Qoy
qəmgin gecələrinin
... munisi, ay işığı
özü olsun, Yusifimiz!
(Azərbaycan Dövlət Radiosunun görkəmli diktoru, Xalq artisti
Yusif Muxtarovun unudulmaz xatirəsinə)
Biz Yusif
Muxtarovla uzun illər radionun diktorları kimi çiyin-çiyinə işləyib,
birlikdə əməkdaşlıq
etmişik. Yaddaşımızdakı
o gözəl Yusif həm də elə gözəl insan idi. Bir-birini tamamlayan bu vəhdətdə
onun geniş dünyagörüşü, hərtərəfli
bilik səviyyəsi də özünü büruzə verirdi. Ümdəsi
isə Yusif həddən ziyadə mədəni bir şəxsiyyət idi.
Bu da ona
kollektivdə böyük
hörmət qazandıra
bilmişdi.
O, heç zaman düşünülməmiş
söz, fikir söyləməz, heç
kimin arxasınca danışmaz və kimsənin qəlbinə toxunmazdı. Onun yanında danışılan
hər hansı bir təəccüblü
xəbəri o, öz
ağlının süzgəcindən
keçirib və çox sonradan həmin mülahizəyə
qoşulub, yek sözünü deyərdi:
“Boş söhbətdir,
baş qoşmayaq, öz işimizlə məşğul olaq, faydalana bilərik”. Vəssalam.
Bu cür bir konkretlik! Və deyim ki, konkretlik kateqoriyası da onun ömür
devizindən biri idi. Eynən riayət etdiyi
dəqiqlik (!) kimi, düzgünlük (!) kimi.
Bu ölçülərlə
də o, mənim hafizəmdə özünə
yer tuta bilmişdir.
Ona həmişə hörmətim olub. O
bunu bilirdi. Yəni ona fərqli qavrayışla yanaşdığımın
fərqində idi.
Bəlkə buna görə
idi ki, bir
gün o, ürəyində
qövr edən ən titrək, sehirli sirrini məhz mənə deməyə qərarlı
oldu.
Deməli, belə bir
xatirə.
Bahar çağıdır. Gözəl bir sabahdır. Bizim “Diktor otağı”nın qapısından
içəri addımlayan
uca qamətli, üst-başı səliqə-sahmanla
bərq vuran, zövqlə geyinmiş, ətirli göyçək
bir oğlan görünür. Bu, əlbəttə ki, Yusif Muxtarovdur. Onun bir əlində
mətn (bir az sonra
özünün aydın
diksiyası, dolğun
səsiylə efirdən
səsləndirəcəyi “Xəbərlər”in xülasəsidir).
O biri əlində gül dəstəsi var. Lakin o, fikirlidir. Dağınıq bir əhval
içindədir. Əlqərəz, gülləri pəncərəyə
qoyub, bir an üzü dənizə dayandı. Baxıb, baxıb dərindən
ah çəkdi. Və
arxaya, otağa tərəf çevrilərkən
elə birdən, qəflətən mənə
dedi:
- Bilirsən, mən onu... Mən Amalyanı... dəryalar qədər sevirəm.
Bəli, belə dedi. Demədi dünya qədər, dedi dəryalar qədər.
Hə, Yusif, hə! Sən, ey gözəl
oğlan! Ey bizim “Diktor” otağımızın səliqə-sahmanlı,
gül-çiçək dəstəcikli,
düşüncələri dalğın... romantik oğlu! Bəli, bəli, ziyansız-xətərsiz
xilqət və məhzun sevgili!.. İndi agah
ol: sənin dəryalar qədər sevdiyin Amalyan, sənin yoxluğunun qara təntənəsində
... səni elə dəryalar qədər ağladı...
Çox ağladı o, səni...
Puçluğa
üsyan kimi ağladı...
Qeybə çəkilən, o sevən
köks üçün
ağladı,
O, səni...
Biz isə
Yusif sənin haqqında “...fağır
idi yeee, çox yaxşı insan idi yeee...”
- deyən redaktorumuz
Maya Bayramova ilə sənin pəncərədəki
qəribsəyən... qəribə
rəngli, o zümrüdü
rəngli sevgi çiçəklərini, sənin
o itən, bir daha olmayacaq olan o cür saf təbiətini xatırladıqca, xatırladıq.
Və...
Sənə, faniliyə və mübhəm aydınlıqdakı...
bütün dost kölgələrə
... əlbəttə ki,
lazımınca qüssələndik.
Deyirəm ki, qoy qəmgin
gecələrindən üzülən
ağappaq, nagahan uçuşlarının ... munisi
Ay işığı özü
olsun, Yusif, Yusifimiz!
Ey gözəl oğlan!..
Sənin ötən uzaq illərdəki diktor həmkarın,
şairə
Nurəngiz Gün
Mədəniyyət.-
2011.- 22 aprel.- S. 14.