“AİTF-2011”
bir çox yeniliklərlə yadda qalacaq
Xəyal
Əliyeva: “Bu il ötən illə müqayisədə
iştirakçılarımızın sayında 20-25 faiz
artım var”
Aprelin
28-də Azərbaycanda “AİTF-2011” Beynəlxalq turizm və səyahətlər
sərgisi açılacaq. Artıq 10 ildir mütəmadi
olaraq təşkil edilən sərgi bu il yeni məkanda -
Bakı Sərgi Mərkəzində (“Baku Expo Centre”) baş
tutacaq. Tədbirin təşkilatçısı, “İteca
Caspian” şirkətinin AİTF sərgisi üzrə layihə
rəhbəri Xəyal Əliyeva bizimlə söhbətində
builki sərgidə gözlənilən yeniliklərlə
bağlı məlumat verdi:
- Bu il AİTF sərgisi birdən-birə iki əlamətdar hadisəni - 10 illik yubileyini və 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsini bayram edəcək. Hər bir sərgi aid olduğu sahənin güzgüsüdür. Yəni o sahənin inkişafını, problemlərini əks etdirir. Sərgi inkişaf edibsə, əhatə dairəsi genişlənibsə, deməli, həmin sahədə də tərəqqi var. Qeyd edə bilərəm ki, 10 il ərzində AİTF sərgisində maraqlı və əhəmiyyətli dəyişikliklər baş verib. Bu dəyişikliklər ilk növbədə Azərbaycanın turizm sektorunda özünü göstərib.
- 10 il ərzində iştirakçıların sayı baxımından hansı irəliləyiş əldə edilib?
- Bunu keçirilən sərgilərin statistikasından aydın görmək olar. Əgər AİTF-də birinci il 5 ölkədən 26 şirkət iştirak edirdisə, bu il sərgi 24 ölkədən 230 şirkəti və 61 turizm istiqamətini əhatə edir. Bu bizim üçün böyük nailiyyətdir. Yeni istiqamətlər də var. Məsələn, Vyetnam, Kamboca, Laos. Biz bu istiqamətləri sərgiyə gətirməklə növbəti illərdə həmin ölkələrlə turizm əlaqələrinin yaranmasına çalışırıq.
Hər il turizmlə bağlı xüsusi kataloq hazırlayırıq. Bu il isə «Turizm ili» və 10 illik yubileyimizlə əlaqədar kataloqla yanaşı məlumat xarakterli kitabça da nəşr etmişik. Burada sərgidə iştirak edən ölkələr və təqdim olunan istiqamətlər haqqında qısa məlumatlar, fotoşəkillər əksini tapıb. Bu xüsusi olaraq turistlər üçün nəzərdə tutulub ki, onlar bu mövsümdə istirahət edəcəkləri məkanı asanlıqla seçə bilsinlər.
- “AİTF-2011”in yeni məkanda keçirilməsinin sərginin gedişinə təsiri olacaqmı?
- Təbii ki, yeni sərgi kompleksi bizim üçün çox əlverişli bir məkandır. Bu kompleks bizə sərgini daha dolğun təqdim etmək üçün yeni imkanlar yaradır. Biz xaricdən daha çox şirkətləri dəvət edə bilirik. Sərginin ekspozisiya sahəsi də 25 faiz genişlənib.
- Sərginin gedişində 10 illik yubileylə bağlı hansı tədbirlər nəzərdə tutulur?
- Peşəkar ziyarətçilər, o cümlədən turoperatorlar, hotellər üçün sərginin ikinci günü seminar məşğələlər keçiriləcək. Seminarlar Dünya Turizm Təşkilatının mütəxəssislərinin iştirakı ilə “İpək Yolu” marşrutu ilə bağlı olacaq və maraqlı mövzular üzərində qurulacaq. Bundan əlavə, ziyarətçilər üçün hədiyyələr nəzərdə tutulub. Onları müxtəlif uduşlar vasitəsilə qazanmaq mümkündür. Uduş paketini əldə edən şəxslər Türkiyəyə və digər ölkələrə səyahət etmək imkanı qazanacaqlar.
- AİTF sərgisinin kifayət qədər iştirakçısı və əlaqələri var. Sərginin dünyada daha geniş tanıdılması ilə bağlı hansı işlər görülür?
- «İteca Caspian» şirkəti Britaniyanın «İTE Group PLC» şirkətinin buradakı rəsmi nümayəndəsi və tərəfdaşıdır. «İTE Group» dünyada 200-ə yaxın sərgi təşkil edir. İstanbulda keçirilən EMİTT, Moskvadakı MİTT, Ukraynada UİTT və s. sərgilərini məhz «İTE Group» təşkil edir. Azərbaycanda keçirilən AİTF sərgisi də belə böyük sərgilərin sırasına daxildir. Bu sərgilərin hər birində AİTF də reklam olunur. Eyni zamanda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin xarici ölkələrdə iştirak etdiyi bütün sərgilərdə AİTF haqqında bukletlər ziyarətçilərə paylanır. Hər il sərgi iştirakçılarının sayının artması da təbliğatın düzgün qurulmasının sübutudur.
- Bəzi yerli turizm şirkətləri stend və yerin bahalığı səbəbindən AİTF sərgisində iştirak etmirlər. Onlar xarici şirkətlərlə yerli şirkətlərə eyni qiymətin təklif edildiyini bildirirlər. Bu dəfə yerli şirkətlərə güzəştlər nəzərdə tutulurmu?
- Bizdə xarici şirkətlərə təklif edilən qiymətlər yerli şirkətlərə təklif edilən qiymətlərdən 15-20 faiz yüksəkdir. Yəni yerli şirkətlər üçün nəzərdə tutduğumuz bu güzəşt heç də cüzi məbləğ deyil. Şirkət 20, 30, 40, 50 kvadrat metrlik stend götürəndə bu güzəşt fərqi mütləq nəzərə çarpır. Bir məqamı da qeyd etmək istəyirəm ki, 10 ildə biz qiymətləri sabit saxlamışıq. Halbuki bu 10 ildə müəyyən sahələrdə qiymətlər qalxıb, turizm şirkətlərinin fəaliyyəti genişlənib. AİTF sərgisində mütəmadi iştirak edən yerli şirkətlərə isə əlavə güzəştlər də var. Biz onlara hətta xarici tərəfdaşların stendində təmsil olunmaq üçün də şərait yaradırıq. Biz yerli turizm şirkətlərinin sərgimizdə iştirakında maraqlıyıq. Məncə, sərgidə iştirak etmək istəyən şirkət üçün qiymət o qədər də həlledici məsələ olmamalıdır. Turizm şirkəti sərginin əhəmiyyətini nəzərə alırsa, öz büdcəsində bunun üçün vəsait tapa bilər.
- Budəfəki sərgidə neçə ölkənin milli stendi olacaq?
- Türkiyə, Misir, Gürcüstan, Rusiya Federasiyasının Dağıstan Respublikası, Çexiya, Yunanıstan və Hindistan milli stendlərlə iştirak edəcəklər. Milli stend odur ki, həmin ölkənin turizm nazirliyi və ya milli turizm agentliyi Azərbaycana gəlir və özü ilə bir neçə turizm şirkəti də gətirir, yəni sərgini dövlət səviyyəsində dəstəkləyir. Qeyd olunan ölkələr ötənilki sərgidə də milli stendlərlə iştirak etmişdilər.
- «AİTF-2011»in tərəfdaşı yenə Türkiyədir. Tərəfdaş ölkənin funksiyası nədən ibarətdir?
- Tərəfdaş ölkə sərginin sponsoru qismində çıxış edir. Məlumdur ki, azərbaycanlılar istirahət üçün daha çox Türkiyəni seçirlər. Xüsusilə yay mövsümündə bu ölkəyə gedənlərin sayı artır. Son 2-3 ildə Antalyaya, Bodruma birbaşa uçuşların sayı da çoxalıb. Builki sərgidə Türkiyənin İzmir vilayəti də ilk dəfə təmsil olunur. Artıq Bakı-İzmir birbaşa uçuşları da açılıb. Hər bir beynəlxalq turizm sərgisində hansısa bir ölkə tərəfdaş və ya qonaq ölkə qismində iştirak edir. Biz də iki ildir Türkiyəni tərəfdaş seçirik, bu, təsadüfi deyil. Türkiyə ilə bizim turizm sahəsində əməkdaşlığımız ildən-ilə genişlənir.
- Bu il Azərbaycanda ikinci dəfə ümumrespublika daxili turizm sərgisi də keçiriləcək. Daxili sərginin AİTF ilə bir yerdə keçirilməsi sizin sərgiyə nə dərəcədə təsir edir?
- Bu il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən II Respublika daxili turizm sərgisi yenə “AİTF” sərgisi ilə birgə keçiriləcək. Sərginin ekspozisiyası Azərbaycanın 18 regionu üzrə təxminən 100 şirkəti təqdim edəcək, regional istirahət zonaları, sanatoriyaları və mehmanxanalarının parlaq koloritini nümayiş etdirəcək. “AİTF-2011” sərgisinin qonaqları və iştirakçıları bir sərgi meydançası daxilində Azərbaycanın geniş turizm potensialı, mədəni irsi, folkloru, mətbəxi və ənənələri ilə tanış ola biləcəklər. Bu sərginin keçirilməsi bir neçə cəhətdən əhəmiyyətlidir. İlk növbədə yerli ziyarətçilərimiz Azərbaycanın regionlarında istirahət imkanları ilə tanış ola bilirlər. Digər tərəfdən isə xarici ölkələrdən gələn şirkətlər ayrı-ayrı regionların turizm potensialı, istirahət məkanları haqqında ətraflı məlumatlar ala bilir. Bu baxımdan daxili turizm sərgisi həm də bizim sərgini rəngarəng edir. Xarici şirkətlərə təkliflərimizi verəndə daxili sərgi ilə bağlı məlumatlar onları çox cəlb edir və bu da iştirakçıların sayının artmasına müsbət təsir göstərir. Budəfəki sərgidə ötən illə müqayisədə iştirakçılarımızın sayında 20-25 faiz artım var.
- AİTF sərgisini hansı strukturlar dəstəkləyir?
- Sərgi əsası qoyulduğu vaxtdan Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir. Fürsətdən istifadə edərək Mədəniyyət və Turizm Nazirliyinə öz dərin minnətdarlığımızı bildiririk və nazir Əbülfəs Qarayev başda olmaqla Azərbaycanın turizm ictimaiyyətini yubiley münasibətilə təbrik edirəm. Bundan əlavə, sərgiyə Dünya Turizm Təşkilatı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası tərəfindən də dəstək verilir.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2011.- 27 aprel.- S. 10.