40
il dayanmadan rəqs
“Tamaşaçı
alqışı qızıldan da qiymətlidir”
Milli rəqslərimizi dünyaya
sevdirən Azərbaycan Dövlət Rəqs Ansamblının
yaranmasının 40 illiyi qeyd olunur
Filosoflar bu qənaətdədirlər
ki, rəqs gözəl, harmonik, təbii, axıcı və sərbəst,
avropalıların təbirincə desək, qratsiyalı bir hərəkətin
təqdimatıdır. Rəqs haqqında danışarkən
həm də “hərəkətin ən gözəli süzməkdir”
- deyirlər. Bu mənada Azərbaycan rəqsi dünyanın ən
gözəl, ən mükəmməl rəqslərindəndir
desək, səhv etmərik.
Ansamblın tarixinə qısa bir nəzər
Azərbaycan Dövlət Rəqs Ansamblı 1970-ci ildə yaradılıb. Ansambla müxtəlif illərdə görkəmli balet ustaları SSRİ Xalq artisti, “Şöhrət” ordenli Leyla Vəkilova və respublikanın Xalq artisti Əlibaba Abdullayev rəhbərlik edib. Bu illər ərzində ansambl Azərbaycan xoreoqrafiyasının parlaq təbliğatçısına çevrilib. Öz repertuarını rəngarəng rəqslərlə zənginləşdirən ansambl Azərbaycan folklorunun qədim xalq oyunlarının, milli rəqslərin, rəqs havalarının öyrənilməsi və təbliği sahəsində misilsiz xidmətlər göstərib. Ansamblın repertuarında Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Cahangir Cahangirov, Fikrət Əmirov, Telman Hacıyev, Səid Rüstəmov, Hacı Xanməmmədov və başqa görkəmli bəstəkarların musiqisi əsasında yaradılan rəqslər yer alıb.
Yüksək peşəkarlığı ilə seçilən ansambl 40 il ərzində həm də yüksək ifaçılar nəsli yetişdirib - Nəriman Kərimov, Yusif Qasımov, Təranə Muradova, Zahir Qasımov, Fərman Məmmədov və onlarca tanınmış rəqs ustaları ən yüksək fəxri adlara layiq görülüb. Bir çox beynəlxalq festivalların, Azərbaycan mədəniyyəti günlərinin, dövlət səviyyəli irimiqyaslı tədbirlərin iştirakçısı olan ansambl 1979-cu ildə Beynəlxalq Karfaqen Folklor Festivalının qızıl medalına layiq görülüb. Milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə Dövlət Rəqs Ansamblı 1991-ci ildə “Əməkdar kollektiv” fəxri adı ilə təltif olunub.
“40-a yaxın rəqsə
quruluş vermişəm”
Azərbaycan Dövlət Rəqs
Ansamblının bədii rəhbəri, Xalq artisti,
“Şöhrət” ordenli Afaq Məlikova ilə yubiley ərəfəsində
görüşüb ansamblın keçdiyi sənət
yoluna nəzər saldıq.
- Afaq xanım, söhbətimizə
lap əvvəldən, sənətə gəlişinizdən
başlayaq...
- Mən sənətkar ailəsində
dünyaya gəlmişəm. Atam Süleyman Tağızadə
Akademik Milli Dram Teatrında çalışırdı, Əməkdar
artist idi. Amma o istəmirdi ki, mən rəqsə gedim. Deyirdi
ki, sənət çox çətindir, adamlar müxtəlifdir,
paxıllıq eləyəcəklər, sən özünə
başqa sənət seç, ali təhsil al. Bizim evimiz
Azdramaya yaxın idi. Tez-tez tanınmış sənətkarlar
evimizə gələrdilər. Hökumə Qurbanova, Barat
Şəkinskaya, Leyla Bədirbəyli. Anam yemək
hazırlayardı, hamısı oturub yeyib-içər,
deyib-gülərdilər. Mən də onlar üçün
bir az rəqs edərdim. Rəhmətlik Leyla Bədirbəyli
deyirdi ki, ay Süleyman, Allah bu uşağa istedad verib, sən
niyə bunu qoymursan rəqsə. Atam qəti şəkildə
“olmaz”- deyərdi.
Amma mən xoreoqrafiya məktəbinə
qəbul olundum, uzun müddət atamın bundan xəbəri
olmadı.
İllər sonra həyat bizi
sınağa çəkdi, əvvəlcə anamı, sonra
atamı itirdim. Onlar rəhmətə gedəndən sonra qəti
qərara gəldim ki, mən rəqs edəcəyəm.
- Müəllim sarıdan bəxtiniz
gətirdi, Leyla Vəkilova, Qəmər Almaszadə kimi
böyük sənətkarlardan dərs aldınız...
- Xoreoqrafiya Məktəbində
SSRİ Xalq artisti Leyla Vəkilovanın sinfində oxuyurdum, Qəmər
Almaszadə kimi böyük sənətkar bizə dərs
deyirdi.
Əminə xanım Dilbazi bir
gün gəlib öz ansamblı üçün uşaqlar
seçirdi. 20 qız arasından iki nəfəri seçdi,
onlardan da biri mən idim. Əminə xanım dedi ki, sən
milli rəqslər oynamalısan. 1963-cü ildə M.Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasına gəldim.
15 yaşım vardı.
Mənə “balerina” deyirdilər.
“Bu qız balet öyrənib, xalq mahnılarını oynamaq
ona çətin olacaq” sözlərini də eşidirdim. O
sözləri eşidəndə atamın dediklərini
xatırlayırdım. Paxıllıq, çəkişmə...
Amma mən heç vaxt münaqişələri sevməmişəm,
heç kimin paxıllığını çəkməmişəm,
başımı aşağı salıb öz işimlə
məşğul olmuşam.
1970-ci ildə Azərbaycan Dövlət
Rəqs Ansamblı yaradılanda Afaq Məlikovanı solist kimi
ansambla dəvət edirlər. Ansamblda “Durnalar”, “Süzən
qızlar” və s. rəqsləri böyük şövq və
məharətlə ifa edən Afaq xanım
tamaşaçı rəğbəti qazanır. 1980-ci ildə
onu ansambla baletmeyster, 1983-cü ildə isə bədii rəhbər
təyin edirlər.
- Leninqrada səfərə
hazırlaşırdıq, maestro Niyazi mənə dedi ki,
baletmeystersən, get, rəqslərə quruluş ver. Hansı
musiqi olacaq, rəqsi nəyin üstündə quracaqsan,
bunları özün müəyyənləşdir. Dedim ki,
maestro, mən rəqsi necə qurum, özüm hələ
oynayıram. Dedi, get, nə istəyirsən elə.
Çox fikirləşəndən
sonra Üzeyir Hacıbəylinin “Cəngi”sinin üstündə
rəqs qurmağı qərara aldım. Rəqsi iki obraz
üzərində qurdum, məşqlər apardım, solo
yerini də özüm oynadım. Rəqs hazır oldu,
nömrəni proqrama saldılar. Konsert başlayanda çox həyəcanlı
idim. Böyük sənətkarımız Qəmər Almaszadə
də konsertdə idi. Ürəyim döyünürdü, rəqs
qurtaran kimi Qəmər xanım məni yanına
çağırıb təbrik etdi. Dedi, çox xoşuma gəldi.
İlk imtahandan uğurla
çıxan Afaq Məlikova o vaxtdan bu günədək 40-a
yaxın rəqsə quruluş verib. “Cəngi”, “Odlar yurdu”, “Gənclik
rəqsi”, “İncəlik”, “Lirik rəqs”, “Qavalla rəqs” və
onlarca gözəl rəqslər Afaq xanımın səhnəmizə
bəxş etdiyi incilərdəndir.
- Quruluş verdiyiniz rəqslərdə
milliklə müasirlik bir-birini tamamlayır, qəribə
harmoniya yaradır...
- XXI əsrdə
yaşayırıq. İncəsənətdə milliliklə
müasirliyin sintezi dünyanın hər yerində müsbət
qarşılanır. Biz rəqs ansamblıyıq, milli rəqslərimizlə
yanaşı dünya xalqlarının da rəqslərini ifa
edirik.
“Səhnə
mənim üçün həyatdır”
- Afaq xanım, uzun illərdir ki,
böyük bir kollektivə rəhbərlik edirsiniz. Bu illər
ərzində ansambl öz şöhrətini, nüfuzunu həmişə
qoruyub saxlayıb. Buna necə nail olmusunuz?
- Rəqs çox çətin sənətdir.
Hər gün ən azı 5-6 saat məşq edirik. Konsertlərə,
mədəniyyət günlərinə dəvət olunuruq, səfərlərə
gedirik. Hər zaman deyirəm ki, bu sənəti seçən
insan fiziki cəhətdən sağlam olmalıdır. Mən
22 il səhnədə oynamışam, bizim sənətimiz elədir
ki, ildə bir dəfə xəstələnə bilərsən.
Ailəmiz, uşağımız da olub, məşqlərdən,
səfərlərdən heç vaxt
qaçmamışıq. Əgər sən bu sənəti
seçmisənsə, canını bu sənətə qurban
eləməlisən.
O ki qaldı sualınıza, 75 nəfərdən
ibarət böyük bir kollektivimiz var. Bədii rəhbər
kollektivi elə saxlamalıdır ki, aralarında dostluq olsun.
Bir nəfər hamı üçün, hamı bir nəfər
üçün. Ən birincisi kollektivdə birliyə nail
olmaqdır. Sənətdə nizam-intizam olmasa, heç nə
olmayacaq. Saat 10-a məşq təyin olunanda saat 9-da
özüm məşq otağında olmuşam, hamıdan
sonra işdən getmişəm. Məşqdən əvvəl
mən onların bacısıyam, anasıyam, amma elə ki,
zala girdim, hamının fikri rəqsdə olmalıdır.
- Ömrünüzün bir hissəsi xarici ölkələrdə, səfərlərdə, qastrollarda keçib. Azərbaycan rəqsləri dünya səhnələrində necə qarşılanır?
- Çox gözəl, xüsusi ilə də milli rəqslərimiz. Sovet vaxtı xarici ölkələrə getmək çətin idi. Hələ o zamanlar Zeynəb Xanlarova ilə mən az qala bütün dünyanı gəzmişik. Hər yerdə də bizi ayaq üstündə alqışlayıblar. Sərhədlər açılandan sonra ansamblımız dünyanı qarış-qarış gəzdi. ABŞ, Yaponiya, İtaliya, Fransa, Avstriya, Almaniya, Portuqaliya, İspaniya, Norveç, İsrail, Tunis, Əlcəzair, Türkiyə, Hindistan, Nepal, İsveçrə, Çin, İraq, Vyetnam - bir sözlə, dünyanın əksər səhnələrində dəfələrlə Azərbaycan rəqslərinin ən gözəl nümunələrini nümayiş etdirmişik. Bizim musiqimiz, rəqslərimiz o qədər gözəldir ki, dilindən, dinindən, irqindən asılı olmayaraq hər kəsi heyrətləndirir. Mən bunun şahidiyəm.
- Rəqs nömrələriniz olduqca ölçülü, biçili, nizamlı, mükəmməldir.
- Kollektivimizin üzvlərinin 90 faizi
ali təhsillidir. Gənclər 16 yaşında
ansamblımıza gəlirlər. Onlara birinci tövsiyəm bu
olur ki, oxuyub ali təhsil alsınlar. Çünki rəqs sənəti
elə bir sənətdir ki, 20-25 ildən sonra səhnədən
getməlisən. Ona görə də gənclərə məsləhət
görürəm ki, 35-36 yaşında təqaüdə
çıxanda hansısa klubda, özfəaliyyət
kollektivində işləyə bilsinlər. Ancaq mükəmməl
rəqslər fasiləsiz məşqin, bir də bu sənətə
sonsuz məhəbbətin nəticəsidir.
“Səhnə mənim həyatımdır. Tamaşaçı alqışı isə səhnə adamı üçün qızıldan da qiymətlidir”. Azərbaycan səhnəsində təkrarsız ifaları ilə rəqs tariximizin qızıl səhifələrini yazan Afaq Məlikova belə deyir. 40 illik yubileyi münasibəti ilə doğma kollektivinin hər bir üzvünə cansağlığı arzulayan Afaq xanımın arzusuna biz də qoşuluruq. Qəzetimizin kollektivi və oxucularımız adından Azərbaycan Dövlət Rəqs Ansamblının kollektivini təbrik edirik. Alqışlar isə öz yerində...
Təranə Vahid
Mədəniyyət.-2011.-
27 aprel.- S. 7.