“İlahi məxluq” filminin təqdimatı keçirildi
Aprelin 19-da “Azərbaycan” kinoteatrında rejissor Yavər Rzayevin “İlahi məxluq” bədii filminin təqdimatı keçirildi. “Bizim kino” prodüser mərkəzi və “Yaddaş” sənədli filmlər studiyasının istehsal etdiyi filmin ssenari müəllifi də Yavər Rzayevdir. Filmin bəstəkarı Siyavuş Kərimi, quruluşçu rəssamı Rafiq Nəsirov, quruluşçu operatoru isə Rəsul Tənhayidir.
Filmdə baş rolları Nurəddin Mehdixanlı, Vəfa Zeynalova, Münəvvər Əliyeva və Corc Qafarov ifa edirlər. Digər rollarda Rəşad Səfərov, Mehriban Zəliyeva, Aysun Əsgərova, Leyla Məmmədova, Rəşad Məmmədov, Kəmalə Zəkiyeva, Qədir Abbasov çəkiliblər.
Film bir ailənin qışlaqda olan zaman başına gələn macəralardan bəhs edir. Çobanın ailəsi qar uçqununa məruz qalır. Bu səbəbdən ailə qar uçqunundan qurtulmaq üçün aşağı enməyə başlayır.
Təqdimat mərasimində çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdir müavini Müşfiq Hətəmov ekran əsəri münasibətilə yaradıcı qrupu təbrik etdi. 2011-ci ildə artıq üçüncü filmin təqdimatının keçirildiyini deyən M.Hətəmov son dövrlər milli kinonun inkişafı istiqamətində böyük işlər görüldüyünü deyib: “Ümid edirik ki, Azərbaycan kinosunun nailiyyətləri bizi sevindirəcək”.
Filmin rejissoru Yavər Rzayev ekran əsərində tanınmış aktyorların rol aldığını vurğuladı: “Aktyorlarımız filmdə maraqlı ansambl yaradıblar. Filmə qiyməti isə tamaşaçı verməlidir”.
Reyhan
Mədəniyyət.-
2011.- 20 aprel.- S. 2.