23
aprel Dünya Kitab və Müəllif Hüquqları
Günüdür
Çingiz Abdullayev: «Bəzi
yazıçılar özləri öz pulları ilə kitab
çap edirlər, sata da bilmirlər»
23 aprel Dünya Kitab və
Müəllif Hüquqları Günü (World Book and Copyright
Day) kimi qeyd edilir. Bu gün 1995-ci ildə UNESCO tərəfindən
dünya şöhrətli söz ustaları - ingilis şairi
və dramaturqu Uilyam Şekspirin, ispan yazıçısı
Migel de Servantesin və perulu məşhur tarixçi-yazar
İnka Qarsilaso de
Hər bir yaradıcı insanın
öz əsərinə müəlliflik hüququ var. Bu, insan
və vətəndaş hüquqları
anlayışının mühüm bir tərkib hissəsidir.
Müəllif hüquqlarının qorunması beynəlxalq
konvensiyalarla tənzimlənir. 23 aprel - Dünya Kitab və
Müəllif Hüquqları Günü Azərbaycanda 2001-ci
ildən qeyd olunur.
Müasir dövrdə kitab həm
də hər bir xalqı beynəlxalq arenaya çıxaran və
onu təbliğ edən bir vasitədir. Xalq bir çox hallarda
dünya miqyasında öz yazıçılarının əsərləri
ilə tanınır. Azərbaycanın da dünya
miqyasında tanınan yazıçı-şairləri,
müəllifləri hər zaman olub və bu gün də var.
Bəs bu sahədə müəllif hüquqları nə dərəcədə
qorunur?
Bu sualla hazırda dünyada
kitabları ən çox oxunan azərbaycanlı müəllifə,
Xalq yazıçısı Çingiz Abdullayevə müraciət
etdik. Çingiz müəllim bu sahədə vəziyyətin
o qədər də ürəkaçan
olmadığını dedi: “Mənim kitablarımı
çap etməyə icazə verdiyim adamlarla rəsmi
müqaviləm var. Çıxan bütün kitabların
xüsusi qrifi, ticarət nişanı olmalıdır. Oxuculara
qəzetiniz vasitəsilə demək istəyirəm ki, üz
qabığı qara rəngdə çıxan kitabların
hamısı “pirat” nəşrlərdir. Kitabları kompyuter tərcümə
proqramları vasitəsilə çox aşağı səviyyədə
tərcümə edib çap edirlər. Mən başa
düşürəm ki, bunların hamısı gəlir əldə
etmək üçündür. Amma qoy bunu edənlərin bir
az da insafları olsun. Kitabın kompyuterlə tərcüməsi
elə bir pis vəziyyətdə olur ki, sonra mənə zəng
edib deyirlər ki, bu niyə belədir. Mən də deyə
bilmirəm ki, bunlar möhtəkirlərin çap etdikləri
kitablardır. Öz etirazlarımı kəskin şəkildə
bildirməklə yanaşı, Müəllif Hüquqları
Agentliyinə, polisə də müraciət etmişəm».
Azərbaycanda müasir dövrdə
yazılan bədii əsərlərə də münasibət
açıqlayan yazıçı bu qənaətdədir ki,
yaxşı kitab oxunmalıdır: “Vaxtilə biz tələbə
olarkən hətta cırılmış kitabları da
tapıb oxuyurduq. İndi vəziyyət dəyişib, kitab da,
rəng də, poliqrafiya da yüksək səviyyədədir.
Amma kitab oxunmur. Kitab yalnız o vaxt kitabdır ki, onu oxumaq istəsinlər.
Əgər onu oxumaq istəmirlərsə bu,
qrafomanlıqdır. Yazıçılar özləri öz
pulları ilə kitab çap edirlər, bunu sata da bilmirlər.
Bu, acınacaqlı faktdır».
Ç.Abdullayevin narazı
olduğu bir məqam da var ki, o da Azərbaycanda mütaliəyə
marağın zəif olmasıdır: «Sankt-Peterburqda bu
yaxınlarda sorğu keçirilmişdi, məlum olmuşdu
ki, əhalinin 63 faizi kitab oxuyur. Bu faktın
açıqlanması onlara pis təsir etmişdi və
demişdilər bunun səbəbi şəhərə gəlmələrin
çoxluq təşkil etməsidir. Əks halda bu rəqəm
80-90 faiz olar. Qonşu Gürcüstanda 49 faiz əhali kitab
oxuyur. Azərbaycanda isə göstəricinin 11 faiz olduğu
deyilir. Məncə, bundan da azdır».
Yazıçı ölkəmizdəki
mütaliə faizinin aşağı olma səbəblərini
də göstərir: “Səbəbləri çoxdur. Biz əlifbanı
neçə dəfə dəyişmişik. Kitab oxuyan bir nəsli
itirmişik. Digər tərəfdən özümüz az
yazırıq, az tərcümələr edirik. Bu gün
dünyada ən çox satılan və oxunan kitablar Harri
Potter haqqında kitablardır. Bu əsərlərin bir
cümləsi də dilimizə tərcümə olunmayıb.
İslandiyada 300 min adam yaşayır, orada bu kitabı tərcümə
ediblər. Mən Pen-klubun prezidenti olan kimi elan etdim ki, biz
çoxlu tərcümələr etməliyik. İlk növbədə
uşaqlar nağıl, detektiv, fantastika, macəra
kitablarını mütaliə etməlidirlər. Bütün
bunları biz özümüz etməliyik. Nobel mükafatı
laureatlarının əksəriyyətini tanıyıram.
Onların əsərləri dilimizə nə qədər tərcümə
olunub? Sizə adi bir fakt deyim. Yazıçılar Birliyinin
qurultayına tanınmış yazıçı Orxan Pamuku
da dəvət etmişdik. Orada danışanda bildi ki, Azərbaycanda
onun kitablarını rus dilində oxuyublar. Bundan sonra nə
danışaq? Sonradan Yazıçılar Birliyi onun əsərlərini
Azərbaycan dilinə tərcümə etməyə
başladı».
Yazıçı Bakıdakı
kitab mağazalarının azlığından da gileylidir:
“Amerika prezidenti Gürcüstana gələndə onu kitab
mağazasına aparırlar. Bakıda vaxtilə 118 kitab
mağazası olub. İndi çox azdır. Ona görə də
kitab mağazalarını da bərpa etmək lazımdır».
Mehparə
Mədəniyyət.-
2011.- 22 aprel.- S. 6.