Bir ömrün izi ilə

 

   Səhər açılır. Hər səhərin açılışında bir fərq var. Gözümüzü açdıq, səhər açılır və gün çıxır. Başqa bir gün yağış yağır. Bir başqa gün baxırıq ki, səhər açılmağına baxmayaraq göz-gözü görmür, havadan çən-duman çəkilib getmir. Bir səhər də yuxudan ayılırsan ki, əsən külək ağacların budaqlarını şaqqıldadıb pəncərəni döyəcləyərək səni yuxudan oyadır. Ancaq bu səhərlərin hər biri bizə sevinc gətirir. Çünki necə görünməsindən asılı olmayaraq səhər açılır - yeni gün başlayır.

     

   Səhərin açılmağından təsadüfən söhbət salmadım. Dünyaya göz açan, yeni doğulan insanı həmişə açılan yeni səhərə bənzədirəm. Övlad ailəyə sevinc gətirir. Çox vaxt bir ailəyə sevinc bəxş edən körpə illər keçdikcə ətrafındakılara, daha sonra xalqına sevinc gətirir, xeyirxahlıq mücəssəməsi kimi tanınır və onu sevənlərin sayını öz əməlləri ilə artırır. Bir az uzaqlara - ötən əsrin ortalarına qayıdaraq bir ömrə ayna tutmaq istəyirəm.

   Güllü-çiçəkli bir yaz səhəri Qasımovlar ailəsində toppuş bir qız uşağı dünyaya göz açdı. O vaxt ölkəmizin hər yerində hamı səliqəli geyimdə, əllərdə gül-çiçək sanki bu körpənin gəlişini bayram edirdi. Bu 1941-ci ilin 1 may günü idi. Qıza Fizurə adını verdilər. Tarixi bir gündə dünyaya göz açan körpə öz hərəkətləri və oyunları ilə başqa uşaqlardan fərqlənirdi. Baxmayaraq ki, onun uşaqlıq illəri ağır müharibə illərinə təsadüf etdi, o bu çətinlikləri də valideynlərinə əziyyət vermədən ötüşdürdü.

   Adətən qız uşaqları gəlinciklərlə oynamağı çox sevərlər. Ancaq haqqında söhbət açdığım bu körpə gəlincikləri ilə oynayanda belə, başqa uşaqlardan fərqli oyunlar seçirdi. O kitab-dəftərin qıt olduğu illərdə lazımsız kağızları, işlənmiş dəftərləri səliqə ilə üst-üstə yığır və şagirdlərlə danışırmış kimi gəlinciklərinə təlim-tərbiyə verərək deyirdi: “Kitabları səliqəli saxlamaq lazımdır. Kitablar bizə bilmədiklərimizi öyrədir. Bizə çoxlu nağıllar danışır...”.

   Təbii ki, qızcığazın belə düşünməsinə ailəsinin mütaliəyə sıx meyilli olmasının da böyük təsiri olub. Ancaq baxmayaraq ki, ailə üzvləri hamısı kitabsevər idi, balaca qızcığazın gəlincikləri ilə oyunu onlara da qəribə gəlirdi.

   Artıq ağır illər arxada qalmışdı. Müharibə qələbə ilə başa çatmışdı. Müharibə illərinin uşaqları böyüyüb orta məktəbin birinci sinfinə gedirdi. Onların arasında haqqında söhbət açdığım qarabuğdayı, şirin, hələ körpəlikdən kitablara həvəs göstərən qızımız da var idi. O, indi gəlincikləri ilə deyil, sinif yoldaşları ilə “Kimin daha çox kitabı var?” yarışmasına qoşulurdu. Hələ kiçik yaşlarından otaqlarının bir küncündə özünə guşə ayırıb kitab rəfi düzəltmişdi. Əlinə keçən bütün kitabları səliqə ilə öz kitab rəfində yerləşdirirdi. Beləliklə, illər ötür, balaca kitabxanaçının kitabxanası getdikcə zənginləşərək öz otağının hüdudlarından çıxır və demək olar ki, bütün otaqları öz şəxsi kitabxanasına çevirirdi. O, kitabların əksəriyyətini dəfələrlə oxuyur və hər dəfə əlinə götürdüyü əsəri ilk dəfə oxuyurmuş kimi həvəslə mütaliə edirdi.

   Nəhayət, orta məktəbin sonuncu sinfini də bitirdi. Hər bir şagird öz yolunu müəyyənləşdirmək üçün baş çatladır, hansı ixtisası seçəcəklərini götür-qoy edir, hətta bəziləri ixtisas seçməkdə çətinlik çəkirdilər. Bu məzunlar arasında kitablara vurğunluğu ilə tanınan bir qız da var. O, həyat yolunu hələ doğulan gündən seçdiyi üçün ixtisas seçmək haqqında düşünmür. Oturub rahatca qəbul imtahanlarına hazırlaşır. Onun seçdiyi ixtisas kitabxanaçılıqdır. Təbii ki, “niyyətin hara, mənzilin ora” deyiblər. Əgər bir məqsədə çatmaq üçün ürəkdən çalışsan, ona nail olarsan.

   1961-ci ildə ali məktəbə qəbul imtahanı verən abituriyentlər arasında Fizurə də vardı. Lakin o, kitablara bu qədər həvəsli olsa da, valideynlərinin arzusu başqa idi. Qızlarını həkim görmək istəyirdilər. Elə buna görə də Fizurənin sənədlərini Azərbaycan Tibb İnstitutuna verdilər. Gənc qız imtahanlara hazırlaşsa da, fikri öz sevdiyi ixtisasın yanında idi. Bütün fənləri sevə-sevə oxuyaraq tam mənimsəyən Fizurə valideynlərinin arzusunu yerinə yetirmək istəsə də, bacarmadı. O, imtahanlara həvəssiz gedir, öz sevdiyi ixtisası heç cürə ağ xalatla əvəz etmək istəmirdi. Bəlkə də bunun üçün uğursuz qiymət alan abituriyentlər göz yaşlarına boğulanda o, əksinə, aldığı uğursuz qiymətin ədalətsiz olmasına daxilən üsyan etsə də öz məqsədinə çatmaq üçün bunu bir şans kimi dəyərləndirdi. Doğrudan da bu belə idi.

   Belə ki elə həmin il Fizurənin bəxtindən Naxçıvanda böyük bir kitabxananın açılışı oldu. Bütün kitabsevərlər üçün bu böyük bir hadisə idi. Fizurə üçün isə kitabxananın açılışı sözün əsl mənasında bayram idi. Orta məktəbi yenicə bitirmiş Fizurənin bəxti gətirmişdi. Kitabxana işçiləri onu bir kitabsevər kimi yaxşı tanıyırdılar. Odur ki, onu yeni açılmış kitabxanada işləməyə dəvət etdilər. Kitab dünyasının içinə düşməkdən gözəl nə ola bilər ki? Elə həmin vaxtdan Fizurə xanım kitabxanada işə başladı. Gənc qız işləməklə yanaşı növbəti il qəbul imtahanı vermək üçün ciddi hazırlaşırdı. Onun çəkdiyi əziyyət əbəs olmadı. 1962-ci ildə imtahan verib universitetə qəbul olundu, tələbə adını qazandı. Universitetdə oxumaqla yanaşı öz işinin də öhdəsindən bacarıqla gəlirdi. Əvvəlcə kitabxanaçı, sonra şöbə müdiri vəzifəsində işlədi. Fizurə xanımı artıq rəhbərlik də şəriştəli kitabxana işçisi kimi tanıyırdı. Çox keçmədi ki, Fizurə xanım Naxçıvanda açılmış Mərkəzi Kitabxanaya direktor vəzifəsinə təyin edildi.

   Təcrübəli kitabxana işçisi Fizurə xanım həm də ləyaqətli həyat yoldaşı, qayğıkeş ana idi. O, ev işlərinin öhdəsindən də gəlirdi. Sonra həyat yoldaşının işi ilə əlaqədar yaşayış yerini dəyişmək məcburiyyətində qalaraq Bakıya köçür. 1984-cü ildə Fizurə xanım Bakıdakı F.Köçərli adına Respublika Uşaq Kitabxanasına direktor vəzifəsinə təyin edilir.

   Baxımsız kitabxana səriştəli kitabxana işçisinin heç də gözünü qorxutmadı. O ilk gündən böyük həvəslə işə başladı. Orta və musiqi məktəbləri ilə sıx əlaqə saxlayaraq az bir zamanda kitabxanaya xeyli oxucu cəlb etdi. Kiçikyaşlı oxucular üçün guşələr yaratdı. Nağıllar aləminə səyahət edən uşaqlara bu mənzərələr, nağıl qəhrəmanlarının geyimləri nəinki xoş təsir bağışlayır, hətta özlərini o qəhrəmanların yerində hiss edərək həm də həyəcanlanır, qürur hissi keçirir və özlərini nağıl qəhrəmanlarına bənzətmək istəyirlər. Bütün bunlar uşaqların vətənpərvər böyüməsinə səbəb olan amillərdir.

   Kitabxananı maraqlı və oxunaqlı kitablarla zənginləşdirmək üçün Fizurə xanım əlindən gələni əsirgəmir. Bunun üçün o, vaxtaşırı kitabxanada respublikanın tanınmış şəxsiyyətləri ilə görüşlər keçirir, Azərbaycan yazıçı və şairlərinin yeni nəşr olunmuş kitablarının təqdimatını təşkil edir. Direktor kimi işinə böyük məsuliyyətlə yanaşaraq gəncliyində olduğu kimi yeni nəşr olunmuş kitabları əvvəlcə özü mütaliə edir, sonra oxucuların ixtiyarına verir. Bu isə ona çox vaxt yuxusuz gecələrin bahasına başa gəlir.

   Fizurə xanımın iş xüsusiyyətinin başlıcası budur ki, kitabxana işçiləri yeni əsərlərin ilk oxucusu olmalıdır ki, oxuculara mütaliə üçün verdiyi kitablar haqqında məlumat verə bilsinlər. Fizurə xanım abonement şöbəsində çalışan işçilərə dönə-dönə tapşırır ki, oxucuları incitmədən istədikləri ədəbiyyatla təmin etsinlər. O, öz gənclik illərinə qayıdaraq həyatından xatirələr danışaraq bir kitabxana işçisinin onu necə incitdiyini xatırlayır və deyir: “Orta məktəbdə oxuduğum illər gecə-gündüz müxtəlif ədəbiyyatlar oxuyurdum. Qalın-qalın əsərləri iki və yaxud da uzağı üç günə mütaliə edib kitabxanaya təhvil verirdim ki, yenisini götürüm. Bu kitablar Azərbaycan ədəbiyyatı ilə yanaşı, həm də rus, ingilis, alman müəlliflərinin məşhur əsərləri idi. Kitabxana işçilərindən biri hər dəfə mən kitabı təhvil verməyə gedəndə əsəbi halda “nə tez oxudun, get sonra gələrsən...” deyərək məni həvəsdən salmağa çalışırdı. Sözsüz ki, mən heç də həvəsdən düşmürdüm, ancaq çalışırdım ki, o xanım işdə olmadığı vaxtlarda oxuduğum kitabları təhvil verib yenisini götürüm. İndi isə mənim rəhbərlik etdiyim kitabxanada istəmərəm ki, belə hallara yol verilsin”.

   Əlbəttə ki, Fizurə xanımın belə narahat olmağına heç bir səbəb yoxdur. Çünki F.Köçərli adın Respublika Uşaq Kitabxanasının kollektivi sanki bir mehriban ailədir. Hər bir kitabxana işçisi buraya gələn oxucuları və qonaqları mehribanlıqla qarşılayır, sevə-sevə onlara mədəni xidmət göstərirlər. Fizurə xanımın əməyi, çalışqanlığı diqqətdən kənar qalmayıb. Dövlət tərəfindən dəyərləndirilərək “Əməkdar mədəniyyət işçisi” adına layiq görülüb. Fizurə xanımın təşkilatçılığı ilə keçirilən kitab bayramları, müxtəlif görüşlər Azərbaycan yazıçı və şairlərinin təbliğ olunmasına böyük töhfədir.

   Fizurə xanım Quliyevanın kitabxana direktoru kimi gördüyü işlərə, səriştəli rəhbərliyinə Mədəniyyət və Turizm Nazirliyində də hörmətlə yanaşırlar. Ötən il F.Köçərli adına Respublika Uşaq Kitabxanası müasir standartlara cavab verən texniki avadanlıqlarla təmin edilərək yeni binaya köçdü. Təbii ki, Mədəniyyət və Turizm Nazirliyinin, hörmətli nazir Əbülfəs Qarayevin bu diqqət və qayğısı kitabxana işçilərini daha da həvəsləndirdi. Qısa bir zamanda kitabxana üçün əlavə uşaq kitabları alındı, kitabxananın fondu zənginləşdirildi.

   Fizurə Quliyeva bu gün də öz əmək fəaliyyətinə gənclik illərində olduğu kimi həvəslə davam edir. Azərbaycan yazıçı və şairlərindən elə biri tapılmaz ki, F.Köçərli adına Respublika Uşaq Kitabxanasını və şəxsən Fizurə xanımı tanımasın. Onun mehriban, gülərüz siması oxuculara və yazarlara çox tanışdır. İnternet, televiziya və müxtəlif informasiya vasitələrinin inkişaf etdiyi bir dövrdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının belə fəal işləməsinə sevinməyə bilmərik. Çünki texnika nə qədər inkişaf etsə belə kitab bilik mənbəyi, beynimizin inkişafı, dilimizin zənginləşməsi deməkdir.

   Bu günlərdə gözəl bir yaz səhəri üzümüzə açılanda Fizurə xanımın 70 yaşı tamam olacaq. Bu 1 may gününə təsadüf edir. Gəlin, humanist insan, gözəl xanım, qayğıkeş ana və zəhmətkeş mədəniyyət işçisi Fizurə xanım Quliyevanı ürəkdən yubileyi münasibəti ilə təbrik edək. Ona gördüyü xeyirxah və nəcib işlərdə uğurlar arzulayaq!

  

 

   Nüşabə Məmmədli,

   Azərbaycan Yazıçı Qadınlar

   Birliyinin sədri,

   Rəsul Rza mükafatı laureatı

 

   Mədəniyyət.- 2011.- 29 aprel.- S. 10