“Almaz” – 75
Kino tariximizdən
Dövrün yetişdirdiyi qəhrəman
30-cu illərdə Azərbaycan kinosu sosialist
ideyalarının pafosunu kəskin şəkildə
özündə birləşdirmişdi. O dövrdə
yaradılan filmlərdə nəzərə çarpacaq forma
axtarışlarını, bir-birindən fərqlənən
tipajları, rejissorlardan Sergey Eyzenşteyn və Vsevolod
Pudovkinin poetikasına xas olan əhəmiyyətli montajın tətbiqini
görürük. Bunlardan o illərin məhsulları olan “Lətif”,
“26 komissar”, “Almaz”, “Bakılılar” və “Kəndlilər” bədii
filmlərini misal göstərmək olar.
İstər 20-ci, istərsə də
30-cu illərdə qadın azadlığı və onun yeni həyat
quruculuğunda fəal iştirakı, ümumiyyətlə,
müasir mövzuya müraciət
kinematoqrafçılarımızın qarşısında
duran ən ümdə məsələlərdən idi. Digər
tərəfdən teatr aktyorlarının kinoya gəlməsi,
milli kadrların tədricən yetişməsi bu sahədə
mövcud olan çatışmazlıqların bir qədər
aradan qaldırılmasına şərait yaradırdı.
Bütün bunların təcəssümünü
1936-cı ildə Azərbaycan kinostudiyasında (həmin il
studiya belə adlanırdı - A.K.) yaradılmış “Almaz”
kinopovestində görürük.
Kinodramaturq C.Cabbarlı kinostudiyada
fəaliyyət göstərdiyi illərdə əvvəlki
filmlərin çəkilişində rejissorluq sahəsində
lazımi təcrübə topladığı
üçün böyük həvəslə “Almaz”a
quruluş verməyi öhdəsinə
götürmüşdü. 1934-cü ildə
özünün pyesi əsasında ədəbi və rejissor
ssenarisini yazmış, yaradıcı qrupu özü komplektləşdirmişdi.
Hətta aktyorlar arasında sınaq çəkilişlərini
də aparmış, rolları
bölüşdürmüşdü. Səhnə
ustalarından ibarət gözəl aktyor ansamblı
yaratmışdı. Almaz roluna bundan əvvəl “Sevil” filmində
baş rolu oynamış İzzət Orucovanı təsdiq
etmişdi.
C.Cabbarlı hətta çəkəcəyi naturanı belə müəyyənləşdirmişdi. Yaradıcı qrupla birgə Şamaxı rayonunun Dədəgünəş kəndinə gedib çəkiliş üçün yer də seçmişdi. Lakin yeni ilə bir neçə gün qalmış onun ürək ağrıları başlayır. 1934-cü il dekabrın 31-də dünyasını dəyişir. Ancaq böyük yazıçı və dramaturqun arzuları yarımçıq qalmır. Dostları, həmkarları, ardıcılları onun kinematoqrafiya sahəsindəki işini davam etdirdilər. Rejissorlardan A.Quliyev və Q.Braginski, operatorlardan İ.Frolov və Ə.İsmayılov, rəssam V.Aden, bəstəkarlardan Niyazi və Z.Hacıbəyov, səs operatoru İ.Ozerskidən ibarət yaradıcı qrup “Almaz” filmini çəkib başa çatdırdılar. Film mərhum sənətkarın vəfatının ildönümü münasibətilə ekranlara buraxıldı. Filmin operatorlarından Ə.İsmayılov “Kommunist” qəzetində dərc etdirdiyi məqalədə yazmışdı: “Film hazırdır. “Azərkino”nun işçiləri öz sevimli yoldaşları və dostları olan əziz Cəfərin başladığı işi şərəflə yerinə yetirdilər”.
C.Cabbarlı “Almaz” ssenarisinin yazılma səbəbləri” məqaləsində nəyə görə bu pyesin ekran variantını qələmə almaq istədiyini açıqlamışdır. Məqalədə deyilir ki, pedaqoji texnikumu, digər tədris müəssisələrini bitirən gənclər çox vaxt rayonlara, kəndlərə getməkdən boyun qaçırırlar. Çünki kiminin valideynləri, kiminin adaxlısı icazə vermir. Kimi də sadəcə olaraq qorxaqlıq edir.
Bununla əlaqədar dramaturq Azərbaycan Xalq Komissarlığına gedir, burada acı bir hadisədən xəbər tutur. Məlum olur ki, 1931-1932-ci tədris ilini başa vurmuş bir ziyalı qız kəndə işləməyə gedir. Orada cahil bir kənd soveti katibi qızın namusunu ləkələyir. Nəticədə qız özünə qəsd edir.
Məqalədə bütün bu məsələlər şərh olunur, müəllif gənc qızları ayıq-sayıq olmağa, bu cür iyrənc hadisələrə qarşı mübarizə aparmağa çağırır. Sənətşünas N.Sadıxov “Azərbaycan bədii kinosu” kitabında yazır: “Bəlkə elə buna görədir ki, müəllif pyesdə Yaxşının namusuna təcavüz edən məchul Molla Sübhanın əvəzində filmdə kənd şurasının katibi Şərifi göstərir”.
C.Cabbarlı “Almaz” filmini kinopovest
adlandırmışdır. Bu film sosialist quruluşunu tərənnüm
etməklə bərabər, eyni zamanda Azərbaycan
qadınlarının öz hüquqları uğrunda
mübarizə aparmalarından bəhs edir. Almaz da, Sevil və
İsmət kimi namuslu, həyalı, əhdində vəfalı,
zəngin mənəviyyatlı azərbaycanlı
qadınlardandır. Onların talelərində oxşar cəhətlər
olsa da, Almaz daha qətiyyətli, daha mübariz və cəsarətlidir.
Almaz Sevil və İsmətdən fərqli olaraq özünə
həyat yolu axtarmır. Lap əvvəldən onun yolu
aydın, məqsədi bəllidir. Buna görə də o,
qolçomaq Hacı Əhmədlə
qarşı-qarşıya gələrkən qorxub geri çəkilmir,
“yürüş var ha, yürüş var!” deyib yeni həyat
uğrunda mübarizəyə başlayır. Bu həyatın
sahibi və carçısı kimi, qolçomaqlarla,
onların avam və cahil əlaltıları ilə
döyüşə atılır, o, təzəliyi köhnəliyə
qarşı qoyur, kənddə sözün əsl mənasında
inqilab edir, vuruşur və qalib gəlir. Beləliklə də,
biz filmdə köhnə dünya ilə yeni dünyanın
mübarizəsini, bu mübarizədə yeni dünyanı təmsil
edən Almazın qələbə çalmasını
görürük.
Filmdə sosialist quruluşu təbliğ
edilir, bu quruluşun inkişafı və möhkəmləndirilməsi
yolunda qarşıya çıxan əngəllər, çətinliklər
barədə bəhs olunur. Burada eyni zamanda kollektivləşmə
dövründə Azərbaycan kəndlərində gedən
sinfi mübarizədən, belə bir çətin vaxtda kəndə
işləməyə gəlmiş gənc müəllimə
Almazın kəşməkəşli həyat yolundan
danışılır.
1930-cu il. Sovet Azərbaycanının
uzaq dağ kəndi. Dağlar arasında itib qalmış
Sarıtorpaq kəndinə işləmək üçün
Almaz Əliyeva adlı gənc müəllimə gəlir.
İlk günlərdən gənc müəllimənin gəlişinə
sevinən, onunla əlbir olan adamlar müəyyən olunur.
Bunlar yoxsul Aftil və onun arvadı, komsomolçu Barat və kənd
qızı Yaxşıdır. Kəndin ağsaqqalı
Hacı Əhməd müəlliməyə öz “məsləhətləri”
ilə həvəslə yardım edir.
Müəllimə kəndin
qadınlarına kömək etmək məqsədi ilə
xalçaçılıq arteli təşkil etmək fikrinə
düşür. Hacı Əhməd birincilər
sırasında onun təşəbbüsünü
alqışlayır və bu işdə ona kömək edəcəyini
söyləyir. Lakin xalça toxumaq üçun hanalar gəlib
çıxdıqdan sonra birinci münaqişə baş
verir. İlk anlardan Almaza ədavətlə yanaşan məktəb
müdiri Mirzə Səməndər hanaları məktəbin
həyətinə yığmağı qadağan edir.
Təcili surətdə bina
lazımdır; bu zaman Hacı Əhməd boş
qalmış məsciddən istifadə etmək fikrini
Almazın “yadına salır”. Digər tərəfdən
Hacı Əhməd və onun əlaltısı Fatmanisə tərəfindən
öyrədilmiş kənd qadınlarının bir hissəsi
Almazın bu təşəbbüsünə qarşı
müqavimət göstərir.
Gənc müəllimə kənddə
bir çox çətinliklərlə
qarşılaşmalı olur. Lakin qorxub geri çəkilmir. Əksinə,
düşmənlərlə apardığı mübarizə
ona cürət və qətiyyət verir. Filmin sonunda o,
mübarizədə böyük və ağır
sınaqlardan keçib qalib çıxır.
Almaz sovet hakimiyyətinin, sovet məktəbinin
yetirməsidir. O öz dünyagörüşü, əxlaq və
davranışı ilə yeni adamdır. Ona görə də
Hacı Əhmədlərlə, Mirzə Səməndərlərlə,
Fatmanisələrlə, köhnə qayda-qanunlardan kor-koranə
bərk yapışıb qopmayanlarla mübarizə aparmalı
olur.
Gənc müəllimənin
keçdiyi çətin, mürəkkəb, lakin şərəfli
həyat yolunu izlərkən aydın olur ki, müəlliflər
filmdə təsvir etdikləri obrazların və hadisələrin
təbiiliyi və reallığı üçün yersiz
şişirtmələrdən uzaqlaşmağa, qəhrəmanların
düşüncə və hisslərini düzgün
çatdırmağa çalışmışlar. İri
planlar, düzgün montaj, nəhayət rejissorların
aktyorlarla birgə işi filmi baxımlı etmişdir.
İstər mövzusu
baxımından, istərsə də qaldırılan problemlər
baxımından “Almaz” filmi öz dövrünə görə
çox aktual idi. Film ekranlara buraxılandan sonra
respublikamızın mədəni həyatında əlamətdar
hadisəyə çevrildi.
Kinoşünas H.Hacınskaya bu
film haqqında yazmışdır: “Almaz” filmi azərbaycanlı
qadın obrazının təcəssümündə kino
tarixində yeni səhifə idi... Almaz özü
üçün deyil, başqalarından ötrü
mübarizə aparırdı... Azərbaycan filmlərində
qəhrəman qadın obrazının sonrakı inkişafı
artıq başqa vəziyyətlərlə, başqa dövrlə
bağlıdır!”.
Görkəmli gürcü rejissoru
N.Şengelaya isə ssenariyə və baş qəhrəman
Almaza belə qiymət vermişdir: “Mən təsdiq edirəm
ki, bu, dramaturji əsərlərdən biridir... şübhəsiz
bu əsərə quruluş verilməlidir. Çünki bu
dolğun əsərdir. Əsərdə qəhrəman
qadın fiquru qabardılıb. Mənə sovet
kinematoqrafiyasında qəhrəman qadın fiqurunun
adını çəkə bilərsizmi?”.
Rejissor N.Şengelaya bu sözləri
76 il bundan əvvəl demişdir. Bu sözlər görkəmli
gürcü sənətkarın böyük dramaturq və
rejissor Cəfər Cabbarlı sənətinə verdiyi layiqli
qiymətdir.
Aydın
Kazımzadə,
Əməkdar incəsənət
xadimi
Mədəniyyət.-
2011.- 22 aprel.- S. 10.