Parisdə Azərbaycan mədəniyyətinin təntənəsi

 

    Xəbər verildiyi kimi, “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” ölkə prezidentinin sərəncamına uyğun olaraq Heydər Əliyev Fondu və ölkəmizin Fransadakı səfirliyi Parisdə geniş mədəni tədbirlər keçirib.

 

  

   Fransada səfərdə olan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Parisdə Azərbaycan mədəniyyəti günləri çərçivəsində bir sıra görüşlər keçirib, tədbirlərdə iştirak edib.

   Aprelin 18-də Parisin tarixi “Vandom” meydanındakı “Eğvö” hotelində “Odlar yurdu Azərbaycanın müasir əsərləri” sərgisi açılıb. Burada Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransanın mədəniyyət naziri Frederik Mitteran ilə görüşüb.

   Azərbaycanın birinci xanımı M.Əliyevanı yenidən Parisdə görməkdən məmnun olduğunu deyən F.Mitteran ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu bildirib. Bu ilin fevralında Parisdə Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunan mərasimin böyük uğurla keçdiyini xatırladan F.Mitteran deyib ki, Fransa tərəfi Azərbaycanda özünün mədəni irsinin nümayiş etdirilməsi təşəbbüsü ilə çıxış edib. Fransaya məxsus 100 mədəniyyət nümunəsinin Azərbaycanda müxtəlif sərgilərdə nümayiş etdirilməsi nəzərdə tutulub. Mehriban xanım Əliyeva bu təşəbbüsə Azərbaycan hökumətinin dəstək verdiyini bildirib və deyib ki, Heydər Əliyev Fondunun prezidenti kimi bu tədbirin uğurla keçməsi üçün səylərini əsirgəməyəcək.

  

   * * *

 

   Görüşdən sonra Azərbaycanın birinci xanımı M.Əliyeva və Fransanın mədəniyyət naziri F.Mitteran ölkəmizin 18 modernist rəssamının 33 əsərinin nümayiş olunduğu “Odlar yurdu Azərbaycanın müasir əsərləri” adlı sərgiyə baxıblar. Sərgidə Azərbaycan rəssamlarından Altay Sadıqzadə, Əşrəf Murad, Darvin və Rəşad Vəlibəyovlar, Rasim və Rəşad Babayevlər, Məmməd Mustafayev, Mirnadir Zeynalov və başqalarının əsərləri nümayiş olunur. Görkəmli rəssamlarımızdan Tahir Salahovun, Toğrul Nərimanbəyovun da iştirak etdikləri sərgi odlar yurdu Azərbaycanın, mavi Xəzərin sahilində qərar tutmuş, Şərq ilə Qərbin koloritinin cəmləndiyi Bakının nadir gözəlliyini əcnəbi auditoriyaya uğurla çatdırıb.

   Modernist rəssamlarımızdan Mikayıl Əbdürrəhmanov, Müseyib Əmirov, Eliyar Əlimirzəyev, Niyaz Nəcəfov, Aida Mahmudova, Fuad Salayev, Bəhram Xəlilov, Eldar Məmmədov və Fazil Nəcəfovun paytaxtımızın qədim və müasir görkəmini əks etdirən əsərləri tamaşaçıların böyük marağına səbəb olub. Bir fikir də öz təsdiqini tapıb ki, incəsənət həmişə insanın məkanda tutduğu yeri ifadə edir. Amma müasir incəsənət bu ideyanı yeni forma vasitəsilə həyata keçirir. Avanqard yeni çalarlar, ritm, plastika və forma ilə maraqlıdır. Həqiqətən parlaq və orijinal bir fenomen olan müasir Azərbaycan incəsənətinin nümunələri də bu sırada özəlliyi ilə seçilir. Fransız sənətsevərlər böyük estetik sövq bağışlayan əsərlərə maraqla tamaşa edib və bir daha Azərbaycan mədəniyyətinin bütün istiqamətlərdə inkişaf etdiyinin şahidi olublar.

  

   * * *

 

   Aprelin 19-da Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva UNESCO-nun mənzil-qərargahında təşkilatın baş direktoru İrina Bokova ilə görüşüb. Bu yaxınlarda Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumunun böyük uğurla keçməsindən məmnunluğunu bildirən UNESCO-nun baş direktoru qeyd edib ki, Bakı artıq mədəniyyətlərarası dialoq sahəsində ənənəvi yer tutur. Mədəniyyətlərarası dialoqun UNESCO-nun fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu deyən İ.Bokova Azərbaycanın birinci xanımının bu sahədə rolunu xüsusi vurğulayıb. M.Əliyeva Bakı Forumuna verdiyi dəstəyə görə UNESCO-nun baş direktoruna təşəkkürünü bildirib.

   Sonra Azərbaycanın birinci xanımı və UNESCO-nun baş direktoru təşkilatın qərargahında Azərbaycan xalçalarının sərgisinin açılışında iştirak ediblər. Sərgidə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri təmsil olunub. Sərgidə yer alan Qarabağ xalçaçılıq məktəbinin nümunələri xüsusilə maraq doğurub, Xalq rəssamı Tahir Salahovun əsərlərini əks etdirən xalçalar da məxsusi diqqət çəkib. Tahir Salahovun fransız auditoriyasına yaxşı tanış olan “Atəşgah”, “Qız qalası”, “Dədə Qorqud”, “Fikrət Əmirov”, “Rostropoviç”, “Qara Qarayev”, “Kosmosa uçuş”, Fikrət Əmirovun “Min bir gecə” baletinə çəkilən dekorasiyalar və digər məşhur əsərlərinin xalça üzərində əksi sərgiyə gələnlərə xoş ovqat bəxş edib.

 

   * * *

 

   Sonra təntənəli mərasim başlayıb. Mərasimi açan UNESCO-nun baş direktoru İ.Bokova Azərbaycan xalçalarının gözəl sərgisindən aldığı təəssüratı bölüşüb. Baş direktor Azərbaycanın birinci xanımının UNESCO ilə sıx əməkdaşlığına toxunaraq qeyd edib ki, M.Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti ilə təşkilata böyük töhfələr verib. Azərbaycanın birinci xanımı musiqi irsinin qorunmasında, eləcə də mədəniyyətlərarası dialoqun əldə edilməsində mühüm xidmətlər göstərib. UNESCO-nun baş direktoru Heydər Əliyev Fondunun da bu sahədə təqdirəlayiq fəaliyyəti ilə seçildiyini diqqətə çatdırıb.

   Mərasimdə çıxış edən Azərbaycanın birinci xanımı M.Əliyeva qonaqları salamlayaraq UNESCO-Azərbaycan əməkdaşlığını yüksək qiymətləndirib. Qeyd olunub ki, Azərbaycan muğamının, aşıq sənətinin, Azərbaycan milli xalçalarının və xalqımızın ən qədim bayramı olan Novruzun UNESCO-nun qeyri maddi-mədəni irs siyahısına daxil edilməsi bu əməkdaşlığın bariz göstəricisidir. Heydər Əliyev Fondunun fəaliyyətindən danışarkən M.Əliyeva diqqətə çatdırıb ki, Fond ölkəmizin həyatında genişmiqyaslı fəaliyyət göstərir və bu sırada UNESCO ilə birgə həyata keçirilən layihələr də xüsusi əhəmiyyət kəsb edir.

   Sonra Azərbaycanın gənc istedadları UNESCO-da möhtəşəm konsert proqramı ilə çıxış ediblər.

   İki aylıq fasilədən sonra Azərbaycan yenə də Fransanın gündəmində idi. Azərbaycan mədəniyyətinin Parisdə Fransa ictimaiyyətinə yüksək səviyyədə təqdim olunması, ilk növbədə, ölkəmizin malik olduğu mədəni zənginliyi göstərir. Digər tərəfdən, siyasi mahiyyəti ilə də diqqət çəkən bu tədbirlər silsiləsi dünya mədəniyyətinin ən böyük hamisi qismində çıxış edən UNESCO-da Azərbaycana verilən önəmi nümayiş etdirir.

   Müasir Azərbaycan estradasının populyar simalarının çıxış etdiyi konsertdə əsas diqqət çəkən məqamlardan biri burada janr müxtəlifliyinin, sintez harmoniyasının, zəngin improvizasiyaların mövcudluğu idi. Elə auditoriyanı ən çox heyrətləndirən də bu oldu.

   Konsert Parisdə əsl hadisəyə çevrilməklə diqqəti nadir inciləri ilə öyünən Azərbaycana yönəltdi. Mədəniyyətimizin təntənəsinə, ölkəmizin tanıdılmasına və əlbəttə ki, xalqımızın yaratdığı nadir sənət nümunələrinin təbliğinə çevrildi.

   Böyük marağa səbəb olan bu konsert proqramı bir daha təsdiq etdi ki, hazırda Azərbaycan mədəniyyətinin nadir incilərinin sorağı mötəbər mərasimlərdən gəlir. Bu da ilk növbədə, Azərbaycan dövlətinin mədəni irsimizə olan münasibətinin nəticəsidir. Təəssüratlar kifayət qədər zəngin oldu. Bunun təməlində isə Azərbaycan və onun zəngin mədəniyyəti dayanır.

  

   * * *

 

   Konsertdən sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından ziyafət verilib. Beləliklə, Azərbaycan mədəniyyətinin Parisdə nümayişi unudulmaz bayrama döndü.

 

 

   Mədəniyyət.- 2011.- 22 aprel.- S. 8.