“Bir
qalanın sirri”, yaxud Şuşadan uzaq düşmüş sənətkar
Zaman-zaman milli musiqi xəzinəmizə öz töhfəsini
verən, onu zənginləşdirən istedadlı sənətkarlar
yaşayıb. Belə sənətkarlardan biri də milli vokal
məktəbimizin görkəmli nümayəndəsi Məcid
Behbudov (1873-1945) olub. Onun həyat və
yaradıcılığı barədə tanınmış
yazıçı-jurnalist, Şuşa sənətkarlarının
irsinin tədqiqatçısı Vasif Quliyevlə söhbət
etdik:
- Məcid Behbudov 1873-cü il aprelin 18-də
Şuşada anadan olub. Erkən yaşında ikən atası
Behbudəli vəfat edir, ailənin qayğıları Məcidin
çiyninə düşür. Bu səbəbdən də
bir sənət sahibi ola bilmir. Sonra bir tacirin yanında
satıcı düzəlir, küçə və məhəllələri
gəzib arşın malı satmağa başlayır. Gün
keçir, ay dolanır, bu yaraşıqlı
arşınmalçı şəhərdə barmaqla göstərilir.
Onun küçələrdən keçərkən “ay
arşın malı alan!” deyib avazla oxuması
çoxlarını məftun edir...
- Deməli, Məcid Behbudovda təbiətən
gözəl səs, xanəndəlik istedadı olub.
- O, valideynlərini vaxtsız itirsə
də, tale ona əvəzsiz bir sərvət verir. Məlahətli
səsi şəhər camaatını valeh edir. Eyni zamanda din
xadimlərinin də diqqətini çəkir. Yuxarı
Gövhərağa məscidində minacat verməyə dəvət
olunur. Tez-tez musiqi məclislərində və el şənliklərində
oxuyur. Sənətin çətin, enişli-yoxuşlu
cığırları ilə irəliləyir. Lakin
arşınmalçılıq onun gündəlik
çörək ağacına çevrildiyindən bu işdən
ayrıla bilmir.
- Məcid Behbudov ömrünün
çox hissəsini Tiflisdə yaşayıb. Şuşadan
Tiflisə necə gedib çıxıb?
- Bir gün Məcid yenə
arşın malı satmağa gedir. Gəlib səsli-küylü
bir imarətin qabağında dayanır.
Arşınmalçının səsinə ev sahibəsi
qapını açır. Onu içəri dəvət edir.
O, həyətə daxil olanda qarşısına
yaraşıqlı gənc bir qız çıxır.
Qızı görcək dili tutulur. Lal-kar geri dönür. Ertəsi
günü yolu yenə həmin məhəllədən düşür.
Evin qarşısından keçəndə məlahətli
bir səslə “ay arşın malı alan!” - deyə səslənir.
Həyətin darvazası yenə açılır. O,
özünü ələ alıb içəri keçir.
Arşın malı gətirdiyini bildirir. Qızlarla əsl
arşınmalçı dili ilə danışır. Ancaq
gözü dünən gördüyü qızda olur. Sonra
arşın malı satmaq bəhanəsi ilə bir neçə
dəfə bu həyətə gəlir. Qızın
adını soruşur, özündə cəsarət
tapıb ürəyini ona açır. Qızda ona
qarşı qarşılıqlı məhəbbət
yaranır. Günlərin birində onlar bir-birinə
qoşulub Qarabağdan uzaq bir məmləkətə - Tiflisə
gedirlər. Burada Məcid
arşınmalçılığın daşını
atır, başlayır xanəndəlik etməyə. Bu hadisə
uzun müddət şuşalıların söhbət
mövzusu olur. Hətta dahi bəstəkar Üzeyir Hacıbəylinin
yaddaşında da qalır. Sonralar məşhur “Arşın
mal alan” operettasının qəhrəmanı Əsgərin
timsalında Məcid Behbudovun obrazını yaradır.
- Məcid Behbudovun
qaçırdığı qız kim imiş?
- Firuzə adlı qız polkovnik
Abbasqulu bəy Vəkilovun (1844-1924) övladı imiş. Bu
ailə əslən Qazax qəzasının Salahlı kəndindən,
məşhur Vəkilovlar nəslindən olub. Firuzə
xanım Tiflisdə Müqəddəs Nina Qızlar
Gimnaziyasını bitirib, rus, fransız dillərini mükəmməl
bilib. Teatrı, musiqini sevib və Avropa ədəbiyyatına
yaxından bələd olub...
- Bu iki gəncin Tiflis həyatı
haqda nə deyərdiniz?
- Onlar Tiflisin azərbaycanlılar
yaşayan məhəlləsində yerbəyer olurlar. Məcid
şəhərdə yaşayan şuşalı musiqiçiləri
tapır, onlarla toylara, el şənliklərinə gedir. Az vaxt
ərzində musiqisevərlər arasında tanınır.
Görkəmli aktyor, xanəndə Cəlil bəy Bağdadbəyov
xatirələrində yazır ki, Məcid Behbudov 1906-1907-ci
illərdə Tiflisdə xanəndəliyə başlayır.
Tezliklə Tiflis, İrəvan və Naxçıvanda
geniş şöhrət qazanır.
- Onun sənət dostları və
musiqi həyatı ilə bağlı hansı məlumatlar
var?
- Məcid Behbudovun ən yaxın sənət
dostu tarzən Məşədi Zeynal Haqverdiyev olur. Onlar birlikdə
bir çox şəhər və kəndlərdə toy məclisləri
aparıblar. Müasirlərinin dediklərinə görə, Məcid
bir neçə dil bilib, mahnılar oxuyub. Ona görə də
tez-tez gürcü, ləzgi və digər millətlərin
toy şənliklərinə dəvət olunub. Onun ən
çox oxuduğu yer Tiflisin “Dvoryanski klubu“ olur. Ötən əsrin
əvvəllərində onun şan-şöhrəti
yaxın-uzaq şəhərlərə də yayılır.
1910-cu ildə o, Riqanın “Qrammafon“ cəmiyyəti tərəfindən
dəvət alır. Tarzən Məşədi Cəmil,
qarmonçalan Kərbəlayi Lətif, Malıbəyli Həmid
kimi xanəndələrlə Riqa şəhərinə gedir.
Bir neçə muğam, xalq mahnısı və təsnifi
vala yazdırır. Həmin illərdə bu məqsədlə
bir çox Avropa ölkələrinə də dəvət
alır. Onu bu səfərlərdə rus və fransız dillərini
gözəl bilən həyat yoldaşı Firuzə xanım
müşayiət edib.
- Məcid Behbudovun aktyorluq fəaliyyəti
ilə bağlı hansı faktlar aşkar etmisiniz?
- Ustad xanəndənin opera səhnəsində
də çıxışları olub. 1911-ci il martın 6-da
Bakıda Saşa Oqanazeşvilinin “Nikitin
qardaşlarının teatrı”nda tamaşaya qoyulan “Fərhad
və Şirin” operasında Xosrov rolunda çıxış
edir. 1915-ci ildə Gəncədə Məşədi Cəmil
Əmirovun “Seyfəl-mülk” operasının ilk
tamaşasında Ələsgər Abdullayev və
Bülbüllə tərəf-müqabil olur. Üzeyir
Hacıbəylinin opera və operettalarında müntəzəm
olaraq müxtəlif rollarda çıxış edir. O
dövrün mətbuatında xanəndə-aktyorun səhnə
fəaliyyətinə yüksək qiymət verilib...
- Onun sovet dövrü həyat və
yaradıcılığı ilə bağlı nə deyə
bilərsiniz?
- 1921-ci ildə Gürcüstanda
sovet hakimiyyəti qurulandan sonra Məcid Behbudov musiqi, Firuzə
xanım Vəkilova isə maarif sahəsində
çalışır, şəhərin Azərbaycan məktəblərində
rus və fransız dili dərslərini tədris edir. Tiflisdə
Klara Setkin adına Türk Qadınlar Klubuna rəhbərlik
edir. Firuzə xanım Vəkilova 1933-cü ildə 44
yaşında vəfat edir. Bu itkidən çox pərişan
olan Məcid Behbudov İrəvana gedir, İncəsənət
İşçiləri İttifaqının Şərq
orkestrində işə düzəlir. Amma orada da çox qala
bilmir. Firuzənin ana vətəni Qazax rayonuna gəlir, mədəniyyət
evində işə düzəlir.
Bu zaman oğlu Rəşid
artıq tanınmış müğənni idi. Onun sənət
uğurları atasını fərəhləndirir. Rəşidin
1945-ci ildə “Arşın mal alan” filmində baş rola
çəkilməsi və atasının gənclik
obrazını yaratması, onu sanki qanad açıb
uçmağa həvəsləndirir. Bakıda filmin çəkilişi
başa çatmaq üzrə olan vaxtda mərdimazar ermənilər
Rəşidə teleqram vururlar: “Atan rəhmətə gedib,
durma gəl!”. Özünü Qazax rayonuna çatdıran Rəşid
evlərinin həyətində atasının oturub çay
içdiyini görür. Rəşid atasına: “Eyib etməz,
ata, qoy bildiklərini etsinlər”, - deyir. Rəşid atası
ilə vidalaşıb Bakıya dönür. Bu
görüşündən az sonra Məcid Behbudov
dünyasını dəyişir və Qazax rayonunda dəfn
olunur...
Görkəmli muğam ustası
taleyin ömür payını bax, belə yaşayıb. Bir
xanəndə kimi adı musiqi tariximizə yazılıb. Səsi
yazılmış onlarca val indi muzeylərdə və şəxsi
kolleksiyalarda, o cümlədən, Böyük Britaniyanın məşhur
Kral Kitabxanasında saxlanılır. XX əsrin əvvəllərində
İngiltərənin “Qrammafon-Rekords” şirkəti tərəfindən
buraxılmış 40-dan artıq valın içərisində
“Şuşa təsnifi”nin xüsusi yeri var. Bu vala
yazılmış “Qalalıyam, qalalı!” xalq
mahnısını isə böyük sənətkar Məcid
Behbudovun doğma yurdu Şuşaya, onun insanlarına olan sonsuz
məhəbbəti və ehtiramı hesab etmək olar...
Söhbəti
qələmə aldı: Savalan Fərəcov
Mədəniyyət.-
2011.-22 aprel.- S. 13.