Bir
gün eşidərsiz, Alı da köçdü...
Haqq aşığı
Haqqı və ədaləti təbliğ
edən ürfan sahibi, sufi şair Aşıq Alının
yaradıcılığı ilə aşıq şeirinin
yeni ömrü, yeni dövrü başlandı.
1801-ci ildə Göyçə mahalının Qızılvəng kəndində yoxsul bir ailədə dünyaya gələn Aşıq Alı XIX əsr Göyçə aşıq mühitinin ən ünlü sənətkarlarından biri oldu.
Camalın şövqündən dilim oldu təng,
Çayda balıq olar, dəryada nəhəng,
Mahalım Göyçədi, kəndim
Qızılvəng,
Aşıq Alı birdir, birə-bir
gərək.
Oğlunun dərrakəli və həssas
bir uşaq olduğunu erkən yaşlarından hiss edən
Aşıq Alının atası Mirzə kişi onu oxutmaq qərarına
gəlir. Alı mollaxanada təhsil alsa da, içində
olduğu aşıq mühiti onu daha çox çəkir.
Alının gözəl və məlahətli
səsindən xəbər tutan atası oğlunu
Göyçənin Kərkibaş kəndində yaşayan
Ağ Aşığa şəyirdliyə verir.
İlk günlərdən şəyirdinin
fitri istedada malik olduğunu duyan Ağ Aşıq az müddətdə
bütün saz havalarını Alıya öyrədir.
Deyilənlərə görə,
Aşıq Alı boyu iki metrdən uca, enlikürək,
sarışın, qumral gözlü bir adam olmuşdur. Məlahətli
səsi, olduqca şirin ləfzi, dastan söyləmək
qabiliyyəti onu insanlara sevdirmiş, dövrünün nadir
şəxsiyyətlərindən biri kimi ad-san
qazandırmışdır. Aşıq Alının səsi-sorağı
tezliklə Göyçənin hüdudlarını aşır.
Onun həyatı və aşıqlıq fəaliyyəti ilə
bağlı məlumat verən qaynaqlardan biri “Aşıq
Alının Türkiyə səfəri” dastanıdır.
Alının dastandakı aşıq obrazı haqq
aşığıdır. Klassik məhəbbət dastanı
tipi ilə “aşıq rəvayəti” arasında orta
mövqedə dayanan bu dastan aşıq haqqında
yaddaşlarda saxlanılan bilgilərlə zəngindir.
Dastanda Aşıq Alının
Göyçə mahalının Çamırlı kəndində
Niftalı adlı varlı bir kişinin Bəsti adlı
qızını sevdiyindən bəhs edilir.
Başlığı verə bilməyən Alı
Naxçıvana, Türkiyəyə səfər edib bu diyarlarda
aşıqlıq edir. Sevgilisinə iki ilə gələcəyini
desə də, həmin müddətdə Aşıq Alı vətənə
dönə bilmir. Qürbətdə həmyerlilərindən
birinə rast gələn aşıq “Deyinən” rədifli
qoşmasını yazıb göndərir:
Qasid, gedər olsan bizim ellərə,
Bu naməni o canana deyinən.
Qohum-qardaş, dost-müsahib
olanlar,
Göz dikməsin başqa yana deyinən.
Qızın ata-anası onu zorla
başqasına ərə vermək istəsələr də,
Aşıq Alı doğma vətəninə sevgilisinin toyunun
başlandığı gün gəlib çatır və
dastan xoşbəxt sonluqla bitir.
“Aşıq Alı və Əsmər
xanım” dastanı isə “Aşıq Alının Türkiyə
səfəri” dastanının variantıdır.
Aşıq Alı gözəl
şair olmaqla yanaşı, həm də saz havalarının
misilsiz yaradıcısı kimi tarixə düşüb.
“Göyçə şərili”, “Göyçəgülü”,
“Ağır şərili”, “Göyçə qaytağı”,
“Qəhrəmani”, “El bayatısı” (“Köç bayatı”),
“Gilənar” saz havalarının Aşıq Alı tərəfindən
yaradıldığı heç kimə sirr deyil.
Onun əzəmətli və
möhtəşəm poetik dühası insan gözəlliyini,
harmoniya və ahəngdarlığı mükəmməl sənət
nümunəsi kimi təqdim etməyə imkan yaradır.
Süsənli, sünbüllü,
tər bənövşəli,
Yaylaq, bizim yaylaqlara bənzərsən.
İçən ölməz sənin
kövsər suyundan,
Bulaq, bizim bulaqlara bənzərsən.
Aşıq Alı
yaradıcılığında səmimi insan hisslərini
yüksək sənətkarlıqla qələmə alır:
İstəkli sevgilim, gəldik
üz-üzə,
Əlimi əlinə al gülə-gülə.
Çox gəzdim dünyanı,
seçə bilmədim
Sənin tək gözəldən,
al gülə-gülə.
Aşıq Alının öz dəst-xətti
ilə yazdığı üç kitab əlyazması
şeirləri və ustadı Ağ Aşıqdan
yazdığı bir kitab əlyazması 1938-ci ilədək Kəlbəcərdə
“Dilsuz və Xəzangül” dastanının müəllifi
Aşıq Nəbinin şəxsi arxivində saxlansa da, təəssüf
ki, bu nadir nüsxə həmin il anlaşılmazlıq
üzündən yandırılmışdır.
Aşıq Alının 20-dən
çox şəyirdi olduğu da məlumdur. Aşıq Ələsgər,
Aşıq Mehdi, Aşıq Məhəmməd, Aşıq
Hümmət kimi qüdrətli sənətkarlar ustadın əlindən
su içmiş, özləri də ustadlıq səviyyəsinə
yüksəlib, ustadlarının üzünü ağ
etmişlər.
Bu gün bir hikmət
görmüşəm
Aləmə iman verir,
Yediyi təkrar yeyilir,
Hamısını tamam verir.
Özü aləmi doyurur,
Nalə çəkir, acam mən,
Onun nə ki yeməyi var,
Cəmini insan verir.
Aşıq Alı böyük təcnis
ustası olduğundan el arasında onu “Təcnis Alı”,
“Loğman Alı”, “Dədə Alı”, “Şıx Alı” da
deyə çağırarmışlar. Aşığın ədəbi
irsi bütövlükdə bizə gəlib çatmasa da, əldə
olan qoşma, təcnis, təsnif, bayatı, gəraylı,
ustadnamə, deyişmələrin hər biri əsil sənət
nümunəsidir:
Havalanma, dəli könül,
Zorunan işin nədi?
Mənsur təki Hələbdə
Darınan işin nədi?
Tut orucun, qıl namazın,
Şükür et Allahına,
Yoxsulsan, alçaqdan yeri,
Varnan işin nədi?
Deyilənlərə görə,
Aşıq Alı ömrünün axırlarında dünya
işığına həsrət qalmış, öz
işıqlı söz dünyasından dünyaya
boylanmışdır.
Çəkmə xəcaləti,
unutma arı,
Saxla bu sinədə ar, Aşıq
Alı.
Bir zaman aqildim, başda əyləşən
İndi də ayaqda kor Aşıq
Alı.
1911-ci ildə dünyasını dəyişən
sənətkardan gələcək nəsillərə
böyük bir irs miras qaldı. Aşıq Alı həm də
tarixə Ağ Aşığın şəyirdi,
Aşıq Ələsgərin ustadı kimi düşdü.
Bu üç sənətkar - Ağ Aşıq, Aşıq
Alı, Aşıq Ələsgər XIX əsr aşıq ədəbiyyatının
üç gedişli-gəlişli, əbədi yoluna
çevrildi.
Təranə
Vahid
Mədəniyyət.-
2011.- 29 aprel.- S. 15.