Azərbaycanda turizm: problemlər və inkişaf perspektivləri

 

   “Çox sevindiricidir ki, turizm sahəsinin problemlərini dövlət və özəl qurumların birgə iştirakı ilə müzakirə edirik”

  

   Aprelin 22-də Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Turizm Assosiasiyası, Turizm İnstitutu və Azərbaycanda Regional İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda turizm: problemlər və inkişaf perspektivləri” adlı konfrans keçirildi. Tədbirdə çıxış edən ASK-nın prezidenti Məmməd Musayev konfransın ölkənin turizm sahəsində mövcud vəziyyətlə bağlı müzakirələrin aparılması, müvafiq dövlət qurumlarına bu sahə ilə bağlı təkliflərin hazırlanması məqsədilə keçirildiyini dedi.

  

   ASK-nın turizm üzrə komissiyasının sədri Fayis Məmmədov son dövrlərdə Azərbaycanda turizmin inkişafı ilə bağlı imzalanan dövlət proqramı, sərəncam və digər sənədlərin bu sahənin inkişafına təkan verdiyini bildirdi: “Turizm sahəsində sahibkarları narahat edən hallarla bağlı dövlətin qəbul etdiyi qərarların nəticələrini biz turizm işçiləri yaxından hiss edirik”. Uğurlarla yanaşı, problemlərin də olduğunu deyən F.Məmmədov bununla bağlı təkliflərin hazırlandığını nəzərə çatdırdı. ASK təmsilçisinin sözlərinə görə, müxtəlif müdaxilələr nəticəsində turizm xidmətlərinin qiymətləri artır: “Nəticədə əhalinin bir hissəsi turizm sahəsində qiymətlərin yüksək olması səbəbindən qonşu Gürcüstana, Türkiyəyə üz tuturlar”. F.Məmmədov onu da vurğuladı ki, ölkə prezidenti İlham Əliyevin göstərişi ilə bu cür neqativ hallara qarşı tədbirlər görülür və həmin işlər tədricən öz nəticəsini verir.

   Azərbaycan Regional İnkişaf Mərkəzinin direktoru Çingiz İsmayılov ölkəmizdə turizmin üç inkişaf istiqamətindən söz açdı: Azərbaycan miqyasında turizm, Abşeronda turizm və regionlarda turizm. Azərbaycanın turizm sahəsində qonşu ölkələrlə rəqabət apardığını deyən natiq bildirdi ki, bu sahədə mövcud imkanlardan hələ yetərincə istifadə etmirik. O, aviabiletlərin bahalığının da turizm sahəsinə mənfi təsir etdiyini dedi.

   Turizm İnstitutunun Turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri Bahadur Bilalov bu sahədə kadrların hazırlanması məsələsinə toxundu. Qeyd etdi ki, əksər turizm obyektləri işçiləri mövsümi olaraq işə götürürlər. Bu da turistlərə qeyri-peşəkar xidmətin təqdim edilməsinə və onların haqlı narazılıqlarına səbəb olur.

   «Atlant» istirahət mərkəzinin direktoru Tahir Qədəşov işçilərin mövsümi işə götürülməsi məsələsinə münasibət bildirdi. Mərkəz direktorunun sözlərinə görə, «Atlant» istirahət mərkəzi gündə 800 turistə xidmət edə bilir. Ötən il 27 min turist qəbul etdiklərini deyən T.Qədəşov qeyd etdi ki, bunun üçün obyektdə 220 işçinin çalışması lazımdır: «Bizdə turizm mövsümü bir neçə ay davam edir. Mən bu müddət üçün 220 işçini ilboyu hansı vəsait hesabına saxlayım?»

   «Gilan» turizm şirkətinin baş koordinatoru Xəlil Duru, «Avropa» hotelinin baş meneceri Tolqa Akkaş turizm sektorunda mövcud problemlərə toxundular və onların həll edilməsi üçün xarici ölkələrin təcrübəsinə müraciət etməyin müsbət nəticələr verəcəyini bildirdilər.

   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov səslənən fikirlərə münasibət bildirdi: “Mədəniyyət və Turizm Nazirliyi olaraq biz ölkə rəhbərliyinin qarşımıza qoyduğu tapşırıqlara əsasən turizm sahəsindəki mövcud olan problemləri öyrənir və həlli istiqamətində mütəmadi işlər görürük. Görülən tədbirlər tədricən öz bəhrəsini verir. Biz turizm bazarına görə müvafiq infrastruktur qurmağı planlaşdırırıq. Yəni bu gün Azərbaycana turistlər hansı ölkədən gəlir, turistlərə hansı marşrutları təklif etməliyik və s. Bu işdə sahibkarların dəstəyinə ehtiyacımız var. Sahibkarları Mədəniyyət və Turizm Nazirliyi ilə daha sıx əməkdaşlığa çağırırıq. Çox sevindiricidir ki, turizm sahəsinin problemlərini dövlət və özəl qurumların təmsilçilərinin birgə iştirakı ilə müzakirə edirik. Azərbaycanda turizmin bütün növlərinin inkişafı üçün imkanlar var. Bunun üçün infrastruktur yaradılır. Mədəniyyət və Turizm Nazirliyi bununla bağlı müxtəlif istiqamətli layihələr təqdim edib. Çalışırıq xarici ölkələrdə olan səfirliklərimizin köməyi ilə Azərbaycana xarici investorların axınını gücləndirək».

   İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi Hüseyn Paşayev bildirdi ki, turizm sahəsi inkişafda olduğuna görə problemlərin olması təbiidir. Dövlət orqanlarının əsas vəzifəsi bu problemləri vaxtında müəyyənləşdirib onların həllinə nail olmaqdır.

   Konfransda səsləndirilən fikirlər və qeyd edilən problemlər nəzərə alınaraq müvafiq dövlət qurumlarına bir sıra təkliflər hazırlandı. Təkliflərdə bölgələrdə fəaliyyət göstərən turizm mərkəzlərinin 5 il müddətinə əlavə dəyər vergisindən azad olunması və s. məsələlər əksini tapıb. Həmçinin İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan turizmin inkişafı üçün uzunmüddətli kreditlərin ayrılması, banklar tərəfindən müəssisələrə verilən kreditlərin faiz dərəcələrinin azaldılması, turizm məqsədləri üçün istifadə edilən avadanlıqların böyük əksəriyyətinin, hətta hotel geyimləri və xırda məişət əşyalarının gömrük vergi və rüsumlarından azad olunması təklif olunur.

   Konfransda turizm şirkətlərinə verilən lisenziyaların turizm xidməti çeşidindən, turfirmaların iş təcrübəsindən asılı olaraq dərəcələrə bölünməsi də təklif olundu.

   Turizm işinin keyfiyyətinin artırılması üçün kadrların hazırlanması, bu sahədə təhsilin keyfiyyətinin yüksəldilməsi, ölkə daxilində və xaricdə lazımi məlumatlandırma işlərinin genişləndirilməsi vacib sayıldı.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2011.- 27 aprel.- S. 4.