100 yaşlı gənc «Məşədi İbad»

 

   «O olmasın, bu olsun» dahi bəstəkar Üzeyir Hacıbəylinin qələmə aldığı sayca ikinci operettasıdır. 1911-ci il aprelin 25-də Bakıda «O olmasın, bu olsun» musiqili komediyasının ilk tamaşası olub.

  

   Uzun illərdir Azərbaycan teatrlarının səhnəsindən düşməyən bu əsərə dəfələrlə tamaşa etsək də, az qala bütün sözlərini, mükalimələrini əzbər bilsək də, yenidən seyr edərkən sanki bu əsərdə yeni təravət, canlanma duyuruq.

   Qoca, varlı kişinin pul gücünə gənc qızla evlənməsi və bundan doğan dramatik, komik nəticələr Azərbaycan ədəbiyyatında və dramaturgiyasında az olmamışdır, lakin bu mövzu Üzeyir bəyin qələminin qüdrətilə yeni, şux bir komediyaya çevrilmiş, sanballı bir sənət əsəri kimi meydana çıxmışdır. Xarakterik obrazlarla zəngin olan bu əsərin bütün tiplərini müəllif sanki həyatda yaxından tanımış, onların vasitəsilə öz dövrünün naqisliklərini, eybəcərliklərini ifşa etmişdir.

   Dörd səhnədən ibarət olan bu musiqili komediyada dahi Üzeyir bəy Azərbaycanın qədim adət və ənənələrini - hamam səhnəsini, toy səhnəsini, müxtəlif məişət səhnələrini bir rəssam kimi tamaşaçının gözü qarşısında canlandırmışdır.

   Komediyada Üzeyir bəyin möhtəşəm musiqisi hadisələrin gedişatına daha da təkan vermis, demək olar ki, onun melodik istedadı bu əsərdə daha parlaq təzahürünü tapmışdır. «O olmasın, bu olsun» əsərinin ayrı-ayrı musiqi parçaları xalq arasında geniş uğur qazanmış və müstəqil əsərlər kimi indi də ifa olunmaqdadır.

   Operetta vaxtilə müxtəlif dillərə tərcümə edilmiş, Qafqaz xalqlarının səhnələrində, eləcə də Bolqarıstanda, Türkiyədə, İranda və s. tamaşaya qoyulmuşdur. Əsər 1956-cı ildə Bakı kinostudiyasında böyük müvəffəqiyyətlə ekranlaşdırılmışdır. Filmdə uğurla seçilmiş aktyor ansamblı Üzeyir Hacıbəylinin əsərinə sanki ikinci həyat vermişdir. Filmdəki müdrik, məzəli ibarələr, kəlamlar xalq arasında indi də zərb-məsəl kimi işlənməkdədir.

   Üzeyir Hacıbəylinin ev-muzeyində bəstəkarın bu komediyasının 100 illik həyat yolunu əks etdirən geniş bir stend vardır. Vaxtaşırı bu əsər haqqında muzey əməkdaşları məqalələr yazır, əsərin yeni nəşrlərinin işıq üzü görməsinə çalışırlar. 2005-ci ildə böyük bəstəkarın 120 illik yubileyi münasibətilə Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə bəstəkarın komediyalar və yumoristik miniatürlərindən ibarət eyniadlı kitab «Əbilov, Zeynalov və oğulları» nəşriyyatında nəşr edildi. Kitabın tərtibçisi və ön sözünün müəllifi Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcovdur. 2007-ci ildə isə «Çinar-çap» adlı mətbəədə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəylinin «O olmasın, bu olsun» operettasının klaviri nəşr edildi. Bu kitabın da redaktoru Sərdar Fərəcovdur.

   Aprelin 22-də Üzeyir Hacıbəylinin ev-muzeyində bu ölməz komediyanın 100 illik yubileyi qeyd ediləcək. Bəstəkarın ev-muzeyinin əməkdaşları yubileyə böyük hazırlıq işləri görmüş, muzeyin sərgi salonu bu əsərə həsr edilmiş rəsm əsərlərilə, eskizlərlə, əl işlərilə, fotoşəkillərlə, müvafiq kitab və jurnallarla bəzədilmişdir.

   Yeri gəlmişkən, qeyd edək ki, «O olmasın, bu olsun» operettasına ən çox müraciət edən rəssam Əməkdar incəsənət xadimi, professor Elturan Avalovdur.

   Onun çəkdiyi rəsmlər ev-muzeyində təşkil edilmiş bu sərgini daha maraqlı və baxımlı etmişdir.

   Sərgidə başqa bir tanınmış rəssamın əsərləri də özünə layiq yer almışdır. Bu, istedadlı qrafika ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü Hüseyn Hacıyevdir. Hüseyn Hacıyev vaxtilə Moskvada beynəlxalq müsabiqələr laureatı olmuşdur. Üzeyir Hacıbəylinin «Leyli və Məcnun», «Koroğlu» və bir çox başqa əsərlərinə bədii tərtibat vermis Hüseyn Hacıyevin rəsmləri daima bəstəkarın ev-muzeyinin bəzəyi olmuşdur. İnanırıq ki, H.Hacıyevin «O olmasın, bu olsun» operettasının 100 illik yubileyi münasibətilə çəkdiyi rəsmlər tədbirə gələn qonaqların ürəyincə olacaq.

   Bütün bunlardan başqa operettanın 100 illiyi münasibətilə bəstəkarın ev-muzeyinə respublikamızın görkəmli incəsənət xadimləri, alimləri, ədibləri, şairləri, Üzeyir Hacıbəyli əsərlərinin tədqiqatçıları və b. toplaşacaqlar. Onlar aktyorların ifasında Azərbaycan dramaturgiyasının tarixində silinməz izi olan “O olmasın, bu olsun” operettasından müxtəlif fraqmentlərə tamaşa edəcək, bu əvəzsiz musiqiləri bir daha dinləyəcəklər.

  

 

   Gülnarə Ələsgərova,

   Üzeyir Hacıbəylinin ev-muzeyinin

   ekspozisiya şöbəsinin müdiri

 

   Mədəniyyət.- 2011.- 22 aprel.- S. 11.