Kino turizm

 

   1898-ci ildə fransız fotoqraf Aleksandr Mişonun lentə aldığı və milli kinomuzun əsasını qoyan süjetlər - "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" kinolentləri həm də ölkəmizin başqa diyarlarda təbliği idi. Bu baxımdan Azərbaycan kinosunda turizm mövzusunun əksini də elə həmin tarixdən hesablamaq olar.

  

   Ötən əsrin ilk filmlərində turizm mövzusu

  

   Sonrakı illərdə Azərbaycan kino tarixində turizm əhəmiyyətli bir çox tarixi-etnoqrafik sənədli filmlər lentə alınıb. 1915-ci ildə neft sənayeçilərinin pulu ilə M.Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişi başlandı. Filmdə yer alan təbiət mənzərələri, neftlə bağlı bir çox səhnələr maraqlı ekran həllini tapmışdı.

   1924-cü ildə ekranlara çıxan "Qız qalası əfsanəsi" (rejissor V.V.Vallyuzek) adlı ikiseriyalı bədii film də etnoqrafik cəhətdən maraqlı olmaqla yanaşı, həm də özündə Şərq ekzotikasını əks etdirirdi. XX əsrin ilk yarısında Bakı həyatından maraqlı görüntüləri əks etdirən onlarla belə filmlər çəkilib.

  

   Sənədli filmlər və turizm

  

   İstər sovet dövründə, istərsə də müstəqillik illərində ölkəmizin təbii gözəllikləri, görməli yerləri, tarixi-mədəni irs nümunələrindən bəhs edən onlarla sənədli film lentə alınıb. Onlar arasında daha çox tarixi əhəmiyyət və səyahət xarakterli sənədli filmlər yer tutur. Bu sırada son dövrün ekran əsərlərindən “Lahıc” (rej. Mehriban Ələkbərzadə), “Azərbaycan turizmi, dünən, bu gün, sabah” (rej. Qurban Səlimov), “Miras” (rej. Fariz Əhmədov), “Abşeron gizlinləri” (rej. Ömür Nağıyev), “Xaraba Gilan” (rej. Tahir Əliyev), “Basqal” (rej. Elçin Musaoğlu), “Əshabi-kəhf” (rej. Nazim Abbas), “Tanrıya tapınan Kiş”, “Küsnət” (rej. Əli İsa Cabbarov) və s. filmləri nümunə göstərmək olar. Bununla yanaşı, “Salnamə” kinostudiyasında lentə alınan “Azərbaycanı kəşf et”, “Azərbaycan xalçası”, “İz...Qala”, “Azərbaycan milli mətbəxi” və digər filmlərin adlarını çəkmək mümkündür. 2009-cu ildə rejissor Şamil Əliyevin çəkdiyi “Azərbaycan xalçası” sənədli filmi Kann Kinofestivalının “Short corner” bölümünə düşüb. Bu, Azərbaycan kino tarixində Kann festivalında iştirak edən ilk sənədli-etnoqrafik film idi. Filmdə Azərbaycan xalçalarının digər xalqların xalçalarından fərqi, onun tarixi kökləri araşdırılıb. Şamil Əliyevin “İz...Qala” filmi isə ötən il Kann festivalının “Short corner” bölümündə nümayiş olunmuşdu. Turizm əhəmiyyətli filmlərimizin festivallarda nümayişi həm də əcnəbilərin ölkəmizlə tanışlığı deməkdir. Bu mənada filmlərin festivallarda mütəmadi olaraq iştirakı və nümayişi ölkə turizminin inkişafı üçün əhəmiyyət kəsb edir.

   Kinostudiyalarla yanaşı, telekanallarda da turizm nöqteyi-nəzərindən maraqlı sənədli filmlər lentə alınır. AzTV-nin «Azərbaycantelefilm» yaradıcılıq birliyində çəkilmiş “Abşeron lövhələri”, “Abşeronun istirahət ocaqları”, “Məbədlər diyarı”, “Zuğulbaya gəlin”, “Gəncə abidələri”, “Zəngəzur”, “Dədəgünəş”, “Buta” və bir çox başqa tarixi-etnoqrafik filmlər bu qəbildəndir.

  

   Bədii filmlər və turizm

  

   Azərbaycan bədii filmləri siyahısında sırf turizm mövzusu ətrafında birləşən filmlər yoxdur. Respublikanın turizm əhəmiyyətli, özündə təbiət təsvirlərini əks etdirən bəzi kadrların bədii filmlərdə yer alması əcnəbilərin diqqətini özünə çəkə bilər. Bu mənada “Qızmar günəş altında”, “Dəli Kür”, “Dərviş Parisi partladır”, “Həm ziyarət, həm ticarət” və başqa bədii filmlərimiz Vətənimizin təbiət gözəlliklərinin təsviri baxımından əhəmiyyətli ekran əsərləridir.

   Onu da qeyd edək ki, 2006 və 2009-cu illərdə Azərbaycanın turizm imkanlarını nümayiş edən filmlərin təbliği və turizm mövzusunda film istehsalının təşviqi, bu sahədə fəaliyyət göstərən kino və televiziya ustalarının yaradıcı əməyinin stimullaşdırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Milli Turizm Filmləri Festivalı keçirilib. Festivalın baş mükafatını isə «Xınalıq» və «Küsnət» sənədli filmləri qazanıb.

  

 

   Yeganə Cansail

 

   Mədəniyyət.- 2011.- 27 aprel.- S. 11.