Azərbaycanla Gürcüstan arasında turizm əməkdaşlığı müzakirə olunub

 

   Aprelin 25-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Vera Kobalia ilə görüşdü.

  

   Nazir Əbülfəs Qarayev Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan olunduğunu nəzərə çatdıraraq bu sahədə görülən işlərdən danışdı: “Turizmin inkişafı, xidmət sahələrinin peşəkar səviyyəyə yüksəldilməsi, ölkənin tanıdılması və daha çox turist cəlb etmək sahəsində mühüm işlər görülür. Aprelin 28-dən 30-dək Azərbaycanda növbəti beynəlxalq turizm və səyahətlər sərgisi keçiriləcək. Bu sərgi çərçivəsində əhəmiyyətli görüşlər olur, tərəfdaşlıq müqavilələri imzalanır və yeni proqramlar, istiqamətlər barədə məlumat verilir, təqdimatlar keçirilir. Nazir Cənubi Qafqaz regionunda turizm sahəsi üçün peşəkar kadrlar hazırlayan ilk Turizm İnstitutunun Azərbaycanda yaradıldığını nəzərə çatdırdı, institutda turizm sahəsində peşəkar mütəxəssislər hazırlandığını, beynəlxalq standartlar səviyyəsində tədris aparıldığını dedi.

   Görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlıq məsələləri də diqqətə alındı. Nazir Ə.Qarayev Azərbaycanın inkişaf etmiş turizm şəbəkəsinə və gözəl infrastruktura malik Gürcüstanla sıx əməkdaşlıqda maraqlı olduğunu vurğuladı.

   Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Vera Kobalia turizm sahəsində Azərbaycan-Gürcüstan əməkdaşlığının səmərəli və qarşılıqlı faydalı olacağına əminliyini bildirdi. Bakını heyrətamiz dərəcədə gözəl və sürətlə inkişaf etməkdə olan şəhər adlandıran qonaq qeyd etdi ki, bu şəhəri turizm sahəsində gələcəkdə böyük uğurlar gözləyir.

   Gürcü nazir iki ölkənin turizm sahəsində çalışan mütəxəssislərinin əməkdaşlığının uğurlu nəticələr verə biləcəyini dedi: “Qonşu ölkələr arasında turizm əlaqələrinin qurulması bu sahədə inkişafa şərait yaradan vacib amillərdəndir. Turizmə kapital qoyuluşu, beynəlxalq şəbəkələrin yaradılması, həmçinin Azərbaycan-Gürcüstan arasında turizm sahəsində mütəmadi olaraq tədbirlərin, sərgi, forum və ya seminarların keçirilməsi turizmin inkişafına təkan verə bilər”.

   Görüşdə Azərbaycanda “Turizm məqsədli coğrafi informasiya və naviqasiya sistemi” layihəsi çərçivəsində hazırlanan GoMap.az onlayn turizm naviqasiya portalı haqqında da danışıldı. Bu sisteminin gələcəkdə iki ölkə üçün işlənib hazırlanmasının önəmi vurğulandı.

  

 

   Reyhan

 

   Mədəniyyət.- 2011.- 27 aprel.- S. 3.