Dirijor Əyyub Quliyevin İtaliya İspaniya turnesi anşlaqla keçib

 

   Arturo Toskanini adına dirijorların IX Beynəlxalq müsabiqəsinin qalibi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin rəhbərliyi ilə dünya şöhrətli Toskanini Filarmonik Orkestrinin İtaliya və İspaniyada konsert turnesi keçirilib. Konsertlər İtaliyanın Mədəniyyət Nazirliyi, Roma Dövlət Filarmoniyası, Toskanini Fondu, “Musica İnsieme” Fondu (Bolonya), Madriddəki İtaliya Mədəniyyəti İnstitutu və İspaniyanın Zərif Sənətlər Akademiyası tərəfindən təşkil olunub.

   Toskanini Filarmonik Orkestrinin konsert turnesi məşhur italyan dirijoru və bəstəkarı Cüzeppe Sinopolinin xatirəsinə həsr edilib. İlk konsert aprelin 14-də Romada, “Teatro Olimpiko”da gerçəkləşib. Böyük marağa səbəb olan konsert İtaliya Dövlət Radiosunun (RAI 3) efirində canlı yayımlanıb.

   Aprelin 15-də İspaniyanın paytaxtı Madridin “Kolumnas” Teatrında Əyyub Quliyevin Toskanini Filarmonik Orkestri ilə konserti olub. Növbəti konsertlər aprelin 17-də İtaliyanın Parma şəhərinin “Paqanini Auditorium” zalında, ayın 18-də isə Bolonya şəhərinin G.Mansoni Opera Teatrında keçirilib. Anşlaqla keçən konsertlər İtaliyanın kütləvi informasiya vasitələrində (“Gazetta di Parma”, “Musica Insieme” və “Corriere Della Sera”) geniş işıqlandırılıb.

 

 

   Mədəniyyət.- 2011.- 20 aprel.- S. 7.