Allah ən
çox sevdiyi insanlara yaratmaq qabiliyyəti bəxş edib
İncəsənət gerçək
dünya ilə
yanaşı, daha da bir dünyanı - insani dünyanı yaratmaq cəhdidir.
Son zamanlar bir sıra sərgilərə baxandan
sonra vaxtımın
itkisinə təəssüflənirdim. Ona
görə ki, bəzi
“şou əhli” kimi, rəssamlarımızın da bir qismi
eyni texnika, eyni “izm”lərlə fırçalarını
işə salır və Avropa rəssamlarını təqlid
edirlər.
Nəticədə birinci növbədə özlərini, sonra isə tamaşaçını aldadırlar. Rənglərin kətan üzərinə bol-bol hər tərəfə necə oldu «yaxmaq» və özü də anlamadan «avanqard» deyib işləməsi məqbul sayıla bilməz. Rənglərin ahəngində də bir vəhdət, kompozisiya olmalıdır. Bu, süjetsiz əsərlərə də aiddir.
Rəssamın yaratdığı əsəri tamaşaçının qəlbinə yol tapmalıdır. Əsl sənət əsəri sənətkarla tamaşaçının dialoqunda ikincini susmağa, düşünməyə məcbur edir. Əlbəttə, söhbət sənəti, incəsənəti başa düşən tamaşaçıdan gedir. Bu günlərdə Xalq rəssamı Ağa Əli İbrahimovun Muzey Mərkəzində təqdim olunan fərdi sərgisi də tamaşaçını susdurur, onu düşündürür. Çoxdan idi ki, belə əsərlərin tamaşaçısı olmaq istəmişdim.
Rəssamın hər bir tablosunda İslam dəyərləri öz əksini tapıb. “Toxunmaq”, «Gün keçdi», «Allahın rəssamı», «Yanan nar», «Yer kürəsinin sonu», «Ruhun vəhdəti», «İki mələk» və s. əsərlərdə özünəməxsus bir sadəlik, açıqlıq, saflıq özünü göstərir. Yaradıcı insanlar həmişə Allaha yaxın olublar. Müqəddəs Qurani-Kərimdə tez-tez «Kitab əhli» ifadəsi işlədilir. Məhz kitab əhli yaxşı düşünə bilər, əsərləri təhlil edib, maddi dünya ilə mənəvi dünyanı ayırd edə bilər.
Allah ən çox sevdiyi insanlara yaratmaq qabiliyyəti bəxş edib. Yaradıcı insanlar, rəssamlar, bəstəkarlar, şairlər məhz buna görə Tanrıya yaxın olurlar.
Musiqidə gözəl ahəng (nota salınma), rəssamlıqda rənglərin düzgün seçimi, işıq-kölgə effekti, şeirdə isə sözlərin nizamlı düzülüşü. Bax budur Tanrının istəyi. İnsanda və insaniyyətdə hər şey gözəl və nizamlı olmalıdır. Məhz bu nizamı, effekti, sadəliyi Ağa Əlinin yaradıcılığında görmək olar.
Bu yazımla mən onu ilk fərdi sərgisi, yaradıcılıq uğurları münasibətilə təbrik edir, özünüdərk və Allahı dərki - bu iki vəhdəti ömrünün sonuna qədər saxlamağı arzulayıram.
Kirman Abdin,
Rəssamlar İttifaqının üzvü
Mədəniyyət.- 2011.- 22 aprel.-
S. 13.