Böyük
romançı
1 may
Məmməd Səid Ordubadinin xatirə günüdür
Azərbaycan
ədəbiyyatının görkəmli simalarından olan Məmməd
Səid Ordubadinin (1872-1950) uzunömürlü, rəngarəng,
zəngin yaradıcılığı dərindən öyrənildikcə,
onun mübariz şəxsiyyəti, ictimai-siyasi fəaliyyəti
ilə bağlı yeni faktlar üzə çıxdıqca
bu nəhəng ədəbi sima haqqında təsəvvürlər
genişlənir, onun ədəbiyyat tariximizdə yeri və
rolu daha da aydınlaşır.
Bədii yaradıcılığa
şeirlə gələn və yüzlərlə poetik əsər
yazan M.S.Ordubadi bütün ömrü boyu bu sahədəki fəaliyyətini
davam etdirmiş, hətta irihəcmli “Maral” dramını
şeirlə yazmışdır. Böyük yazıcı
öz şeirlərinə sanki monumental roman və
epopeyalarının uvertürası kimi baxırdı. Lakin o,
hər şeydən öncə böyük romançı
idi. Sənətkarın “İki cocuğun Avropaya səyahəti”,
“Bədbəxt milyonçu, yaxud Rzaqulu firəngiməab”,
”Bagi-şah və ya Tehran faciəsi”, ”Teymurləng və
İldırım Bayazid”, “Dumanlı Təbriz”, “Qılınc
və qələm” və digər romanları bədii nəsrimizdə
bütöv mərhələ təşkil edir.
Ədib “Dumanlı Təbriz” əsəri
ilə Azərbaycanda tarixi roman janrının ilk, gözəl
nümunəsini yaratmışdır. Müəllif bu əsərində
XX əsrin ilk inqilablar dövrünün mənzərəsini
canlandırmışdır. Ümumiyyətlə, Şərq
həyatı haqqında ilk həqiqi və dolğun təəssürat,
bədii, əfsanəvi don geydirilmiş zəngin, hərtərəfli
məlumat bu əsərdə verilmişdir.
M.S.Ordubadi yazırdı: “Şair
tarix cəhətcə savadsız, şair öz
xalqının keçmişini bilməkdən aciz və xəbərsiz
olursa, o, hansı talant və hansı bir düha ilə tarixi əsərlər
və tarixi dastanlar yaza bilər?!”
M.S.Ordubadinin dramaturgiyası da istər
kəmiyyət, istərsə də keyfiyyət etibarı ilə
yazıçının bədii
yaradıcılığında mühüm yer tutur. Onun
dramaturgiyası tematika və məzmun cəhətdən rəngarəng,
siyasi-ictimai məna və problemlər baxımından aktual səslənir.
Ədibin adı Azərbaycan dramaturgiyası və teatrın
salnaməsində özünəməxsus yer tutur, onun bu sahədəki
fəaliyyətinin tədqiqi aktual və faydalıdır.
Sənətkarın ömrünü həyatda yaşadığı illərlə, ölümünü isə həyatdan getdiyi tarixlə hesablamaq səhv olardı. Həqiqi sənətkarın ömrü onun doğum və ölüm tarixi arasında sığışıb qalmır, ayları, illəri, hətta əsrləri adlayıb keçir, nəsillərə xidmət edir. Həqiqi sənətkarın yaratdıqları zamanların sınağından müvəffəqiyyətlə çıxaraq daha geniş yayılır, daha aydın parlayır. M.S.Ordubadinin yazıçı kimi böyüklüyü ondadır ki, onun əsərləri hec vaxt köhnəlmir. “Dumanlı Təbriz”, “Qılınc və qələm” və digər romanları dönə-dönə oxunur.
Lalə Abaszadə,
M.S.Ordubadinin xatirə muzeyinin
direktoru
Mədəniyyət.-
2011.- 29 aprel.- S. 15.