Bakı
Prosesi ölkəmizin qlobal hədəflərinə söykənir
Aprelin 7-dən 9-dək Bakıda keçirilmiş
Dünya Mədəniyyətlərarası Dialoq Forumu artıq
tarixi hadisəyə çevrilmişdir. Dünyada ilk dəfə
olaraq mədəniyyətlərarası dialoq mövzusunda belə
mötəbər tədbirə Azərbaycanın ev sahibliyi
etməsi ölkəmizin bu sahədə son illər həyata
keçirdiyi təşəbbüslərin məntiqi
davamı idi. Forumun beynəlxalq miqyasda doğurduğu rezonans
da bunu sübut edir.
Müsahibimiz mədəniyyət və
turizm nazirinin müavini, Dünya Mədəniyyətlərarası
Dialoq Forumu Beynəlxalq İşçi qrupunun rəhbəri Sevda
Məmmədəliyevadır.
- Sevda xanım, Bakı Forumunun
hazırlanmasında bilavasitə iştirak etmiş şəxs
kimi bu tədbirin tarixi və əhəmiyyəti barədə
nə deyə bilərsiniz?
- Dünya Mədəniyyətlərarası
Dialoq Forumu “Bakı prosesi” çərçivəsində təşkil
edilmişdir. 2008-ci il 2-3 dekabr tarixində Bakıda Avropa
Şurasına üzv dövlətlərin mədəniyyət
nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və
onun qonşu regionlarında davamlı inkişafın və
sülhün əsasıdır” mövzusunda keçirilən
konfransında Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev tərəfindən müxtəlif mədəniyyətlər
və sivilizasiyalar arasında mədəniyyətlərarası
dialoqun inkişafını nəzərdə tutan “Bakı
Prosesi” irəli sürülmüşdür. Konfransda ilk dəfə
olaraq Avropaya qonşu regionların İslam dövlətləri
dəvət edilmiş və ilk dəfə olaraq qonşu
regionların xalqları arasında mədəniyyətlərarası
dialoqun təşviqinə dair “Bakı Bəyannaməsi” qəbul
edilmişdir.
Konfransın keçirilməsində
əsas məqsəd ölkəmizin həm Avropa
Şurasına, həm də İSESCO-ya üzv olan yeganə
dövlət olmaq imkanından bəhrələnərək
Avropa ilə İslam dünyası arasında mədəniyyət
körpüsü-vasitəçisi rolunu oynamaq, fərqli mədəniyyətlər
arasında dialoqun inkişafına xidmət edən “Bakı
prosesi”nin əsasını qoymaq və bu fəaliyyətlərin
mərkəzində duran Azərbaycanın beynəlxalq
nüfuzunu daha da gücləndirmək olmuşdur.
“Bakı prosesi”nin
davamlılığını təmin etmək məqsədilə
2009-cu il 13-15 oktyabr tarixində Bakıda keçirilən
İslam ölkələrinin mədəniyyət nazirlərinin
VI Konfransına Azərbaycanın təşəbbüsü
ilə 10-dan artıq Avropa dövləti də dəvət
olunmuşdur. Ölkəmiz tərəfindən atılan bu
addımlar beynəlxalq tədbirlərin
iştirakçılarının tərkibinin müəyyənləşdirilməsinə
yeni ənənələr gətirmişdir. Konfransın ilk günü
tədbirdə iştirak edən Avropa Şurasına üzv
dövlətlər ilə İslam Konfransı təşkilatına
üzv ölkələr arasında “Mədəniyyətlərarası
dialoq” mövzusunda dəyirmi masa təşkil edilmişdir. Dəyirmi
masada “Bakı Prosesi - Sivilizasiyalar arasında dialoqa yeni
çağırış” kommunikesi qəbul edilmişdir.
2008-ci il iyunun 10-11-də Bakıda Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü, UNESCO və İSESCO-nun dəstəyi ilə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESCO-nun baş direktoru, UNESCO-nun xoşməramlı səfirləri iştirak etmişlər.
2010-cu ilin 26-27 aprel tarixlərində
Bakıda Dünya dini Liderlərinin Sammiti keçirildi. Sammitdə
sivilizasiyalararası dialoq, dünyada sülhün və əmin-amanlığın
bərqərar olması, mövcud təhdidlərin aradan
qaldırılması, dinlərarası dialoqa yeni impuls verilməsi,
terror və ekstremizm, habelə dünya iqtisadi böhranı ilə
bağlı məsələlər müzakirə
olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev Sammitdə dinlərarası dialoqun xüsusi
əhəmiyyətini vurğulayaraq "Azərbaycanın dini
və milli dözümlülüyün böyük və
şərəfli tarixi ilə
tanındığını" bildirmişdir.
Gördüyünüz kimi,
Bakı Forumu ölkəmizdə bu sahədə təşkil
edilmiş və mədəniyyətlərarası dialoqun
bütün elementlərinin müzakirəsinə həsr
olunmuş beynəlxalq konfranslara əsaslanır.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev 2010-cu il sentyabrın 23-də
Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında
Bakıda Dünya Mədəniyyətlərarası Dialoq
Forumunun keçiriləcəyini bəyan etmişdir. Azərbaycan
prezidentinin dünyanın ən yüksək tribunasından
ölkəmizin mədəniyyətlərarası dialoqun təbliğinə
sadiqliyini və onun qlobal səviyyədə müzakirə
edilməsinə duyulan ehtiyacı qeyd etməsi böyük əks-səda
doğurmuşdur. Sonrakı mərhələdə aparılan
müzakirələr nəticəsində bu təşəbbüs
UNESCO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı və
AŞ-nin Şimal-Cənub Mərkəzi, həmçinin
İSESCO tərəfindən dəstəklənmişdir.
- Forumun təşkilində Sizin rəhbərliyinizlə
Beynəlxalq İşçi qrupun böyük əməyi
olmuşdur. Bu barədə fikirlərinizi eşitmək istərdik.
- Forumun təşkilində Azərbaycan,
Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Avropa
Şurasının Şimal-Cənub Mərkəzinin nümayəndələrindən
ibarət Beynəlxalq İşçi qrupunun 2010-2011-ci illərdə
Paris və Strasburq şəhərlərində 4 iclası
keçirilmişdir. Bu iclaslarda Forumun proqramı, sessiyalarda
müzakirə ediləcək mövzular, onun təbliği və
perspektivləri, beynəlxalq qurumların rol bölgüsü
və digər məsələləri müzakirə
etmişik. Təbii ki, bu iclaslarda müvafiq müzakirələri
idarə etmək və müəyyən məsələlər
üzərində kompromisə gəlmək elə də asan
olmayıb, ancaq Azərbaycan tərəfinin təşəbbüsünün
vacibliyi baxımından biz bütün iclaslarda ortaq mövqe
formalaşdıra bilmişik. İşçi qrupun fəaliyyəti
təkcə keçirilmiş iclaslarla məhdudlaşmayıb.
Demək olar ki, qrupun üzvləri 2010-cu ilin sentyabr ayından
başlayaraq hər gün Forumla məşğul olmuş və
bizimlə müvafiq yazışmalar aparmışdır. Onu
da xüsusilə qeyd etmək istərdim ki, Bakı Forumu belə
bir işçi qrupu olması ilə bütün digər
forum və konfranslardan fərqlənir. Bu çox mühüm
faktordur.
- Forumda aparılmış
müzakirələrdə iştirakçıların fəallığı
xüsusilə hiss olunurdu. Bunu necə qiymətləndirirsiniz?
- Forum beynəlxalq miqyasda
böyük maraq doğurmuşdur. Təsadüfi deyil ki,
Forumda 102 ölkədən nümayəndə, 10-dan çox
beynəlxalq qurumdan rəhbər şəxslər, 20-yə
yaxın ölkədən nazir, dünyanın nüfuzlu beyin
mərkəzlərinin təmsilçiləri - ümumilikdə
500-ə yaxın xarici ölkə nümayəndəsi
iştirak edirdi. Forumda dünyanın beş qitəsi təmsil
olunurdu. Bu tədbirin qlobal miqyası baxımından çox
vacib amildir.
Azərbaycan bu amili əsas
götürərək, Forum çərçivəsində
“5A - Mədəniyyətlərarası Əməkdaşlıq
Platforması”nı təklif etmişdir. Yəni Avropa, Asiya,
Amerika, Afrika, Avstraliya qitələrinin adlarının Azərbaycan
dilində “A” hərfi ilə başladığını nəzərə
alaraq simvolik olaraq yeni platformanın adı “5A” kimi göstərilir.
Bu təşəbbüslə ölkəmiz qitələrarası
mədəni əməkdaşlığa xüsusi diqqətin
ayrılmasına nail oldu.
Sessiyalara gəldikdə isə,
Forum çərçivəsində “Sülh və dialoqa nail
olmaq üçün mədəniyyətlərarası
anlaşma və mədəni müxtəliflik”, “Mədəniyyətlərarası
dialoqu mənalı etmək: mədəniyyət, incəsənət
və irs”, “Qadınlar mədəniyyətlərarası
dialoqun vacib iştirakçıları kimi”, “Texnologiya, sosial
media və jurnalistikanın mədəniyyətlərarası əlaqələrə
təsiri”, “Dünya dinləri arasında mədəniyyətlərarası
dialoq” mövzularında müzakirələr
aparılmışdır. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı
və Avropa Şurası tərəfindən mədəniyyətlərarası
dialoq və əməkdaşlığın inkişafına
dair yeni təşəbbüs və layihələrin təqdimatları
olmuşdur. Bununla yanaşı, Forum çərçivəsində
AMEA-nın təşkilatçılığı ilə
müasir dünyada dialoq fəlsəfəsi və mədəni
müxtəliflik mövzusunda beynəlxalq konfrans və Avropa
Şurasının təşkilatçılığı ilə
isə “Mədəniyyətlərarası Şəhərlər”
layihəsinə üzv şəhərlərin merlərinin və
nümayəndələrinin iştirakı ilə tədbir
keçirilmişdir.
Xüsusilə qeyd etmək istərdim
ki, qadınların mədəniyyətlərarası dialoqun təbliğində
roluna həsr olunmuş sessiyada 2008-ci ilin 10-11 iyun tarixlərində
Bakıda Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
keçirilmiş “Mədəniyyətlərarası dialoqda
qadınların rolunun genişləndirilməsi” mövzusunda
beynəlxalq konfransın nəticələri və gələcək
perspektivləri müzakirə edilmişdir. Sessiyada Mehriban
xanım Əliyevanın çıxışı Forum
iştirakçılarının geniş marağına səbəb
olmuş və dialoqun təbliğində beynəlxalq səviyyədə
qadınların vacib rolunu ifadə etmişdir.
Xalqlar və dövlətlər
arasında əməkdaşlıq, birgə yaşama,
sülh, qarşılıqlı hörmət,
dözümlülük və mədəniyyətlərarası
tellərin möhkəmləndirilməsində
oynadığı rolu nəzərə alaraq, bu dialoqun insan
sivilizasiyasına verdiyi töhfə zəruri xarakter
daşıyır. Sivilizasiyalar arasında dialoq digər insanların
özünəməxsusluğunu təhrif etmədən və
ya onlara, eləcə də onların dininə, etiqadına,
dini rəmzlərinə hörmətlə yanaşaraq,
mövcud mədəni və sivilizasiya özəlliklərini
pozmadan ətrafdakı insanlara ehtiramla və ədalətlə
yanaşma əsasında ayırıcı deyil, birləşdirici
meyarlara əsaslanmalıdır.
- Dünya Mədəniyyətlərarası
Dialoq Forumunun nəticələri barədə nə deyə
bilərsiniz?
- Forumun nəticələri Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbirin
açılışında etdiyi çıxışda, həmçinin
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
olduqca məzmunlu və strateji təklifləri özündə
əks etdirən çıxışında elan
edilmişdir. Yəni həmin çıxışlarda mədəniyyətlərarası
dialoqun inkişafı və təbliğinin beynəlxalq səviyyədə
aparılmasının vacibliyi, Forumun daimi əsasda təsis
edilməsi və bu istiqamətdə aparılan müzakirələr
üçün ölkəmizin beynəlxalq mərkəzə
çevrilməsi, xalqımızın tolerant mədəniyyətinin
dünya ölkələri üçün yaxşı
nümunə və model ola biləcəyi bəyan edilmişdir.
Bununla yanaşı, Bakı Forumu
bir sıra vacib nəticələri ilə
xalqımızın və dünya ictimaiyyətinin
yaddaşında qalacaqdır. İlk növbədə ölkəmizin
beynəlxalq nüfuzu möhkəmlənəcək,
xalqımızın mədəniyyəti və ənənələri
dünyanın bütün regionlarında tanınacaq, ölkəmizin
mövqeyini dəstəkləyən mədəniyyət
lobbisi formalaşacaq, həmçinin Azərbaycan mədəniyyətlərarası
münasibətlərin müzakirəsi üçün qlobal
mərkəz rolu qazanacaqdır. Forumu öz formatına və
miqyasına görə mədəniyyətlərarası
dialoq sahəsində ilk qlobal hadisə hesab etmək olar.
İnanırıq ki, Bakı Forumu müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq və dialoq üçün qlobal platformanın əsasını qoyacaq və Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən ölkəmizin tolerant mədəniyyətini və tarixi ənənələrini beynəlxalq aləmə tanıdacaqdır. Bakı Forumu ölkəmizin İslam və Qərb sivilizasiyası ilə qurduğu tarazlaşdırılmış münasibətini bir model, nümunə kimi dünyaya göstərdi.
- Forumun gələcəyi barədə hər hansı bir yekun fikir varmı?
- Qeyd etdiyim kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdəki çıxışında Forumun daimi əsasda keçirilməsini təklif etmiş və artıq bununla bağlı 2013-cü ildə növbəti Dünya Forumunun keçirilməsi istiqamətində hazırlıq işlərinə başlanılmışdır. Mayın 3-4-də Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsində biz bu məsələ barədə müzakirələrimizi aparacaq və iyun ayında Forumun nəticələrini müzakirə etmək üçün Beynəlxalq İşçi qrupun iclasını keçirəcəyik. Növbəti Forumun hazırlıq işləri ilə bağlı Beynəlxalq İşçi qrupun sentyabr ayından etibarən müvafiq iclaslarının keçirilməsini planlaşdırırıq.
Fürsətdən
istifadə edib bir daha Forumda iştirakına və tədbirin
keçirilməsində göstərdiyi yüksək dəstəyə
görə ölkəmizin başçısı cənab
İlham Əliyevə və Heydər Əliyev Fondunun
prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı
bildirir və bu möhtəşəm hadisə münasibəti
ilə bütün Azərbaycan xalqını təbrik edirik.
Mədəniyyət.-
2011.- 27 aprel.- S. 8.