Sankt-Peterburqun «Çinar»ı

 

   Rusiyanın şimal paytaxtında azərbaycanlıların «Çinar» adlı çox məşhur bir xalq rəqs kollektivi var. Bu ilin martında 14 yaşı tamam olan kollektiv təkcə Sankt-Peterburqda yox, Rusiyanın şimal bölgəsində, Moskva və bir çox şəhərlərdə də tanınır. Kollektiv Rusiyada və beynəlxalq səviyyəli müsabiqələrdə uğurla iştirak edir. Repertuarında əsasən Azərbaycan milli rəqsləri yer alan kollektiv hər rəqsi yüksək peşəkarlıqla tamaşaçılara çatdırmağı bacarır. «Çinar»ın hər çıxışı böyük bayrama, tamaşaya çevrilir.

     

   Kollektivin bədii rəhbəri şərqşünas alim Xeyrənisə Abbasmirzə qızı Mirzəyevadır. Xeyrənisə xanım bu kollektivi 1998-ci ildə Sankt-Peterburq şəhərində Azərbaycan konsulluğunun nəzdində yaradıb. Dediyinə görə, ilk vaxtlar azərbaycanlı uşaqları toplamaq və onlara milli rəqslərimizi öyrətmək heç də asan olmayıb. Onlara milli rəqslərimizi və başqa millətlərin rəqslərini öyrətmək üçün çox böyük zəhmət çəkib. Özü peşəkar baletmeyster olmasa da, gözəl rəqs edən Xeyrənisə xanım yetirmələrinin hər bir uğuruna sadəcə kollektivin rəhbəri kimi deyil, bir ana kimi çox sevinib. Rusiya kimi böyük bir məmləkətdə ömrünü xalqımızın incəsənətinin, mədəniyyətinin, elminin təbliğinə sərf edən belə fədakar xanım haqqında oxuculara bir qədər də geniş məlumat vermək istəyirik. Çünki hər birimiz belə fədakar soydaşlarımızı tanımalı, onlarla fəxr etməliyik.

   Xeyrənisə Abbasmirzə qızı Mirzəyeva 1957-ci ildə Bakıda doğulub. Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Universitetinin İran filologiyası fakültəsində şərqşünas-filoloq ixtisası üzrə təhsil alıb. İngilis, fars, tacik, türk və ərəb dillərini də öyrənib. 2000-ci ildən Sankt-Peterburq Dövlət Universitetinin filologiya fakültəsində dərs deyir. Xeyrənisə müəllimə millətini, xalqını dərin məhəbbətlə sevən, onun birliyi uğrunda yorulmaz mübariz, həm də çox yaxşı ictimaiyyətçi və təşkilatçıdır. Sankt-Peterburqda, Rusiyanın şimal regionunda azərbaycanlı diaspor təşkilatlarının möhkəmlənməsində həm alim, incəsənət xadimi, həm də bacarıqlı təşkilatçı kimi böyük işlər görür. 1998-2001-ci illərdə Azərbaycanın Sankt-Peterburqdakı konsulluğunda konsulun incəsənət və informasiya üzrə köməkçisi vəzifəsində çalışanda bir neçə layihənin təşkilatçısı olub. Bu illərdə «Milli məsələ və qaçqınların problemi», «Keçmiş sovetlər birliyində milli münasibətlər və insan hüquqları», «XXI əsr - Dostluq əsri, milli məsələlər üzrə münasibətlər və müasir sosial-siyasi problemli məsələlər» mövzusunda üç beynəlxalq elmi-praktiki konfrans keçirib.

   Bu gün Sankt-Peterburqda incəsənətlə, linqivistika və xarici dillərlə bağlı keçirilən hər bir tədbirdə Xeyrənisə Abbasmirzə qızı Mirzəyeva həm təşkilatçı, həm də iştirakçı olur. Millətimizi yüksək səviyyədə Rusiyada təmsil edən belə ziyalı-alim, incəsənət xadimi olan azərbaycanlı qızı ilə hər bir soydaşımız fəxr edə bilər. O, elmə, incəsənətə, musiqiyə, rəqsə, mütaliəyə bağlı olmağı ilə birlikdə, yaxşı üzgüçü və xizəksürmə yarışlarında da iştirak edir. İdmanın bu növləri ilə də mütəmadi məşğul olur. Xeyrənisə Mirzəyeva 1999-cu ildə Sankt-Peterburqda «Azərbaycan incəsənəti» adlı xeyriyyə fondu yaradıb. Fond Azərbaycan incəsənətinin, mədəniyyətinin Rusiyada inkişafı üçün də böyük işlər görür.

   “Ən böyük arzunuz nədir” sualı ilə Xeyrənisə xanıma müraciət edəndə, o, belə deyir:

   - İnsan heç vaxt şəxsi arzularını milli arzulardan önə çəkməməlidir. Mən də həmişə bu amala xidmət etmişəm. Ona görə ən böyük arzum, Azərbaycanın dilbər guşəsi olan Qarabağın azad edilməsi və soydaşlarımızın öz doğma, dədə-baba yurdlarına qayıtmasıdır. Sankt-Peterburqda azərbaycanlılar çoxdur. Onlar da qələbəni çox böyük səbirsizliklə gözləyirlər.

   Arzularımdan biri də budur ki, «Çinar» xalq rəqs kollektivinin Azərbaycanda böyük konsert proqramı təşkil olunsun. Əgər bu arzum reallaşsa, Azərbaycandakı soydaşlarımız bizim kollektivin maraqlı konsert proqramı və peşəkarlığı ilə tanış ola bilərlər. Biz istəyirik ki, çıxışımız Azərbaycan və Rusiya arasında incəsənət sahəsində yeni bir dostluq körpüsü olsun. Elə bir dostluq körpüsü ki, o sərhəd tanımasın. İnsanlar arasında yalnız sevinc və dostluğu tərənnüm etsin.

  

 

   Ağalar İdrisoğlu,

 

   Nəriman Tomaroğlu

 

   Mədəniyyət.- 2011.- 29 aprel.- S. 12.