Bakı möhtəşəm turizm sərgisinə ev sahibliyi edir

 

   Əbülfəs Qarayev: “Azərbaycanda turizm sahəsi bu il yeni inkişaf mərhələsinə qədəm qoyacaq”

     

   Aprelin 28-də Bakı Sərgi Mərkəzində (“Baku Expo Centre”) 10-cu Azərbaycan beynəlxalq turizm və səyahətlər sərgisi («AITF-2011») və 2-ci Ümumrespublika daxili turizm sərgisinin açılış mərasimi keçirildi.

  

   Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər Azərbaycanda turizm sektorunun keçdiyi inkişaf yoluna qısa nəzər saldı. Qeyd olundu ki, 2001-ci ildən ümummilli lider Heydər Əliyevin sərəncamı ilə turizm sahəsinin idarəçiliyinin nazirlik səviyyəsində təşəkkül tapması (Gənclər, İdman və Turizm Nazirliyinin təşkili) ilə bu sahə mühüm inkişaf mərhələsinə qədəm qoyub: “Hələ o zaman bizim əsas hədəflərimizdən biri Azərbaycanda beynəlxalq turizm sərgisi təşkil etmək idi. Bizə bu işdə Böyük Britaniyanın «İTE Group PLC» şirkətinin Azərbaycandakı təmsilçisi «İteca Caspian» yaxından kömək etdi. Artıq 10 ildir ki, bu şirkətlə birgə əməkdaşlıq etməklə Bakıda beynəlxalq turizm sərgisi keçirilir. Ötən il dövlət başçısının sərəncamı ilə Azərbaycanda turizmin inkişafına təkan verən dövlət proqramı təsdiq olundu. Bu il isə “Turizm ili” elan edildi. Ölkəmizdə turizm sahəsi ildən-ilə inkişaf edir. Bunun nəticəsidir ki, Azərbaycana gələn turistlərin sayı da artır. Ötən il ölkəmizə 1 milyon 500 mindən çox insan gəlib. Hazırda ölkə ərazisində 500-ə yaxın hotel fəaliyyət göstərir. Son 5 ildə Azərbaycanda yerləşdirmə yerlərinin sayı 3 dəfə artaraq 30 minə çatıb. Bu il ölkəmizdə 6 beşulduzlu hotelin istifadəyə verilməsi nəzərdə tutulur. Azərbaycanda turizmlə bağlı ən böyük infrastruktur layihəsi isə Qusarda inşa edilən «Şahdağ» qış-yay turizm kompleksidir”.

   Nazir AİTF sərgisi ilə bərabər fəaliyyətə başlayan 2-ci Ümumrespublika daxili turizm sərgisinin əhəmiyyətini də vurğuladı: “Bu sərgi Azərbaycanın daxili potensialının tanıtdırılması baxımından çox gözəl bir imkandır. Ümidvaram ki, Azərbaycanda turizm iqtisadiyyatın prioritet bir sahəsi kimi bu il yeni inkişaf mərhələsinə qədəm qoyacaq».

   Böyük Britaniyanın «İTE Group PLC» şirkətinin icraçı direktoru Edvard Stroun bildirdi ki, təmsil etdiyi şirkət dünyanın 12 ölkəsində turizm sərgiləri təşkil edir: «Amma Azərbaycandakı sərgi bizim üçün xüsusi bir əhəmiyyət daşıyır. Şərqlə Qərbin kəsişməsində yerləşən bu gözəl ölkə həm də bir turist olaraq mənim sevdiyim məkanlardan biridir. Hər il Azərbaycana gələndə yeni-yeni istirahət məkanları ilə tanış oluram. Biz sərgilərin təşkilində daima Mədəniyyət və Turizm Nazirliyinin dəstəyini hiss etmişik. AİTF-lə bərabər daxili turizm sərgisinin təşkili isə bizim sərgini daha da rəngarəng edib. Ötən ildən təşkil edilən bu sərgi bizim iştirakçılarımızın sayına da müsbət təsir edib. Bu il artıq AİTF 24 ölkədən 230 şirkəti və 61 istiqaməti əhatə edir. Türkiyə, Misir, Gürcüstan, Çexiya, Yunanıstan və Hindistan sərgidə milli stendlərlə çıxış edirlər. Türkiyə isə həmişə olduğu kimi tərəfdaşımız olan ölkələrdən biridir».

   Tədbirin açılış lentləri kəsildikdən sonra Edvard Stroun nazir Əbülfəs Qarayevə əməkdaşlıq simvolu olaraq suvenir hədiyyə etdi.

   Sonra nazir və digər iştirakçılar sərgi ilə tanış oldular.

  

   Sərgidə Azərbaycanın 15 bölgəsi təmsil olunur

  

   Bu il yubileyini qeyd edən AİTF sərgisi, eləcə də ikinci dəfə keçirilən daxili turizm sərgisi yeni məkanda - Bakı Sərgi Mərkəzinin geniş pavilyonunda ziyarətçilərin ixtiyarına verilib. Mərkəzin girişində Şuşa Rayon Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri ansamblı öz ifası ilə qonaqları salamlayırdı. Biz də ilk olaraq “Qarabağ” stendinə yaxınlaşdıq.

   Burada Qarabağın tarixini, mədəniyyətini əks etdirən materiallar nümayiş olunur. Şuşa Dövlət Rəsm Qalereyasının direktoru Rövşən Bayramovun sözlərinə görə, bu sərgidə əsasən Qarabağa aid rəsm əsərləri, qədim musiqi alətləri, xalçaları təqdim olunur.

   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan 2-ci Ümumrespublika daxili turizm sərgisində Azərbaycanın 15 rayonundan 83 mehmanxana və mehmanxana tipli obyekt təmsil olunur. Bakı-Abşeron, Quba-Qusar, Xaçmaz, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Qax, Zaqatala, Gəncə, Qarabağ, Naxçıvan, Masallı, Lənkəran, Lerik bölgələrinin turizm potensialı haqqında məlumatların əks olunduğu stendlərə yaxınlaşan ziyarətçilər arasında yerli vətəndaşlarla bərabər, xarici qonaqlar da vardı.

   Sərgidə maraqla qarşılanan stendlərdən biri «Çinar Hotel & SPA Naftalan» idi. Müalicəvi əhəmiyyətinə görə insanların diqqətini cəlb edən Naftalan nefti haqqında məlumat almaq üçün ziyarətçilər növbəyə dayanmışdılar. «Çinar» sanatoriyasının baş həkimi Çingiz Hacıyevin sözlərinə görə, «Çinar» tam müasir, dünya standartlarına cavab verən avadanlıqlarla təchiz edilmiş, Naftalan məlhəmi ilə müalicə təklif edən mərkəzdir. Oynaq sistemi, dəri, uroloji və s. xəstəliklərin Naftalan nefti ilə müalicəsi mümkündür.

   Sərgidə İsmayıllı rayonunun stendinə də böyük maraq vardı. Rayonun turizm potensialını əks etdirən lövhədə sənətkarların əl işlərinə xüsusi yer verilmişdi. Qeyd edək ki, bu il İsmayıllı “Azərbaycanın sənətkarlıq paytaxtı” elan edilib. Hazırda rayonda 20-yə yaxın turizm obyekti fəaliyyət göstərir.

   Sərgidə «Yeni yaradılan infrastruktur» adlı bir stend də təqdim edilir. Bu stenddə yeni tikilən mehmanxanalar haqqında məlumatlar öz əksini tapıb. Qeyd edək ki, Azərbaycanın turizm potensialı 580 kvadrat metr sahədə nümayiş etdirilir.

  

   Əcnəbi qonaqlar sərgiyə böyük maraq göstərirlər

  

   Kompleksin birinci pavilyonunda yerləşən «AİTF-2010» Beynəlxalq turizm və səyahətlər sərgisində İtaliya, İsveçrə, Almaniya, Avstriya, Fransa, Rusiya, Ukrayna, Belarus, Çin, Kipr, Sloveniya, Latviya, Litva, Estoniya, Vyetnam, Kamboca, Sinqapurdan 230 şirkət öz məhsulunu 61 istiqamət üzrə təqdim edirdi. Eyni zamanda Türkiyə, Yunanıstan, Şimali Kipr, Misir, Hindistan, Çexiya və Gürcüstan milli stendləri ilə çıxış edirlər.

   Sərgidə Rusiya Federasiyasının bir sıra kurort şəhərləri və müalicəvi istirahət mərkəzləri də təmsil olunur. Mərkəzi ofisi Smolensk şəhərində yerləşən «EPL» şirkətinin baş direktoru Albina Vasilyevna Qluşonkova qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanın yeni bir turizm marşrutu kimi dünyada tanınması Rusiya turoperatorlarının və şirkətlərinin diqqətini buraya cəlb edir. Təmsil etdiyi şirkətin müalicəvi otlardan müxtəlif dərman və kosmetika vasitələri hazırladığını deyən həmsöhbətimiz sərgi vasitəsilə özlərinə çoxsaylı tərəfdaşlar toplayacaqlarına ümid etdiyini bildirdi.

   Sərgi iştirakçılarından olan Hindistanın “Lux Routes Holidays” şirkətinin meneceri Tarun Thakur bildirdi ki, Hindistan bir neçə dəfə AİTF sərgisində təmsil olunub. Amma “Lux Routes Holidays” şirkəti ilk dəfə iştirak edir. Menecerin sözlərinə görə, Hindistandan turistlər əsasən Azərbaycanın Quba, Zaqatala, Lənkəran bölgəsinə gəlirlər.

   Qeyd edək ki, hər iki sərgi aprelin 29-30-da işini davam etdirəcək.

  

 

  Fəxriyyə Abdullayeva

 

  Mədəniyyət.- 2011.- 29 aprel.- S. 9.