Bundan başqa, istənilən rayon və kəndə, turizm obyektinə getmək üçün marşrutları, maşınla getmək üçün isə xəritəni əldə etmək, gediləcək ərazinin koordinatlarını müəyyənləşdirmək mümkündür. Həmin ərazilər haqqında videoməlumatlar və şəkillər də portalda yerləşdirilib”.

   Nazir bildirdi ki, www.gomap.az internet ünvanında fəaliyyətə başlayan elektron xəritənin linkləri respublikanın turizm sahəsi ilə bağlı müxtəlif saytlarında yerləşdiriləcək.

   «Sinam» şirkətinin texniki direktoru İslam Əhmədov slaydlar vasitəsilə tədbir iştirakçılarına portal haqqında ətraflı məlumat verdi. Məlum oldu ki, Milli Elektron Turizm Naviqasiya Sisteminin elektron xəritəsinə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla ölkəmizin 70 şəhəri, 4530 yaşayış məntəqəsi, 3300 mədəni-tarixi abidə, 670 000 bina və tikili, 43000 km yol, 23770 km yaşıllıq sahələri və meşələr və digər məlumatlar daxil edilib. Elektron xəritədə bu məlumatlar sxem və ya 3D formatındadır. Mədəni-tarixi abidələr üzrə fotolar da elektron xəritədə yerləşdirilib. Azərbaycan, ingilis və rus dillərində nəzərdə tutulan portaldakı elektron xəritə konkret ərazidəki hər hansı bir tikilinin miqyasına qədər böyüdülə bilər. Elektron xəritə həmçinin mövcud olan digər bu tip sistemlərlə inteqrasiya oluna bilir. Xəritə üzərində onlayn trekinq funksiyası da var. Onlayn trekinq vasitəsilə turist marşrutlarının, turistlərin, dağ-xizək zonalarında hərəkət edənlərin peyk izləmə sistemi ilə müşahidəsi mümkündür. Həmçinin fövqəladə hallar zamanı hadisə yerində olanların koordinatlarını təyin etmək də olur.

   Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirdi ki, qonşu ölkələr arasında belə bir sistem təkcə Azərbaycanda mövcuddur.

   Tədbirdə çıxış edənlər bildirdilər ki, bu sistemin yaradılması Azərbaycanın dünyada turizm sahəsi üzrə yeni imicinin formalaşmasına səbəb olacaq.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2011.-20 aprel.- S. 2.